Müqəddəs
əməllərin böyüklüyü:
Hənifə xanım Abayeva
Müqəddəs ənənələrdən söz
düşəndə ilk öncə göz önünə
xeyriyyəçilik gəlir. Ötən əsrin əvvəllərində
bu müqəddəs işlə bağlı ölkəmizdə
onlarca xeyriyyə cəmiyyəti yaranır. Cəmiyyətlərin
maliyyə dəstəyi ilə Bakıda maarif-mədəniyyət
ocaqları təşəkkül tapır. “Qafqaz Müsəlman
Qadınları Xeyriyyə Cəmiyyəti”nin yaranmasında
böyük maarifçi, alim, milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin xanımı Hənifə
Məlikova-Abayevanın böyük xidmətləri olub.
O, 5 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olub. Tiflisdə “Müqəddəs Nina” qızlar gimnaziyasında təhsil alıb.
Məlumdur ki, Həsən
bəy Zərdabi gec ailə qurub.
Belə qeyd olunur ki,
o, təhsilli və müasir fikirli bir xanımla ailə qurmaq istəyib. Lakin o, uzun illər çalışdığı Qubada, Zərdabda, Bakıda belə bir xanımla qarşılaşmayıb... Araşdırmalardan aydın olur ki, o, Tiflisdə olarkən qəzetlərin
birində qızlar gimnaziyasının məzun
buraxılışı haqqında
yazı diqqətini çəkir. Daha dəqiqi,
məzunlardan birinin adı - Hənifə onu daha çox
maraqlandırır. Qızın türk-müsəlman
olacağını yəqin
edir. Oradan qalxıb gimnaziyaya
gedir. Məktəbin direktoru ilə
görüşür. Gəlişinin məqsədini və
məramını ona
bildirir. Direktor Hənifə
xanımı yanına
çağırır. Həsən bəylə tanış edir. Üçü bir yerdə
ətraflı söhbət
edirlər. Oradan birlikdə
məscidə gedirlər.
Həsən bəy molla
çağırır, kəbin
kəsdirir. Bax, mədəniyyət
tariximizdə özünəməxsus
yeri olan şanlı bir ailənin əsası belə qoyulur.
Həsən bəy və
Hənifə xanım
Bakıya dönürlər.
Hənifə xanım
elə ilk gündən
ictimai işlərə
can atır. Azərbaycan qadınlarının taleyində mühüm rol oynayır. “Nicat ” cəmiyyətinin, “Qafqaz Müsəlman Qadınları
Xeyriyyə Cəmiyyəti”nin
yaradıcılarından biri
olur. Bakıda ilk müsəlman qızlar məktəbinin yaradılmasının təşəbbüsçü
və təşkilatçısı
olur. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi
ilə məktəb açılır. 1901-1905-ci
illərdə Hənifə
xanım məktəbin
müdiri olur. Sonra, 1909-cu ildən 1919-cu ilədək
Bakı şəhər
dövlət birinci rus-tatar (rus-Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində
çalışır. Onun maarifçilik fəaliyyəti
qısa bir zamanda bütün Cənubi Qafqazda geniş tanınır.
Məlumdur ki, hər bir yenilik, təşəbbüskarlıq
çətinliklərlə müşayiət olunur.
Bu baxımdan Hənifə xanımın
həyatı da istisna təşkil etmir. O, xatirələrində
bu barədə yazır: "Həyatımın
məqsədi-bacardığım qədər avam kütlənin, xüsusən
də qadınların
hüquqları və
istismara qarşı mübarizədə türk
qadınlarının mədəni
səviyyəsini qaldırmaq
olub və gələcəkdə də
belə olacaqdır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən
qurtarması üçün
bütün perspektivlərin
açıldığı dövrə kimi yaşamışam".
Hənifə xanım Həsən
bəyin sadəcə
ömür-gün yoldaşı
olmayıb. Onu dərindən başa düşən, hər an yanında olan dostu və
ən yaxın həmdəmi olub. O,
1925-ci ildə Zərdabi
haqqında qələmə
aldığı xatirələrini
belə tamamlayır:
"Oxucu səriştəsiz
hazırlanmış bu
bioqrafiya ilə tanış olarkən, onun mahiyyətini anlayaraq razılaşar ki, bu vaxtadək
Azərbaycan türkləri
arasında belə bir xadim olmamışdır.
Öz xalqını belə fədakarlıqla sevən
başqası nə vaxtsa olacaqmı - kim bilir?"
Professor Abbas Zamanov tələbələrinə
danışardı ki,
milli maarif və mədəniyyətimizin
inkişafında iki xanımın xidmətləri
unudulmazdır. Onlardan biri
Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva, digəri Cəlil Məmmədquluzadənin ömür-gün
yoldaşı Həmidə
xanımdır. Biri
“Əkinçi”nin formalaşmasında, digəri
“Molla Nəsrəddin”
jurnalının davamlı
nəşrində əvəzsiz
xidmətlər göstərib.
Araşdırmalarda o da göstərilir
ki, Həsən bəyin ailəsi vaxtilə imkansızlıqlarına
baxmayaraq, son tikələrini
əsirgəmədən kimsəsiz
uşaqlara sahib çıxıblar.
Evlərində açdıqları “xalq məktəbi”ndə
(1880) təqib və təzyiqlərə baxmayaraq,
heç bir təmənna ummadan insanlara elm, savad öyrədiblər. Görkəmli bəstəkar Rauf Hacıyevin anası da həmin uşaqlardan
biri olub.
Hənifə xanımın iki
oğlu, iki qızı olub. Oğlanları barədə bu
günə qədər
heç bir məlumat yoxdur. Böyük qızı Pəri (Ə.Topçubaşovun xanımı)
mühacirətdə dünyasını
dəyişib. Digər
qızı Qərib Soltanın sonralar gizli qəbri üzə çıxıb...
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan
Xalq Maarif Komissarlığında məsul
vəzifədə çalışır.
Lakin dövrün acı məhrumiyyətləri bu
maarifpərvər qadını
mənən qırır.
O, 1929-cu ildə, ömrünün
73-cü payızında Bakıda
vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 27 iyul.- S. 14.