Seyid Şuşinski və Tiflis Azərbaycan teatrı
Ötən yazılarımızda XX əsrin əvvəllərində
Tiflis Azərbaycan teatrı ilə əlaqə saxlamış,
tamaşaların hazırlanmasında iştirak etmiş
görkəmli ziyalılar və sənət adamları -
Hüseyn Ərəblinski, Əbdürrəhim bəy Haqverdiyev,
Aleksandr Tuqanov, Əziz Şərif, habelə ilk sənət
addımlarını burada atmış Mustafa Mərdanov, Əli
Qurbanov, Panfiliya Tanailidi və Möhsün Sənaninin bu
teatrla yaradıcılıq əlaqələri barədə «Mədəniyyət»in
oxucularına məlumat vermişik.
1911-1919-cu illərdə burada
yaşamış məşhur xanəndə, Xalq artisti Seyid
Şuşinskinin Tiflis Azərbaycan teatrı ilə əlaqələri
teatr tariximizin maraqlı səhifələrini təşkil
edir. Həmin illərdə Tiflisdə qaynar ədəbi-mədəni
mühit formalaşmışdı. Buraya müxtəlif millətləri
təmsil edən ziyalılar, yazıçılar, teatr xadimləri,
xanəndələr və musiqiçilər
toplaşmışdı. Şəhərdə bir neçə
teatr binası və klub fəaliyyət göstərirdi. Bu mədəniyyət
ocaqlarında tamaşalar nümayiş etdirilir, konsertlər təşkil
olunurdu. Seyid Şuşinski də burada konsertlər verir,
tamaşalarda pərdələrarası fasilələr
zamanı oxuyurdu. Daha sonra o, Tiflisdə tamaşaya qoyulan
musiqili səhnə əsərlərində aktyor kimi
iştirak etmişdir.
Tiflis Azərbaycan teatrının
yaranmasında və təşkilatlanmasında mühüm
xidmətləri olan Xalq artisti Mustafa Mərdanov öz xatirələrində
yazır: «Seyid Şuşinski qabaqlar səhnəyə
çıxmazdı, ancaq tamaşadan əvvəl və fasilələrdə
pərdə qabağında oxuyardı. Tamaşaçılar
onu sevirdi. Seyid teatrdan ayrılmazdı, boş saatlarını
teatr məşğələlərinə həsr edirdi. Teatr
işçiləri Seyidin inkişaf etməsi
üçün ona kömək göstərirdilər. Beləliklə,
o, opera və operettalarda çıxış etməyə
başladı».
Seyid Şuşinski məhz həmin
illərdə Tiflis Azərbaycan teatrında Üzeyir Hacıbəylinin
«Leyli və Məcnun» operasında İbn Salam, «Arşın
mal alan» operettasında Əsgər, «O olmasın, bu olsun»
operettasında Sərvər rollarında səhnəyə
çıxmış və müasirlərinin
yazdığına görə, tamaşaçılar tərəfindən
razılıqla qarşılanmışdır.
1915-ci il noyabrın 15-də Tiflis
Azərbaycan teatrının truppası Gürcü Əyanları
Teatrının binasında öz uğurlu tamaşalarından
olan «O olmasın, bu olsun» operettasını göstərmişdir.
Tamaşanı görkəmli aktyor və rejissor Mirzəli
Abbasov hazırlamış və o özü Məşədi
İbad rolunda çıxış etmişdir. Digər
rollarda Məmmədtağı Ələsgərov (Rüstəm
bəy), Mirzəxan Quliyev (Hambal), İsmayıl Həqqi (Rza bəy)
və başqaları oynayırdılar. Seyid Şuşinski bu
tamaşada Sərvər rolunda səhnəyə
çıxmışdır. Cəlil Məmmədquluzadə
öz ailə üzvləri ilə, Hüseyn Cavid və digər
ziyalılar tamaşaçılar arasında olmuşlar. Həmin
tamaşaçılardan biri - Əziz Şərif sonralar xatirələrində
belə yazmışdır: «Seyidin bu tamaşadakı oyunu bu
gün də mənim gözümün
qabağındadır... Biz onu öz milli paltarında
(arxalıq və çuxa), əlində qaval görməyə
adət eləmişdik. İndi isə o, yüngülvari qrim
edilmiş və tamam başqa paltar geymişdi... O qədər
gözəl oxuyurdu ki, hər dəfə
tamaşaçıların gurultulu alqışları ilə
qarşılanırdı».
Seyid Şuşinski 1916-1919-cu illərdə
Tiflis Azərbaycan teatrının Batum, Mahaçqala və Dərbənd
şəhərlərində göstərdiyi opera və
operetta tamaşalarında da uğurla çıxış
etmişdir.
Onu da qeyd etmək lazımdır
ki, Seyid Şuşinski çıxışları
üçün heç vaxt pul almamış, əksinə,
teatr tamaşalarının hazırlanmasına və aktyorlara
maddi yardım göstərmişdir.
Məlum olduğu kimi, 1912-ci ilin
aprel ayında Tiflisdə azərbaycanlıların
yaşadığı «Şeytanbazar» məhəlləsində
teatr tamaşaları göstərmək üçün Azərbaycan
Xalq Evi-«Auditoriya» adlanan klub açılmışdır.
«Auditoriya»nın təntənəli
açılışında şəhər idarəsinin rəisi,
habelə görkəmli ziyalılar- Əbdürrəhim bəy
Haqverdiyev, Firudin bəy Köçərli, Mirzəli Abbasov və
başqaları çıxış etmişlər. Mərasimdə
Seyid Şuşinskinin rəhbərliyi ilə böyük
«Şərq konserti» olmuşdur.
Seyid Şuşinski böyük səhnə
xadimi Hüseyn Ərəblinski ilə də
yaradıcılıq əlaqəsi saxlamış, eyni zamanda,
bu iki sənətkar yaxın dost olmuşlar. Hüseyn Ərəblinskinin
Tiflisdə hazırladığı tamaşalarda fasilələr
vaxtı Seyid Şuşinski oxumuşdur. Eyni zamanda, Hüseyn Ərəblinski
Tiflisdə «Kazyonnı teatr»ın binasında (indiki
Z.Paliaşvili adına Opera Teatrı) Seyid Şuşinskinin
iştirakı ilə «Şərq konserti» təşkil
etmişdir. Həmin konsertdə məhz Hüseyn Ərəblinskinin
tövsiyəsi ilə Seyid Şuşinski səhnəyə
Avropasayağı geyimdə - kostyum, ağ köynək və
qara bantla çıxmışdır.
Görkəmli tədqiqatçı-musiqişünas
Firudin Şuşinskinin «Seyid Şuşinski» (Bakı, 1991)
kitabından: «O, (Seyid Şuşinski - A.B.)... İran konsulu Məcid-əs-Səltənənin
qızının fortepianoda müşayiətilə ayaq
üstə «Bayatı-İsfahan» muğamını
oxumuşdur. Seyiddən sonra səhnəyə çıxan
Hüseyn Ərəblinski Hamletin «Olum, ya ölüm» monoloqunu
söyləmişdir. Teatrın salonunda əyləşən
min beş yüzdən artıq dinləyici ayağa qalxıb
Seyid Şuşinskini və Hüseyn Ərəblinskini dəfələrlə
səhnəyə dəvət edərək onlara səmimi
alqışlarla öz minnətdarlıqlarını
bildirmişlər».
1916-cı ilin əvvəllərində
Bakıda Cəlil Məmmədquluzadənin «Ölülər»
pyesi tamaşaya hazırlanarkən Seyid Şuşinski və
mollanəsrəddinçi şair Əliqulu Qəmküsar
Tiflisdən buraya dəvət olunurlar. Tamaşada Əliqulu Qəmküsar
Şeyx Nəsrullah obrazını (Əliqulu Qəmküsar bu
obrazın ən yaxşı ifaçılarından biri
olmuşdur) yaradır, Seyid Şuşinski isə
tamaşanın fasilələrində oxuyur. Bu, Seyid
Şuşinskinin Bakı şəhərində ilk
çıxışı idi və ona böyük
şöhrət qazandırmışdır. Həmin
tamaşa və Seyid Şuşinskinin ifası barədə
yazıçı Seyid Hüseynin və aktyor Cəlil bəy
Bağdadbəyovun xatirələrində ürəkaçan
sətirlər var.
Həmin illərdə Tiflisdə
yaşayan azərbaycanlı ziyalılar, aktyorlar, musiqiçilər
bir yerə yığışar, müxtəlif məclislər
keçirərdilər. Belə məclislərdən birini
1914-cü il martın 11-də Tiflisdə yaşayan mühərrir
və aktyor İsmayıl Həqqi öz evində təşkil
etmişdir. Həmin məclis barədə professor Əziz
Şərifin gündəliyində və sonradan qələmə
aldığı xatirələrində maraqlı məqamlara
rast gəlirik. Məclisdə Hüseyn Cavid və Hüseyn Ərəblinski,
habelə Tiflisdə yaşayan ziyalı və aktyorlardan Mirzəli
Abbasov, Əliqulu Qəmküsar, Mirseyfəddin
Kirmanşahlı, Əşrəf Yüzbaşov, Nadir
İbrahimov, Məmmədtağı Ələsgərov və
başqaları iştirak etmişlər. Seyid Şuşinski də
burada olmuşdur. Əziz Şərifin həmin gün yazdığı
«Gündəlik»dən: «Burada otuz beş-qırx adam
toplaşmışdı. Qabaqca Nadir (Tiflis Azərbaycan
teatrının aktyoru Nadir İbrahimov - A.B.) tar çaldı,
qızlar oynadı. Sonra Seyid oxudu... Gecə saat on birə qədər
beləcə yedik, içdik. Seyidin «Şur» muğamına
heç söz ola bilməz. Onun oxumağı hamını
valeh eləmişdi... Gecə yarıya işləyəndə
biz böyük dəstə ilə evdən
çıxdıq. Seyid şikəstəni başladı, nə
başladı! Tarı da Nadir çalırdı. Bu musiqidən
adamın ruhu təzələnirdi».
Aradan 60 il keçdikdən sonra
öz xatirələrini qələmə alan Əziz Şərif
bu hadisəni həyəcanla yada salmışdır: «O gecə
çox şairanə gecəydi, çünki gənc Seyidin
səsi və məktəbli Nadirin xüsusi ilhamla dindirdiyi
tarı hamının qəlbini oxşayır, hamıya sonsuz
ləzzət verirdi. Biz gənc idik, biz doğma
xalqımıza, onun ədəbiyyat, incəsənət və
mədəniyyətinə xidmətdə öz canından
keçməyə hazır olan, öz ictimai vəzifə və
məqsədini düzgün anlayan gənclər idik, biz
xalqımızın gələcəyi idik».
Həmin gənclərdən biri də
milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz
xidmətləri olmuş Seyid Şuşinski idi...
Adilxan Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.-
2012.- 27 iyul.- S. 13.