Qeyri-adilik ondur - doqquzu Müslümlük
Maqomayev ağzını açanadək də bir fizio-polifonik lad, dad...
Sonuncu sözdən sonra “idi” də yazılmalı
idi, yazmadım. Deməyə dilim gəlsə də, əlim gəlmədi. Dedim, birdən möcüzələr toxucumuzun
ruhuna belə əyan ola
(və hansısa oxucumuzun eyninə elə gələ) bilər ki, bu əbədi var olmuşumuzdan olub-keçmiş kimi danışılır. Hansı
ki, sənədlərdə
yetmişini tamamlayan bu sənət “dəyirman”ı suyu soğulmuşdan çox,
hələ yeni doğulmuşa, dəni daha da dənəvərləşmişə
bənzəyir...
Bu sayaq
saya sözlərə
tam bənd olmamaq natamam bir eqoizm.
Böyük mütəfəkkirlərdən
birinin (N.Q.Belinski):
“...Musiqi, ifa, ifaçı haqda nə qədər maraqlı danışırsan-danış,
yazırsan-yaz, hədəfə
çata bilməyəcəksən.
Lakin sən o musiqini bircə kərə səsləndir,
o ifanı, ifaçını
bircə seans
dinlə!” qənaətini
vecə almamaq -
universal bir nihilizm!
Bəli, Müslüm hər
dəfə SƏSləndikcə,
Müslümü hər
dəfə SƏSləndirdikcə,
o yenidən doğulur.
Müslüm elə bir nəhəng sevgidir ki, onu birdəfəyə
sevib qurtarmaq, sinirib-sonlamaq, doyub çəkilmək olmur.
Amma o necə də tox idi, sadə
idi, saya idi! O, neçə illər necə sənətkarlıq kumiri
idisə, eləcə
də bənzərsiz
təvazökarlıq fenomeni
olaraq qaldı və... qalır. Onun sir-sifətində bir gilə də sirr olmadı - ömrü boyu. Bircə anlıq “mən!” olmadı; daim məni, səni, onu bəyanladı. Bizi, sizi, onları sayın-yayınladı. “Eeee-yyy(!)...”
deyə, ciyər yanğısıyla xitab etdiyi “ə-ziz a-nam - A-zər-bay-caan!” “yerliçiyini”
istisna etməklə, dünyanın bütün
ölkələrinə eyni
gözlə baxdı,
eyni səslə çaxdı. Ağzından püskürülən alov-ordu ilə bütün dünyanı
fəth edib, sənət fatehinə çevrildi. “Müstəmləkə”lərindən
birinin başçısını
(Vladimir Putini) isə belə bir “bac-xərac”a vadar etdi: “Bilmirəm, Maqomayev Azərbaycana daha yaxındır, yoxsa Rusiyaya?..”
Bundan beləni səslə yazmaq olaydı kaş...
Bu məqamda
yazımın başlığındakı
“idi” məsələsi
yadıma düşdü.
Könlüm isə belə bir cavab
ladına düşdü
ki, görəsən,
bütün bu dünyanın da vahid başçısı
olsaydı və ondan soruşulsaydı ki: “Bu saat Maqomayev
daha çox bu dünyada hiss olunur, yoxsa o dünyada” - nə deyərdi?
Mənim bu nisyə sevdaya düşməyiminsə
bir səbəbi də budur ki,
Müslüm haqda nəqd deyilmişlərin
hamısı çox
maraqlı olub, sözün müsbət mənasında - təmtəraqlı
səslənib. Nəinki sözün,
hətta hərfin.
Məsələn, 1972-ci ilin
yayında Moskvadakı
ictimai (sözsüz ki, həm də
siyasi) mahiyyətli bir tədbirə qoşulmaq istəyən dostlarımdan biri keçilməz milis-mühafizə
səddi ilə qarşılaşır, nə
qədər xahiş-minnət
(hətta, bir xaxol mayora “hörmət”)
etmək istəsə
də, buraxmırlar. Lakin bir azdan
həmin mayorun dabanlarını bir-birinə
çırpıb, “çest”
verib, “kardon”u yardıraraq bir nəfəri hörmət-izzətlə
içəri dəvət
etdiyini görən dostumuz, özünü bilməməzliyə qoyuban
“bəs onu niyə buraxdınız?!”
söylər-söyləməz, mayor əntiq bir məntiqlə səslənir:
“On je Muslim Mahomayev!..”
O zaman Maqomayevin - artıq məşhuri-cahan “Fiqaro
tam, Fiqaro tut!”un vur-tut 30 yaşı vardı...
Yox, bu tərz informasiya
- bu üslubi-tanıq
adama qanıq vermədiyindən, qəndsiz
çay kimi çıxdığından, belə
də demək istəyirəm: o vaxt bizim Müslümün biz
müslim-müsəlmanlarçün cəmi otuz yaşı vardı, Xristos-xristianlarçünsə, qafiyəpərdazlıq çıxmasın,
“tuz” yaşı...
Daha nələri var(dı)?..
Bu təkrarsız
Səs sahibinin şəninə layiq yeni bir bənzətmə
tapa bilmədiyimçün
hələ mürəkkəbi
qurumamış bu yarımbaşlığa belə
bir çeynənmiş
deyim yapıram: nəyi yox(du) ki?!.
Məsələyə “hər gözəlin
bir eybi” məsəlindən yanaşsaq,
daha yaxşı anlaşarıq. Bu yeganə “eyb” isə ibarət olsun bundan ki,
kökəncə “xançal
çıxdı - qan
çıxdı”standan, doğan-əkəncə
“Bir cənub şəhərində”n olan
bu oğlan ömrü boyu nə kiməsə bir sillə vurub, nə də kimdənsə bir “billə” yeyib. Müsahibələrinin
birində (“Sobesednik”,
¹24, 1997) də deyib: “Balacalıq vaxtlarımı
xatırlayır və
düşünürəm; o uşaqlıqdan mənə
nə qalıb - hansı ki, hərdən babamın skripkasının təzanəsini
başım üzərində
ən gözəl, ən kəsərli qılınc kimi yellədə-yellədə - Bakı
küçələrilə qaçardım. Mənim qaçaq-qoçaqlığım
belə şeylərdən
ibarət olub və nəinki o illərdə, heç sonralar da heç
vaxt, heç kimlə savaşmamışam.
Mən, ümumiyyətlə,
təsəvvür də
edə bilmirəm ki, canlı insanı necə vurmaq olar...”
Deyirəm, bəlkə bu
fiziki-mənəvi gözəlliklər
mücəssəməsinin bütün gənclik, ahıllıq, qocalıq-ucalıq
özəlliklərinin bir
damarı da elə bu “eyb”i
ilə bağlıdır?
Amma bir... işə baxın ki, o, səhnədə, ekranda, dükanda-bazarda tamam başqa ampluada - vurub-yıxan igid qamətində, cigit qiyafəsində görünürdü!
“Göydə quşlar qanad saxladı” deyiminin əsasən səslə,
avazla əlaqədar işləndiyini bilirik.
Həmin
quşların incə,
belə demək mümkünsə, lirik növlərə aid olduğu
da hamıya bəlli. Amma mənə elə
gəlir ki, Müslüm səs-sədalı
göylərdə qanad
saxlayasıların çoxusu
qartallar, şahinlər,
qızılquşlar olar.
Onun melodik vokal tonalları
öz yerində, baritonunun “tonnaj”ı adamın qulağının
çəkic-zindanında elə
əks-sədalanır, elə
“sıra dağlar, gen
dərələr”lənir, “ürək açan mənzərələr”ləşir ki, sənin xəyalının “hanki səmtə, hanki yana” uçmağından
xəbərin olmur.
Buna qədər bildiyin bilgiləri, estafet-trafaretləri, əzbərlədiyin
misraları “yeni redaksiyada” görürsən.
Baritonunda “Qol çırmayıb,
sən tarlaya çıxanda”nı “Gur-gurlayıb,
sən səhnəyə
çıxanda!” kimi nəzirələrə, melo-“bas”ında “Səs salma, yatanlar oyanar, qoy hələ
yatsın”ı “Susma ki, yarıoyaqlar da tamam ayılsın”
kimi iqtibaslara varırsan. Bəzən də adamı
elə məqama çatdırır ki, sənət şərtiliyi
ilə həyat həqiqətlərini qat-qarış
salırsan. Deyirsən, yəni
doğrudanmı bu sənətkarın bütün
canı-qanı ilə
yaratdığı, səsləndirib
dip-diri təqdim etdiyi bu sözlər
haçansa, kiminsə
cansız qələmilə
yazılıb? Yəni
doğrudanmı Şeyx
Nizami “Başqa bir yarı necə
axtarım, ey nazlı nigar?” misrasını bu qədər təlatümlü,
bu sayaq ildırımmisal yazıb?!
Və yaxud onu “Fiqaronun toyu”nda seyr edərkən
məndə yaranmış
bir kataklizm: fikir məni götürmüşdü ki,
opera (və rejissor) traktovkasına görə,
hərəsi öz ifa mizan-təmrinilə məşğul olan ətrafdakı aktyorlar onun bu an
dünyanı lərzəyə
gətirən ariyasına
necə laqeyd qala bilirlər, axı?!
Vaxtilə Müslüm Maqomayev
fenomeni, Müslüm Maqomayev sehr-sirrilə bağlı çox suallar mənimçün
bağlı olaraq qalırdı. Lakin onun haqqında yazıları oxuduqca, ona çox yaxınların xatirələrilə
tanış olduqca çox şeylər açılıb-aşkarlandı.
Amma onları növbəti yazıma - avqustun ortalarına saxlamaq qərarındayam. Bu yubileyərəfəsi
“portativ” yazımı
isə qəribə bir “subyektiv”lə bitirmək “qətnamə”sindəyəm:
yaxşı ki, Müslüm bəzi
“supermen estradnik”lər kimi,
od-yalo oğlanların
yaxasökdüsünə, qızğın qızların
tumantökdüsünə “işləyənlər”dən olmadı,
yoxsa o da mənim və (deyəsən) çoxlarımızın
göz zivəmizdən,
söz zirvəmizdən,
sevgi ərşimizdən
düşərdi. Onun
kimi təkrarsız ciddi sənətkar yalnız ciddi sevgilərə layiqdir...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 27 iyul.- S. 10.