Qəbələdə
musiqi bayramı davam edir
Xəbər verdiyimiz kimi, Heydər Əliyev
Fondunun təşəbbüsü və rəhbərliyi
ilə Qəbələ şəhərində IV Beynəlxalq
Musiqi Festivalı keçirilir.
2009-cu ildən ənənəvi olaraq təşkil
edilən festival nüfuzlu
sənətkarların, tanınmış musiqi
kollektivlərinin iştirak etdiyi, Azərbaycan və dünya
musiqisi incilərinin səsləndiyi sənət
bayramıdır. Mədəniyyət və Turizm
Nazirliyi festivala təşkilati
dəstək verir.
İyulun 24-də başlanan festivalın ilk konserti görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunub.
İyulun 25-də isə Qəbələ şəhərindəki “Qafqaz Resorte” hotelinin qarşısındakı parkda festivalın rəsmi açılış mərasimi olub.
Mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən gəlmiş bütün qonaqları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıblar.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu Azərbaycanın musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda mühüm layihələr həyata keçirir. Mədəniyyətimizin təbliğinə xidmət edən bu festival da musiqi ənənələrimizin dünyada tanıdılması üçün bir vasitədir.
Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə keçirilən musiqi bayramı artıq gözəl bir ənənəyə çevrilib. Festivalda dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir, klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar.
Bu il
festivalın proqramında yubileylərə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli
bu sırada görkəmli müğənni
Müslüm Maqomayevin
70, böyük bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun
90 və SSRİ Xalq artisti
Niyazinin 100 illiyinin qeyd edilməsi ilə yeni
bir ənənənin təməlinin qoyulduğunu deyib.
Festivalın bədii rəhbəri ümidvar
olduğunu bildirib ki, sənət bayramı musiqisevərlərə
unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək.
* * *
Sonra
Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin
və Azərbaycan Dövlət Xor
Kapellasının konsertləri olub. Konsertin birinci hissəsində
Ü.Hacıbəylinin “Koroğlu”
operasından “Çənlibel” xoru, G.Hendelin “Alliluya”, L.Bethovenin piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci hissədə
isə C.Rossininin “Sevilya
bərbəri” operasından uvertüra və
digər əsərlər səsləndirilib. Konsert proqramı Dövlət
Simfonik Orkestrinin bədii
rəhbəri, Xalq artisti
Rauf Abdullayevin, Azərbaycan
Dövlət Xor Kapellasının bədii
rəhbəri, Xalq artisti
Gülbacı İmanovanın və Əməkdar incəsənət
xadimi Azad Əliyevin dirijorluğu ilə gerçəkləşib.
Tanınmış pianoçu,
Xalq artisti Murad Adıgözəlzadə, Opera
və Balet Teatrının solistləri - Xalq artisti Əvəz Abdullayev, Əməkdar artist
Gülnaz İsmayılova, Səbinə Əsədova,
Fəridə Məmmədova, İtaliyanın Pezaro
Musiqi Akademiyasının tələbəsi
Azər Rzazadənin ifaları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
* * *
İyulun 26-da festival çərçivəsində dahi bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley konserti olub. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan süitası”, “Kürd ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın və Sevilin ariyaları, “Azərbaycan elləri”, fortepiano və skripka üçün konserti, “Şur” simfonik muğamı, “Azərbaycan kapriççiosu” səslənib.
Görkəmli xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimovun, tanınmış dirijorlar - əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Yalçın Adıgözəlovun, vokalçılar Gülnaz İsmayılovanın, Azər Rzazadənin, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun, dahi bəstəkarın Belçikada yaşayan nəvəsi, gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Nəzrin Əfəndiyevanın və Mustafa Mehmandarovun iştirakı ilə səsləndirilən əsərlər mindən çox tamaşaçı tərəfindən alqışlarla qarşılanıb.
İyulun 27-də festivalın musiqili axşamlarını Bakı Musiqi Akademiyası orkestrinin çıxışı davam etdirəcək. Ayın 28-də isə vokal musiqisi axşamı və muğam konserti təqdim olunacaq.
İyulun
29-da festival çərçivəsində
SSRİ Xalq artisti,
görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin 100 illik yubileyi münasibətilə
konsert proqramı təqdim olunacaq.
Konsertdə dünya şöhrətli London Kral
(Royal) Filarmonik Orkestri
çıxış edəcək. Proqramda
Üzeyir Hacıbəylinin
“Koroğlu” operasının
uvertürası, Niyazinin
“Rast” simfonik muğamı, “Vətən
haqqında mahnı”,
“Arzu”, “Qaytağı”
əsərləri səslənəcək.
Dirijorlar Yalçın
Adıgözəlov, Əyyub
Quliyev, Fuad İbrahimovun idarə edəcəyi konsertdə
tenor Azər Rzazadə,
soprano Gülnaz İsmayılova
çıxış edəcəklər.
Qeyd edək ki, dünyanın məşhur
orkestrlərindən olan
London Kral Filarmonik Orkestri yüksək səviyyəli çıxışları
və geniş repertuarı ilə beynəlxalq miqyasda tanınır. Orkestr
ilk dəfə iştirak
etdiyi Qəbələ
musiqi festivalı çərçivəsində, ümumilikdə, beş
konsert proqramı ilə çıxış
edəcək. Növbəti konsert iyulun 30-u nəzərdə tutulur.
Orkestrin iyulun 31-də keçiriləcək
konsertində Polşadan
Mixal Nesteroviç (dirijor), Rusiyadan Sergey Krilov (violin) çıxış
edəcəklər. Orkestrin çıxış
edəcəyi son iki konsert avqustun 3-ü və 4-də keçiriləcək.
Avqustun
3-də təşkil olunacaq
konsertin dirijorluğunu
isveçrəli Şarl
Dütua edəcək.
Konsertdə əsas müşayiətçi
fransız Liza de la Sal olacaq.
Mədəniyyət.-
2012.- 27 iyul.- S. 3.