Şəmkirdə
Mədəniyyət və Turizm Nazirliyinin kollegiya
iclası keçirilib
İyulun 26-da Şəmkirdə Mədəniyyət və
Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
İclas rayonun Mədəniyyət və Turizm Şöbəsinin
və onun tabeliyində olan müəssisələrin fəaliyyətinə
həsr edilib.
Tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyevin
Şəmkir şəhərindəki abidəsini ziyarət
ediblər. Sonra nazir Əbülfəs Qarayev rayondakı bir
neçə mədəniyyət ocağına, o cümlədən
Heydər Əliyev Mərkəzinə, Şəmkir Rayon Mədəniyyət
Evinə baş çəkib, XIX əsrdə almanlar tərəfindən
inşa edilmiş kilsədə aparılan təmir-bərpa
işləri ilə tanış olub.
Daha sonra Şəmkir Rayon İcra
Hakimiyyətinin binasında kollegiya iclası başlayıb.
İclasda rayon Mədəniyyət və Turizm Şöbəsinin
tabeliyində olan tarixi abidələrin
abadlaşdırılması, muzey işi, musiqi məktəblərinin
fəaliyyəti, turizm imkanlarının
araşdırılması və onların inkişafı və
s. mövzular müzakirə edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı Nazim Veysov tədbirin bölgədə
mədəniyyət və turizmin inkişafına müsbət
təsir göstərəcəyinə əmin olduğunu
deyib.
İclasda çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bildirib ki, nazirliyin bölgələrdə səyyar kollegiya
iclasları keçirmək təcrübəsi artıq ənənəyə
çevrilib. Nazir vurğulayıb ki, belə bir iş
üslubu bölgələrdə gedən müsbət proseslərə
yeni stimul verir və işlərin ətraflı təhlilinə,
həmçinin yeni dövrün irəli sürdüyü tələblərlə
uyğunlaşdırılmasına zəmin yaradır: “Bu həm
də bölgələrdə həyata keçirilən
işlərin təhlil olunmasına imkan verir. Cənab
Prezidentin apardığı regional inkişaf siyasətinə
mədəniyyət və turizm sahəsində dəstək
vermək və bunun yeni tələblərə cavab verən
bir üslubla aparılması bizim üçün əhəmiyyətlidir.
Bilirsiniz ki, 2009-cu ildə biz Gəncədə Qərb bölgəsində
yerləşən rayonların mədəniyyət və
turizm sahəsində gördükləri işləri təhlil
etmişdik. O zaman müvafiq tapşırıqlar verildi və
müəyyən işlərin görülməsi nəzərdə
tutuldu. Bugünkü səyyar kollegiya iclasında həmin
göstərişlərin, həm də müasir
dövrün irəli sürdüyü tələblərin
yerinə yetirilməsi məsələsi müzakirə
olunacaq. Şəmkir rayonunda çoxlu tarixi abidələr
mövcuddur. Burada böyük miqyaslı yenidənqurma və
abadlıq işləri görülür”.
Nazir qeyd edib ki, Şəmkir
rayonunda turizmin inkişafı üçün geniş imkanlar
var və bu şəraitdən maksimum istifadə edilməsi ən
vacib məsələlərdəndir. Növbəti səyyar
kollegiya iclasının məhz Şəmkir rayonunda
keçirilməsində də əsas məqsəd bu
potensialı aşkara çıxarmaq, nöqsanların aradan
qaldırılması üçün tədbirlər görməkdir.
Sonra nazirliyin Regionlarla iş
sektorunun müdiri Pərviz İsgəndərlinin Şəmkir
Rayon Mədəniyyət və Turizm Şöbəsinin və
onun tabeliyində olan müəssisələrin fəaliyyəti
ilə bağlı məruzəsi dinlənilərək
müzakirə edilib.
Kollegiya iclasında rayonda mədəniyyət
və turizmin inkişafı istiqamətində qazanılan
nailiyyətlərlə yanaşı, bir sıra problemlərin
və nöqsanların da olduğu diqqətə
çatdırılıb. Bildirilib ki, hazırda rayondakı 33
klub müəssisəsinin, 35 kitabxana filialının və
Çənlibel xalq-tətbiqi sənəti muzeyinin əsaslı
təmirə ehtiyacı var. Tarix-diyarşünaslıq muzeyi
2006-cı ildən rayon mədəniyyət evinin zirzəmisində
yerləşir. Muzey eksponatları rütubətli hava rejimində
saxlanılır. Ekspozisiya kimi təqdim olunan iki zal muzey
işinin tələblərinə cavab vermir. Hər iki muzeyin
elmi-köməkçi fondu yoxdur. Rayon mərkəzləşdirilmiş
kitabxana sisteminin fəaliyyətində də nöqsan və
çatışmazlıqlar var.
İclasda Şəmkirdə turizm
sektorunda görüləcək işlər də diqqətə
alınıb. Qeyd olunub ki, rayonun bu sahədə geniş
potensialı var və onun realizə olunması
üçün müvafiq turizm infrastrukturu
yaradılmalıdır.
Səyyar kollegiya iclasına yekun
vuran nazir Əbülfəs Qarayev ölkədə aparılan
genişmiqyaslı yenidənqurma işlərində mədəniyyət
və turizm sahələrində çalışanların
üzərinə düşən vəzifələrdən
danışıb, ölkəmizin mədəniyyət və
turizm sistemində köklü islahatların aparılması
üçün bölgələrdə, o cümlədən
Şəmkirdə işlərin
canlandırılmasının vacibliyini vurğulayıb.
Kollegiya iclasında Şəmkir
Rayon Mədəniyyət və Turizm Şöbəsinin və
onun tabeliyində olan müəssisələrin fəaliyyəti
ilə bağlı qərar qəbul edilib.
Qərb
bölgəsində turizmi inkişaf etdirmək
üçün geniş imkanlar var
“Azərbaycanda yeddi turizm istiqaməti
təsdiq olunub, onların sırasında Qərb bölgəsinin
özünəməxsus yeri var. Bölgənin mövcud şəraiti,
potensialı turizmi daha geniş şəkildə inkişaf
etdirməyə imkan verir”. Bu fikri mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Şəmkirdə jurnalistlərə
müsahibəsində bildirib. Nazir qeyd edib ki, son illər
bölgədə yeni, müasir mehmanxanalar tikilir. Mehmanxanalarda
təklif olunan xidmətlərin səviyyəsinin
artırılması, turizm sahəsi üçün kadr
hazırlığı diqqət mərkəzindədir və
bu məqsədlə yeni tədris ocaqlarının
yaradılması gündəmdədir.
Mədəniyyət.-
2012.- 27 iyul.- S. 2.