“Mirzə Ələkbər
Sabir Şərq və Qərb satira ənənələrinin
qovşağında”
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda
“Mirzə Ələkbər Sabir Şərq
və Qərb satira ənənələrinin
qovşağında” mövzusunda respublika elmi konfransı keçirilib. Böyük
ədibin 150 illik yubileyinə həsr olunan tədbir AMEA-nın Humanitar
və İctimai Elmlər Bölməsinin
və Ədəbiyyat İnstitutunun təşkilatçılığı
ilə gerçəkləşib.
Akademiyanın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdulla konfransı açaraq Mirzə Ələkbər Sabirin yaradıcılığı, satirası, Azərbaycan ədəbiyyatındakı rolu və tədbirin keçirilməsinin əhəmiyyəti haqqında danışıb. Qeyd olunub ki, Sabir satirik əsərləri, zəngin yaradıcılığı ilə bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi olmuş, görkəmli maarifpərvər, milli ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermişdir. Çıxışda vurğulanıb ki, Azərbaycan ədəbiyyatı müxtəlif estetikaların bir-biri ilə təmasından yaranıb və burada Sabirin yaradıcılığı öz milli üslubuna görə xüsusilə seçilib. Onun yaradıcılığının özünəməxsusluğu şeirlərinin sadə, millətin başa düşəcəyi üslubda yazılmasıdır. Bu gün Azərbaycan ədəbiyyatında Sabir yaradıcılığının milli ənənələri uğurla davam etdirilir.
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü Teymur Kərimlinin “Sabir və klassik irs” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan poeziyasının qürur qaynaqlarından olan Sabir XX əsrin ilk onilliyində qısa bir müddət ərzində yaradıcılığı ilə ədəbiyyat tariximizdə öz ədəbi yerini tutub. Təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq klassiklərinin bilicisi olan və ondan uğurla bəhrələnən şair yalnız bir kitabı - “Hophopnamə”si ilə klassiklərin sırasına daxil olub. Bu mənada şairin yaradıcılığına klassik poeziyamızda keyfiyyət dəyişikliyi yaradan bir mərhələ kimi baxmaq olar. Təkcə Şərq deyil, Qərb klassikasından da faydalanan və mütərəqqi ümumbəşəri dəyərlərə yiyələnən Sabir bütövlükdə dünya mədəniyyəti və ədəbiyyatının varisi kimi çıxış edib.
Tədbirdə AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin “Sabirin satira dili”, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun “Sabirşünaslığın inkişaf mərhələləri” mövzularında məruzələri dinlənilib.
Konfrans işini bölmə iclasında davam etdirib. İclasda “Sabir
və Şərq”, “Sabir və Şəhriyar”,
“Sabir və Gəncə şairləri”,
“M.Ə.Sabir və “Molla Nəsrəddin jurnalı” və s. mövzularda məruzələr
təqdim olunub.
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 11.