Məbədin
sirri, gizli kod və teatr...
O, rejissorluq sənətini sənət
kimi çox sevir...
O, “səhnə mənim
üçün bir obrazdır” - deyir...
O, tamaşanı nəyin naminə
hazırladığını tapana qədər əzab
çəkir...
O, arzusunda olduğu beş
əsərin hələ də sirrini, kodunu axtarır...
Bəhram Osmanov
1985-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini bitirib. 1987-ci ildə Dövlət Akademik Milli Dram
Teatrında quruluşçu rejissor kimi fəaliyyətə
başlayıb. T.Uilyamsın "Şüşə
heyvanxana", B.Vahabzadənin "Hara gedir bu dünya?",
Y.O’Nilin "Qarağaclar altında məhəbbət",
V.Babanlının "Ana intiqamı", Ə.Əmirlinin
"Ağqoyunlular və Qaraqoyunlular", "Varlı
qadın", "Mesenat", C.Cabbarlının "Ədirnə
fəthi", U.Şekspirin "Kral Lir", Sofoklun
"Şah Edip", N.Həsənzadənin "Pompeyin Qafqaza
yürüşü", H.İbsenin "Oyuncaq ev" və
daha neçə-neçə əsərini özünəməxsus
yozumu ilə səhnələşdirib.
İstedadlı rejissor həmçinin
Füzuli Dövlət Dram Teatrında "Diribaş
adamlar" (V.Şukşin), Gəncə Dövlət Dram
Teatrında "At ilinin birinci ayı" (R.Novruzov), Lənkəran
Dövlət Dram Teatrında "Yudif" (A.Tammsaars),
"Günahsız müqəssirlər" (A.Ostrovski),
Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza"
(Ə.Əmirli), Azərbaycan televiziyasında "6 saylı
palata" (A.Çexov), "Bəyaz gecələr" (F.Dostoyevski),
"Yurd yeri" (E.Mehrəliyev), "Qu quşunun məhəbbəti"
(Şahin) və s. tamaşalara maraqlı quruluş verib.
Həmsöhbətimiz
Əməkdar incəsənət xadimi, tanınmış
rejissor Bəhram Osmanovdur.
- Bəhram müəllim, söhbətimizə
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyindən
başlayaq. Yəqin ki, bir rejissor kimi ötən illər ərzində
Axundzadə yaradıcılığına müraciət
etmisiniz...
- Axundzadə
yaradıcılığına daha çox Mədəniyyət
və İncəsənət Universitetində aktyor sənətini
tədris edərkən müraciət etmişəm. Böyük dramaturqun 6 komediyasından müxtəlif
parçaları tələbələrlə
hazırlamışam. Peşəkar səhnədə isə
12 il bundan əvvəl Gənc Tamaşaçılar
Teatrında Axundzadənin "Sərgüzəşti-mərdi-xəsis"
komediyası əsasında “Hacı Qara” tamaşasını
hazırlamışam və hazırda teatrda bu tamaşanı
bərpa etmişik.
Məlum olduğu
kimi, Mədəniyyət və Turizm Nazirliyi Axundzadənin 200
illiyi münasibətilə teatr festivalı təşkil edib.
Ədibin yubileyinə bayram çələngi
kimi bütün teatrlar öz töhfəsini verəcək.
Gənc Tamaşaçılar Teatrında hazırladığım
“Hacı Qara” və Musiqili Komediya Teatrında "Hekayəti-Molla
İbrahimxəlil kimyagər" komediyası əsasında
hazırladığım “Kimyagər” tamaşası da festival
çərçivəsində nümayiş olunacaq.
- "Hekayəti-Molla
İbrahimxəlil kimyagər" uzun illərdir ki, səhnəyə
qoyulmurdu. Necə oldu ki, bu əsərə
müraciət etdiniz?
- Səhv eləmirəmsə, bu əsər
axırıncı dəfə ötən əsrin 50-ci illərinin
sonunda tamaşaya qoyulub. Sevindirici haldır ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə bu il
Axundzadənin bütün əsərləri tamaşaya
qoyuldu. Hər bir kollektiv, hər bir rejissor da həmin
əsərləri fərqli yozumlarda tamaşaçılara təqdim
etmək arzusundadır. O ki qaldı “Kimyagər”ə, bu,
o dövrdə xurafatın əleyhinə yazılmış
qiymətli bir əsərdir. Komediyada az
işləyib çox qazanmaq sevdasına düşən, nəfsinin
quluna çevrilən insanlardan bəhs olunur. Ancaq
əsərə bu günün gözü ilə baxanda
görürsən ki, İbrahimxəlil
fırıldaqçı olsa da, əslində bu əsərdə
hər kəs bir-birini aldatmaqla yaşayır.
Tamaşanın
libretto müəllifi Əjdər Ol, musiqi tərtibatçısı
Siyavuş Kərimidir. Tamaşanın
hazırlanmasında Əjdər müəllim mənə
çox kömək etdi. Siyavuş müəllimin
tamaşaya yazdığı musiqi isə hadisələri daha
qabarıq şəkildə göstərməyə imkan
yaradır. Hansı cəmiyyətdə
tamah öndə gedirsə, həmin cəmiyyətdə
qarmaqarışıqlıq hökm sürür. Qarmaqarışıqlıq hökm sürəndə
fırıldaqçılar həmişə ön planda - “qəhrəman”
olur. Tamaşada bu detalları göstərməyə
çalışmışıq.
“Komediyanı komediya kimi hazırlamağı sevmirəm”
- Komediya fərqli bir janrdır.
Yaradıcılığınızda bu janrın yeri...
- Komediyanı janr kimi sevirəm. Bu janr zalı tamaşaçılarla
doldurmağı bacarır. Antik ədəbiyyat faciə
ilə başlasa da, ondan 50 il sonra
komediyanın atası sayılan Aristofan çoxlu sayda komik əsər
yazdı. O dövrdə insanlar həyati problemlərini dəf
etmək üçün teatra gedirdilər, sonra da evə
gedib məişət problemlərini həll edirdilər. Mən komediyanı komediya kimi hazırlamağı
sevmirəm. Komediyada elə bir dramatik məqam axtarıb
tapıram ki, bu günlə səsləşsin və
sözünü desin. 50 il bundan əvvəl
“Hacı Qara”nı xəsislik mövzusunda yazılmış
bir əsər kimi dəyərləndirirdilər. Ancaq bu gün məlum olur ki, Axundzadənin bu pyesində
XXI əsrə gərək olan xeyli gizli məqam var. Mən bu
məqamlardan bəhrələnmişəm. Axundzadənin komediyaları iki əsrdir ki
sözünü deyib, yəqin yüz illər bundan sonra da
öz sözünü deyəcək.
- Bəhram müəllim, bir qədər
də ötən illərə nəzər salaq. Bildiyimizə görə, orta məktəbdə
oxuyarkən səhnədə rollar oynamısınız.
- Gəncə Dövlət Dram
Teatrında uşaq rolları oynamışam. Ona
aktyorluq deməzdim. Sadəcə, bir həvəs
idi. Yaşımdan böyük rollar
oynayırdım. Əmək kitabçamda ilk iş yerim
də bu teatrdır. Ancaq orta məktəbi bitirəndə
aktyor yox, rejissor olmaq qərarına gəldim. Mədəniyyət və İncəsənət
Universitetinin rejissorluq fakültəsini bitirdim. Diplom işi kimi T.Uilyamsın “Şüşə
heyvanxana” tamaşasını hazırladım. Bu tamaşada SSRİ Xalq artisti Hökümə
Qurbanova, tanınmış aktyorlar Fuad Poladov, Hamlet Xanızadə
iştirak edirdilər. İnstitutumuzun
rektoru mərhum Aslan Aslanov o vaxt təhsil naziri Qurban Əliyevi
də bu tamaşaya dəvət etmişdi. Tamaşa bəyənildi. Hərbi
xidmətdən qayıdandan 3-4 gün sonra məni Akademik Milli
Dram Teatrına çağırdılar. Həsənağa
Turabov teatra yenicə direktor təyin olunmuşdu. Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev
üç günün içində iş məsələmi
həll etdi. Mənim taleyimdə, sənətdə
qalmağımda bu şəxslərin mühüm rolu olub.
Uzun illər keçsə də, mən bu
gün ilk dəfə olaraq qəzetiniz vasitəsilə bu minnətdarlıq
hissini qeyd etmək istəyirəm.
- Və beləcə, xeyli sayda
tamaşaya uğurlu səhnə həyatı verdiniz...
- O gündən bu günə
işləyirəm. Elə mövsüm olub ki, altı
tamaşa hazırlamışam, elə mövsüm olub ki, beş tamaşa hazırlamışam, elə
mövsüm olub ki, bir tamaşa da hazırlamamışam. Amma onu deyə bilərəm ki, Azərbaycan
teatrının sevilməsi, çiçəklənməsi
üçün nə qədər gücüm var
çalışmışam və
çalışacağam. Hazırda Azərbaycan
teatrında olan aktyor nəsli 140 illik Azərbaycan teatrında
heç vaxt olmayıb. Bu gün hər bir
teatrda truppanın yarısı işləməyi bacaran sənət
adamlarıdır. Onları qorumaq, onlara
qayğı göstərmək lazımdır.
- Adətən premyeradan sonra
hansı hissləri keçirirsiniz?
- Tamaşa hazırlayıb təhvil
verəndən sonra artıq beynimdə başqa bir əsər
formalaşır. Yəqin bu bir vərdişdir.
Ancaq mən hələ arzuladığım
tamaşaları hazırlamamışam.
- Maraqlıdır, bunlar hansı əsərlərdir?
- Beş əsər var ki, onlardan
hər hansı birini hazırlamaq istərdim. Bilmirəm, bəlkə
heç ömür vəfa etmədi...
“Teatrlarımızın
kamil dramaturgiyaya ehtiyacı var”
- Sənətinizdə
dönüş nöqtəsi nə vaxt yarandı?
- 40-dan sonra işləmək bir qədər
çətin olsa da, ləzzətlidir. Bu
yaşda sənəti anlayırsan və
çalışırsan ki, zəif əsəri tamaşaya
hazırlamayasan.
- Klassika, yoxsa müasir əsərlər
sizin üçün daha maraqlıdır?
- Klassikanı sevirəm. Ancaq klassika daha çox aktyor yetişdirmək
üçün lazımdır. Teatr
müasir əsərsiz yaşaya bilməz. Hər dövrün öz dramaturqu olmalıdır
ki, tamaşaçı ona inanıb teatra gəlsin. Müasir əsər səhnəyə həm də
yeni nəslin ədəbi zövqünü gətirir.
- Bu gün səhnəmizdə
hansı əsərlərə ehtiyac var?
- Janrından asılı olmayaraq
teatrlarımızın kamil dramaturgiyaya ehtiyacı var. Bu
gün Azərbaycan dramaturgiyasında XXI əsrin tələblərinə
cavab verən Xalq yazıçısı Elçin, Əli Əmirli,
dramaturgiyada sınaqdan çıxan Əjdər Ol, Elçin
Hüseynbəyli, dramaturgiyaya gəlmək istəyən gənc
yazıçımız İlqar Fəhmi və neçə
belə istedadlı dramaturqlar var.
- “Teatr məbəddir”
fikrinə münasibətiniz: teatr doğrudanmı məbəddir?
- “Teatr məbəddir”
fikri orda işləyən insanlara aid deyil. Tarixin səhifələrinə daha çox kilsə,
məscid və teatr tikən memarlar düşüblər.
Teatr yeganə sənət növüdür ki,
tamaşaçılar könüllü olaraq məscidə,
kilsəyə, ibadətxanalara getdikləri kimi, evlərindən
çıxıb bu sənətə tamaşa etməyə gəlirlər.
- Teatra gəlib baxanların ruhu necə,
təmizlənirmi?
- Bəli. Əgər
səhnədəki ifaçılarla tamaşaçılar
arasında gözəgörünməz enerji mübadiləsi
yaranırsa, onlar təmizlənib gedir.
“Səhnə
mənim üçün bir obrazdır”
- Aktyorluq çətindir, yoxsa
rejissorluq?
- Mənim üçün aktyor sənətindən
böyük sənət yoxdur. Aktyor sənətinə
pərəstiş edirəm, ancaq teatrın düşünən
beyni rejissordur.
- Rejissor həm də diktatordur...
- Teatr sənəti, ümumiyyətlə,
qarşılıqlı diktaturanı istəyir. Aktyor sənəti ilə məşğul olan illər
keçdikcə o diktaturanı qəbul edirsə, mənim
fikrimcə, böyük aktyor olur.
- Nə vaxtsa bu sənətə gəldiyinizə
görə peşman olmusunuz?
- Xeyr. Bu sənətə
gələndə bilirdim ki, məni nələr gözləyir.
Amma mən bu sənəti sənət kimi
çox sevirəm. Hərdən mənə elə gəlir
ki, bütün teatrların giriş qapısına bu sözlər
yazılmalıdır: özünü sənətdə yox, sənəti
özündə sev.
- Tamaşa yeni başlayanda daha
çox həyəcan keçirirsiniz, yoxsa tamaşa başa
çatanda?
- Əsərin
lazım olan nöqtəsini - tamaşanı nəyin naminə
hazırladığımı tapana qədər əzab
çəkirəm. Bəzən bu, illərlə
uzanır. Və bəzən
ayılırsan ki, arzuladığın və hazırlamaq istədiyin
tamaşada baş rolda görmək istədiyin aktyor artıq
həyatda yoxdur. Peşəkar sənətimin 23 ili Akademik Milli Dram Teatrında keçib. Mən o teatra gənc ikən gəlmişdim. Mənimlə yaşıd olan aktyorlarla birgə
yaşlaşmışam. Bu müddət ərzində
mən düşünürdüm ki, filan aktyorun 70
yaşı olanda filan pyesdə oynayacaq. Bir gün
ayılıb görürəm ki, arzuladığım aktyor
artıq həyatda yoxdur...
- Səhnədə ən çox
sevdiyiniz obraz.
- Elə səhnə mənim
üçün bir obrazdır. Bayaqkı
sualınıza cavab olaraq hazırlamaq istədiyim
tamaşalardan birinin adını çəkmək istəyirəm.
Uzun illərdir ki, Şekspirin
“Üçüncü Riçard” pyesi üzərində
çalışıram. 32 yaşımda
Şekspirin “Kral Lir”ini tamaşaya qoymuşdum. İmkan olsa “Maqbet”, “Üçüncü
Riçard” əsərlərini də tamaşaya qoyaram. Mənə elə gəlir ki, bu əsərin
lazım olan kodunu, sirrini tapmışam.
- Uzun illər səhnədə
bir-birindən maraqlı tamaşalar hazırlayandan sonra deyə
bilərsinizmi, ilk dəfə hansı tamaşadan heyrətlənmişdiniz?
- 5-6-cı sinifdə oxuyanda Gəncə
Dövlət Dram Teatrında Polşa yazıçısı
Yan Saloviçin “Qəribə dilənçi” əsəri əsasında
hazırlanmış tamaşaya baxmışdım. Onda mən o sehri gördüm. Teatr, ümumiyyətlə,
sehrli aləmdir...
- Öz həyatınızdan
tamaşa hazırlasaydınız onu hansı janra aid edərsiniz?
- Deyə bilmərəm...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 10.