Kitabsevərlər Sabir bağında bir araya gəldilər
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə mayın 31-də
Sabir bağında görkəmli satirik şairin 150 illik yubileyinə həsr olunmuş kitab bayramı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə şairin
xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına
gül dəstələri
qoydular.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev bu il ölkəmizdə bir neçə görkəmli
ədibin yubileylərinin
geniş şəkildə
qeyd olunduğunu bildirdi: “2012-ci ili bu baxımdan “Ədəbiyyat ili” kimi də dəyərləndirə
bilərik. Bu il ölkə başçısının
müvafiq sərəncamları
ilə Mirzə Ələkbər Sabirin
150 illik yubileyi ilə yanaşı, Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200, Məmməd
Səid Ordubadinin 140, Hüseyn Cavidin 130, Əhməd Cavadın 120,
Mirvarid Dilbazinin 100 illik yubileyləri qeyd olunacaq. Bütün bu tədbirlər Azərbaycanın zəngin
ədəbi irsinin daha geniş şəkildə təbliği
məqsədi daşıyır”.
Vaqif Əliyev şairin
yubiley tədbirləri
çərçivəsində nazirliyin həyata keçirdiyi layihələrdən
də söz açdı. Bildirdi
ki, Azərbaycan Respublikası Prezidentinin 1
iyun 2010-cu il tarixli sərəncamına
əsasən, Sabirin
150 illik yubileyi Bakıda və müxtəlif bölgələrdə
geniş qeyd olunur: “Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə şairin əsərlərinin, həyat
və yaradıcılığı
ilə bağlı tədqiqatların yer aldığı yeni kitablar çapdan çıxıb. Əlbəttə ki, bütün bunlar Sabir yaradıcılığına,
Sabir irsinə dərin hörmətin əlamətidir”.
Nazir müavini vurğuladı ki, Sabir görkəmli
satirik şair kimi hər zaman
müasirdir: “Onun əsərlərini oxuyarkən
görürük ki, şair öz xalqını, vətənini
düşünən vətənpərvər
ziyalı olub. O, çalışırdı ki,
insanlar cəhalətdən
uzaq olsun.
Mən xüsusilə qeyd etmək istərdim ki, bu il ilk dəfə olaraq Mirzə Ələkbər Sabirin yubiley tədbirlərində
müxtəlif ölkələrdən
nümayəndələr iştirak
edirlər. Bütün bunlar göstərir
ki, Sabirin yaradıcılığı, ədəbi
irsi bu gün
də aktualdır, gələcəkdə də
aktual olacaq”.
Millət vəkili, yazıçı
Aqil Abbas çıxışında Sabirin
yaradıcılığından söz açdı, kitab bayramının əhəmiyyətindən danışdı:
“Bu gün həm Sabirin, həm də kitabsevərlərin
bayramıdır. Bizlərin bura
toplaşmağımız göstərir
ki, insanların bu gün də
kitaba sevgisi, diqqəti və hörməti var. Bu tədbirlər
isə oxucuları kitaba daha da
yaxınlaşdırır. Düşünürəm ki, belə kitab sərgilərinin keçirilməsi, kitab bayramlarının təşkili
təqdirəlayiq olmaqla
yanaşı çox
vacibdir”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının
müavini Fidumə Hüseynova may ayının
əlamətdar mədəniyyət
hadisələri ilə
yadda qaldığını,
mayın son günündə
paytaxtda kitab bayramının təşkilini
yüksək qiymətləndirdi:
“Biz daima qürur duya bilərik ki, bizim ədəbiyyatımız,
mədəniyyətimiz, tariximiz
çox zəngindir. Əlbəttə ki, bu zənginliyi öyrənmək,
təbliğ etməyin
yolu kitab oxumaqdan keçir”.
Sabirşünas
alim Tahir Şirvanlı, norveçli
ədəbiyyatşünas, pedaqoq Ragnhild Tori, Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli Azərbaycan ədəbiyyatından, şairin
zəngin irsindən söz açdılar, kitab bayramının əhəmiyyətini vurğuladılar.
Tədbirdə həmçinin Sabirin
müasiri olmuş Azərbaycan ədəbiyyatının
görkəmli xadimlərinin
şair haqqında fikirləri səsləndirildi.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əməkdaşları
“Ardıcıl mollanəsrəddinçi
- Mirzə Ələkbər
Sabir” sərgisini təqdim etdilər. Sərgidə Sabirin həyat
və yaradıcılığını
əks etdirən 50-dən
artıq sənəd nümayiş olunurdu.
Daha sonra musiqi məktəbləri kollektivlərinin
ifasında müxtəlif
nömrələr təqdim
edildi və Bakı şəhərində
fəaliyyət göstərən
mədəniyyət evlərinin
təqdimatında tamaşalar
göstərildi. Tədbirdə böyük satirikin şeirləri səsləndirildi,
ən yaxşı qiraətçilərə hədiyyələr
təqdim olundu.
Tədbirdə Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Əlikram Əliyev, paytaxtın mədəniyyət müəssisələrinin
təmsilçiləri iştirak
edirdi.
Bayram tədbirində Nizami
rayon MKS-nin oxucularının
çəkdiyi karikaturalar,
Əzim Əzimzadənin
Sabirin satiralarına çəkdiyi illüstrasiyaların
nümayişi maraqla qarşılandı.
Qeyd edək ki, kitab
bayramında “Qanun”, “Azərnəşr", "Yazıçı,"
"Nurlan", "Çaşıoğlu",
"Mütərcim", "Şirvannəşr", "Adiloğlu",
"Nurlar", "Qismət",
“Vektor”, “Altun Kitab”, “Letterpress”, “Apastrof”
və s. nəşriyyatlar,
"Eziz atlas" kartoqrafiya
fabriki və "Yeni nəşrlər"
yayım assosiasiyası
tərəfindən kitabların
satış-sərgisi təşkil
edildi.
Ceyhun
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 9.