Sabirin yurdunda şeir-sənət bayramı

 

   Böyük ədibin 150 illik yubileyi münasibətilə keçirilən “Poeziya günü”ndə müxtəlif ölkələrdən qonaqlar, mədəniyyət xadimləri, sənətsevərlər iştirak edirdi

  

   Mayın 30-da böyük satirik şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi münasibətilə ədibin doğma yurdunda - Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxı şəhərində yubiley tədbiri keçirildi.

  

  Sabirin yurdunda şeir-sənət bayramı

 

   Böyük ədibin 150 illik yubileyi münasibətilə keçirilən “Poeziya günü”ndə müxtəlif ölkələrdən qonaqlar, mədəniyyət xadimləri, sənətsevərlər iştirak edirdi

  

   Mayın 30-da böyük satirik şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi münasibətilə ədibin doğma yurdunda - Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxı şəhərində yubiley tədbiri keçirildi.

  

   Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyi, Yazıçılar Birliyi və Milli Elmlər Akademiyası ilə birgə təşkil etdiyi yubiley mərasimində Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən qonaqlar, o cümlədən Qırğızıstanın mədəniyyət nazirinin müavini Kozoqeldi Kuliyev, Litvanın mədəniyyət nazirinin müavini Staponkus Dividas, Türkiyənin tanınmış yazıçı və şairlərindən Yakub Öməroğlu, Ali Akbaş, İmdad Alşar, Azər Almas, Oğuz Şimşək, Osman Çeviksoy, habelə Qazaxıstandan, Ukraynadan ədiblər iştirak edirdilər. 

 

   Şairin məqbərəsi və ev-muzeyi ziyarət edildi

  

   Bakıdan Şamaxıya yola düşməzdən öncə tədbir iştirakçıları Mirzə Ələkbər Sabirin paytaxtdakı abidəsini ziyarət etdilər, abidənin önündə xatirə şəkli çəkdirdilər.

   Şamaxı şəhərinə gələn qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra Mirzə Ələkbər Sabirin “Yeddigünbəz” qəbiristanlığındakı məqbərəsi, habelə böyük şairin müəllimi, görkəmli ədib Seyid Əzim Şirvaninin “Şah Xəndan” qəbiristanlığındakı məqbərəsi ziyarət olundu.

   Qonaqlar şairin yaşadığı ev-muzeyinə də baş çəkdilər. 1962-ci ildə ədibin anadan olmasının 100 illiyi münasibətilə açılan ev-muzeyi Sabirin yaşadığı evin yerində tikilib.

   Yubiley münasibətilə ədibin ev-muzeyində kitab sərgisi də təşkil edilmişdi. Sərgini maraqla seyr edən qonaqlar şairin yaradıcılığını əhatə edən nəşrlərlə tanış oldular. Ev-muzeyində məktəblilər tərəfindən Sabir yaradıcılığından şeirlər söylənildi, səhnəciklər təqdim olundu.

  

   Sabir parkında təntənəli tədbir

  

   Sabirin adını daşıyan parkda, böyük satirik şairin əzəmətli abidəsi önündə təşkil olunan mərasim ziyalıların çıxışları və şeir, musiqi nömrələri ilə yadda qaldı. Tədbirin aparıcısı tanınmış şair, ənənəvi “Sabir poeziya günləri”nin məsul katibi Əjdər Ol idi.

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbir iştirakçılarını salamlayaraq söz, sənət bayramı münasibətilə hər kəsi təbrik etdi: “Ənənəvi olaraq hər il şairin yurdunda, Şamaxıda “Sabir poeziya günləri” keçirilir. Budəfəki tədbir daha geniş və əhatəlidir. Çünki bu il böyük şairin anadan olmasının 150 illiyi qeyd olunur. Hər bir ədəbiyyat adamı, şeir, sənət həvəskarı, Sabir poeziyasının vurğunu çalışır ki, ədibə həsr olunmuş mərasimlərdə iştirak etsin, Şamaxı torpağında olsun. Bu gün Şamaxı şəhərinə xarici ölkələrdən rəsmi nümayəndələr də gəliblər, Qazaxıstan, Ukrayna, Litva, Türkiyədən qonaqlar Sabir poeziyasının bayramına təşrif buyurublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Sabirin 150 illik yubileyi Şamaxıda, Bakıda və respublikanın digər regionlarında qeyd edilir. Bu da mütəfəkkirə olan dərin hörmət və ehtiramın göstəricisidir. O, Azərbaycan ədəbiyyatının zirvəsində dayanan şairlərdəndir. Öz yaradıcılığında xalqını sevən, onun inkişafına nail olmaq istəyən, haqsızlıqla barışmayan, şeirlərində daim bunu qeyd edən sənətkardır. O, “Molla Nəsrəddin” ədəbi məktəbində, bu dərginin fəaliyyətində yaxından iştirak etməklə, satirik şair kimi daha da məşhurlaşıb və yaradıcılığı Azərbaycan hüdudlarından uzaqlara səs salıb. Sabir dünənin, bu günün və gələcəyin şairi olaraq qalacaqdır. Çünki o, cəmiyyətlə bağlı olan fikirlərini çəkinmədən söyləyib. Gənclərin bilik, savad almasına çalışan, xalqın inkişafı uğrunda mübarizə aparan mütəfəkkir, maarifpərvər insan olub”.

   Vaqif Əliyev qeyd etdi ki, ədibin yubileyi ilə bağlı yeni nəşrlər layihəsi də həyata keçirilib. Sabirin əsərləri yenidən nəşr edilib, “Hophopnamə” kitabı yeni tərtibatda işıq üzü görüb.

   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dahi Xaqanidən başlamış Məhəmməd Hadiyə qədər Şamaxı torpağının böyük sənətkarlar yetişdirdiyini dedi: “Nə yaxşı ki, bu gün biz bu torpağın yetişdirdiyi ən böyük sənətkarlardan birinin - Sabirin yubileyini qeyd edirik. Sabir haqqında çox yazılıb, çox sözlər deyilib. Mən də ədib haqqında yazılar yazmışam. Sabir cəsarətli şair, xalqını sevən maarifçi idi”.

   Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Qasım Qasımov Sabir poeziya bayramına gələnləri salamladı: ”XX əsrin əvvəlində xalqın durumunu görmək üçün Sabir yaradıcılığına nəzər salmaq kifayətdir. O, ötən əsrdə Azərbaycanın birinci böyük şairi kimi ədəbiyyat tariximizə imza atıb. Ölməz “Hophopnamə”də cəmləşən həmin satiralar bu gün də dillər əzbəridir. Sabirin xatirəsinə hörmət əlaməti olaraq və ölkə prezidentinin sərəncamına müvafiq olaraq bu gün toplaşdığımız Sabirin adını daşıyan park əsaslı təmir edilib və yenidən qurulub. Həmçinin şairin adını daşıyan qəsəbədə onun yeni heykəli ucaldılıb və quruculuq işləri həyata keçirilib”.

   Yazıçılar Birliyinin üzvü, Xalq şairi, dramaturq Nəriman Həsənzadə Şamaxı torpağında, böyük ədibin 150 illik yubileyində iştirak etməkdən məmnunluğunu bildirdi: “Mən bu gün çox şadam ki, Allah ömür verdi, Sabirin bu yubileyində iştirak etdim. Bugünkü “Sabir poeziya günü” beynəlxalq poeziya bayramıdır. Sabir elə şairdir ki, onu şairlər də oxuyur, kütlə də oxuyur. Hər kəs də anlayır”.

   Qazaxıstanın məşhur satiriki Kopen Amirbəyov Sabirin yubileyinə dəvət olunduğuna görə minnətdarlığını bildirdi: “Qazax xalqının, Turan elinin salam və təbrikini Odlar yurdu Azərbaycana çatdırıram. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi ədiblər dünya ədəbiyyatına da miras qoymuşlar. Mirzə Ələkbər Sabir öz əsərlərində xalqın həyatını ayna kimi əks etdirib. Millətini sevən adam xalqın dilini də sərhədi kimi qorumalıdır. Sabir Azərbaycan dilinin qoruyucusu olub. O, xalqın maddi-mənəvi dəyərlərini qoruyub saxlayan ədibdir”.

   Qazaxıstanlı şair “Millət necə tarac olur olsun, nə işim var, Düşmənlərə möhtac olur olsun, nə işim var” - misralarını misal gətirərək Sabirin vaxtilə zənginlərə müraciət edərək xalqın güzəranını özünəməxsus və maraqlı tərzdə açıb göstərdiyini dedi. Bildirdi ki, Sabir məktəbinin yetirmələri onun vəfatından sonra da bu məktəbin ədəbi fəaliyyətini layiqincə davam etdirmişlər: “Biz türk xalqları olaraq bir-birimizin ədəbiyyatı ilə yaxından tanış olmalı və öyrənməliyik”. K. Amirbəyov çıxışından sonra M.Ə.Sabirin nəvəsi Gündüz Tahirliyə Qazaxıstanın milli geyimini hədiyyə etdi.

   Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov Şamaxını böyük mütəfəkkirlər diyarı adlandırdı: “Bura cəsarətli sənətkarlar diyarıdır. Nəsimidə, Seyid Əzimdə, Abbas Səhhətdə də bu cəsarət olub. Lakin ən böyük cəsarət Sabirdə olub desəm, daha düzgün olar. O, həmin cəsarətin damarıdır, ruhudur. Sabir yaradıcılığa lirik şair kimi başlayıb. Daha sonra satirik şair kimi məşhurlaşıb. Sabiri şərh edəndə həmişə Məhəmməd Füzulinin də adı çəkilir. Çünki Azərbaycan ədəbiyyatında Füzuli olmasaydı, Sabir olmazdı. Füzulinin lirik-fəlsəfi formada dediyini Sabir satirik-fəlsəfi formada deyib. Sevindirici haldır ki, ədibin 150 illik yubileyi Azərbaycanın müstəqillik dövrünə təsadüf edir. Bu, Sabirin uğrunda mübarizə apardığı müstəqillikdir. Bu yubileyə Sabirin mənəvi haqqı var. Sabir olan yerdə böyük düşüncə var, mədəniyyət var. Sabirin 100 il bundan qabaq dediyi sözlər bugünkü kimi canlıdır, ona görə Sabirin özü də canlıdır”.

   Tədbirdə Azərbaycanın mühacir şairi Almas İldırımın oğlu Azər Almas da iştirak edirdi. O, yubileydə iştirak etdiyinə görə çox sevindiyini bildirdi: “Atam məni üç aylıq olduğumda öz torpağımızdan qardaş Türkiyəyə aparıb. O, məni Azərbaycan ədəbiyyatı ilə böyüdüb, həmçinin Sabir yaradıcılığı ilə yaxından tanış edib”. Sonra o, hələ uşaq ikən əzbərlədiyi Sabirin məşhur “Oxutmuram, əl çəkin” şeirini də səsləndirdi.

   Tanınmış şair Çingiz Əlioğlu Sabiri ictimai ədalətsizliyə qarşı mübarizə aparan, böyük ürək, mətanət, qeyrət sahibi olan mütəfəkkir adlandırdı.

   Azərbaycan ədəbiyyatını Türkiyədə geniş təbliğ edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu tədbiri ədəbiyyat bayramı adlandırdı: “Sabirin doğum günündə iştirak etdiyimə görə çox şadam. Sabirin həyatı, onun şeiri hamımıza məlumdur. Şair bu şəhərdə məktəb açıb. Lakin onun fəaliyyətinə imkan yaratmayıblar. O, kiçik bir şəhərdə məktəb müəllimi ola bilmədi, amma tək Azərbaycanda deyil, böyük türk elində şeir məktəbinə sahib oldu. Şairin yaradıcılığı gələcəkdən xəbər verir. O, şairlik məktəbi ilə yaşamaqdadır”.

   Ukraynalı şair Serqey Qrabar Sabirin adını ilk dəfə məktəbdə oxuduğu zaman eşitdiyini dedi: “Kiçik yaşlarımda marka toplayırdım və mənim ünvanıma Azərbaycan şairi Sabirin şəkli olan markalı məktub gəldi. Uşaqlıq xatirəsi daha möhkəm həkk olunur. Sabirin 150 illiyinə dəvət alanda həmin marka yadıma düşdü, uşaqlıq hisslərimi xatırladım. Həmçinin onun yaradıcılığında yer alan şeirləri xatırladım. Sabirin adı tək Azərbaycanın deyil, bir çox başqa xalqların, o cümlədən Ukrayna xalqının ədəbi həyatında yer alır. O bu gün də yaşayır. Onun əsərlərində bu günü görürük. Sizin, bizim gerçəkliyi görürük. Deməli, o, dahi insandır”.

   Türkiyənin tanınmış şairi Ali Akbaş Şamaxını qədim paytaxt, əski mədəniyyət mərkəzi adlandırdı: “Böyük mədəniyyət mərkəzləri böyük şairlər gətirir dünyaya. Satira düşmən qazandıran sənətdir. Yatanları oyatmaq uğrunda apardığın mübarizədə öz həyatın da cəhənnəmə dönər. Sabir cəhalətə, riyakarlığa üsyan edən şair olub. Ruhu şad olsun!”

   Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Sabiri qeyrətli vətəndaş, Azərbaycan xalqının misilsiz mənəvi sərvəti olan gülüş mədəniyyətini ədəbiyyatımıza gətirən şair adlandırdı: “Sabir yubileyə sığan sənətkar deyil. O, həmişə müasirdir”.

   Yubiley tədbirində çıxış edənlər ölməz şairin yaradıcılığından şeirlər səsləndirdilər. Mərasimdə görkəmli sənətkarların ifasında musiqi nömrələri də səsləndi, Bakı Oksford Məktəbinin şagirdləri Sabir yaradıcılığından bəhrələnərək hazırladıqları kiçik səhnəcikləri nümayiş etdirdilər.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 1 iyun.- S. 8.