Alov dilli, atəş
sözlü Sabirimiz
“Cümlə-cahan gürzlü”
Mirzəmizin 150 illiyinə
150 sözlü ərz...
Sözgəlişi “150 sözlü”
deyibən yazmağa başladığım bu
balaca publisistnamə böyük “Hophopnamə”
müəllifi, milli satira memarı adına çox
azdır da, çoxdur da. Fikrimizi “Mey qədrini cam bilər, xam nə bilsin,
Ustadın işin, işlədiyin əvvam nə bilsin?” kimi heyrətamiz “titanik”liklərinə yönəltsək
az, “Hələ
mən dörddə birin yazmayıram, karına bax, Üzümə gündə
söyürsən bu qədər, arına bax!” kimi ibrətamiz
lakoniklikləri ölçüsüylə
götürsək, çoxdur...
Kitablarını öz halal-haqqı
dəyərində - ümumxalq
dərsliyi, mənəvi
səhhət fənni
zənn edənlərçün
Sabir bütöv bir milli feyz,
mənəvi xoşluqdur.
Bir çox məlum satirik şeirlərini öz arşınları ilə
ölçənlər üçün
- müqəddəs kitaba
özünün və
özü kimi yetişdirdiyi irsi-bəla balalarının çörək
ağacı kimi baxanlar, “Ah eylədiyim - küfteyi-bozbaşın üçündür”
nəfslilər, “Fəhlə,
özünü sən
də bir insanmı sanırsan?” suallılar, “Ah, necə
kef çəkməli əyyam
idi, Onda ki, övladi-vətən xam idi!” nidalılar,
“Tövbə, əttövbə
xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib
etdiklərimə!..” fəlsəfəlilər
və digər bu kimi səfsəfəlilərçünsə
əbədi bir naxoşluqdur.
Və bu möcüzanə ustadın üslub, manera, poetik manevr kəşflərindən
biri - ecazanə avto-xitabı mənim bu acizanə yazıma yarımbaşlıqdır:
Sabira!..
Lap öncə,
bu “gidi dünya” anlaqlı, milli ailə “danlaq”lı mənəvi Atamızın
yupyumşaq ağsaqqallıq
görəvlərindən bir
şəkil:
“Haqqı xalqa bildirib, dəfi-zəlalət etməli,
Gün kimi taban edib,
pamali-zülmət etməli,
Sabira, beynəlmiləl tədbiri-ülfət
etməli,
Ey süxəndənan, bu günlər bir hidayət vəqtidir,
Ülfəti-ünsiyyətə dair xitabət
vəqtidir.
Sonra, bu “milli ah” sədalımızın
hüznlənib yas tutduğu ümumxalq mərasim-məclislərimizə dair söylədiyi neçə-neçə mərsiyədən
bir ağı:
“Tacirlərimiz
Sonyalara bənd olacaqmış -
Biçarə Fatma-Tükəzbanları neylərdin, İlahi?!”
Baxdığı
mental mənzərələrə, total «maral»lıqlarımıza axıtdığı
göz yaşlarından
iki damla:
«Cin görürəm, şeytan
görürəm qorxmuram,
Harda müsəlman görürəm
- qorxuram».
Hönkürtülü
gülüşlərindən, sıxıntı-sızıltılı qəh-qəhələrindən iki yarpaq:
“Qah-qah,
nə yaman yatdı bu oğlan,
ölüb ə!
Tərpənməyir
üstündəki yorğan,
ölüb ə!..”
«Anyaları, Sonyaları yanlarıq,
Ay bərəkallah,
nə gözəl canlarıq!»
«Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir hər millətə!»
Daha sonra, bu ağlar-güləyən
dahimizdən - “buz üstə çıxan uşaq”la uşaq, «qoca baqqal baba»larla
“böyük”, əkinçi-biçinçiyə
“bəyani-ərizə”, hədyan-hərzəyə
şahmari-gürzə olmuş
Mirzəmizdən “qarışıq
mallar”:
“Dindirir əsr bizi - dinməyiriz,
Açılan
toplara diksinməyiriz...”
“Yardımı
Səttar başını,
Mirhaşım,
Götür dəxi qaç
başını, Mirhaşım!”
«Çalxalandıqca,
bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə
çıxır, ayranı
ayranlıq olur».
“Ah, bu sarıbaşdılar
Hər yana dırmaşdılar!”
«Ağladıqca,
sızladıqca kişi,
biqeyrət olur,
Necə ki ağladı İran, oldu!..»
Bütün bunlar hardan...
Yəni, hər biri
bir roman tutumlu bütün bu siqlətli fikirlər, ədəbi-fəlsəfi qənaətlər,
bədii kəşflər
hardan gəlirdi?
Tək elə istedaddanmı?
İnanmam, «billahi, billahi və tallahi»! Bunlar həm də
Mirzə Ələkbərin
həyat dramına əlavə edilən qəza-qədər remarkaları
idi. Bu dramın
birinci şəkli Sabirin atası ilə əlaqədar idi ki, oğlunu
səkkiz yaşında
mollaxanaya qoyan dükandar-baqqal ata bundan bir şey
hasil olmayacağını
duyub, “Tutdum orucu irəmazanda” şairliyi edən oğlunu ticarətçiliyə
yönəldir. Lakin bu da alınmır. Məşhur
Seyid Əzimin açdığı yeni
üsullu məktəbə
keçən Sabir burada yeni dünya
ilə üzləşir.
S.Ə.Şirvani ona fars dilindən
tərcümələr etdirir,
bu “məktəbli-şair”in
yaradıcılıq həvəsini
artırır. Lakin bir-iki il
sonra oğlunun hər şeyi “zay edəsi” şeiriyyətə vurğunluğunun
gerçəkləşdiyini görən ata Ələkbəri təhsilindən
ayırıb, öz dükanında özünə
köməkçi edir.
Dostluqları elə o vaxtlardan
başlayıb, sonadək
davam etmiş Abbas Səhhət yazırdı ki, Sabir bu peşədə
də alış-verişdən
ziyadə oxuyub-yazmağa
həvəs göstərdiyi
üçün atası
tez-tez hirslənər,
onu məzəmmət
edərdi. «Hətta
bir dəfə bərk qəzəblənib,
onun qalın bir şeir dəftərini
cırdı da...»
Atanın bu son “yaradıcılığı”
oğula çox ağır təsir edir və o gedir...
O getməyində
olsun, sizə kimdən deyim, özümüzdən. O özümüzdən
ki, belə bir fikrə düşmüşük; görəsən,
o dəftərdə hansı
“tifil şedevrlər”
öldülər, itdilər?
Hələ o balaca şair sənətə yox, ticarətə meyillənsəymiş, bizim
ədəbiyyatımız, mədəniyyətimiz, söz
vicdanımız nələr
itirərmiş?!.
Gələk onun getməkliyinə.
Onun bu səfərinin
bünövrəsi elə
həmin dəftərin
cırılmasından qoyulmuşdu.
Əgər atası onu
bir də incidərsə, Şamaxıdan
çıxıb gedəcəyini
bildiribmiş Sabir.
Görünür, o ticarət-ata bu
sənət-oğlu bir
də incidibmiş ki, iyirmi üç
yaşlı bu oğlan ziyarət adıyla səyahətə
çıxır. Orta Asiyadan
vurub İrandan çıxan bu cavan, ömrünün sonunda yazacağı «bənzərəm bir qocaman dağa ki - dəryada durar» «axirət»indən xəbərsiz, Səmərqənd,
Nişapur, Buxara, Xorasan və başqa şəhərləri
gəzir. Öz ata
dükanında üzləşdiyi
«doğma haqsızlıqlardan»
qaçmış gənc
qoca dünyanın löyün-löyün oyunları
ilə rastlaşır.
Yoxsulluq,
cəhalət, ağa-bəy
talamaları ilə ilgili mənzərələr
onu çox üzsə də, tərəqqipərvər ziyalılar,
alim və ədiblərlə görüşlərdən
çox şey qazanır.
Şamaxı evindəki haqsızlığı
unudan bu şəxs dünya evindəki ədalətsizliklərin
həllinə məsul
bir şəxsiyyət
yükü ilə vətənə qayıdır.
Könlünü 8 yaşında ikən
şeirə vermiş
Sabir 1887-ci ildə qohum-əqrəbalarından olan
Billurnisə ilə evlənir. 15 ildə 8 qızı, 1 oğlu gəlir dünyaya. Vəziyyət çətinləşir.
Dərd üstünə dərd gəlir; 1902-ci ildə baş verən dəhşətli zəlzələ
Şamaxını tar-mar edir.
Əsrin əvvəllərindən
başlayaraq şeirləri
mətbuat səhifələrində
görünən Sabir
«Şərqi-Rus», «Həyat»
qəzetlərinə, «Molla
Nəsrəddin» jurnalına
müqtədir bir imza bəxş edir. Balaxanıda müəllim işləyir.
Yazdığı misralarla millətin
ürəyini, bişirib
satdığı sabunlarla
xalqın əl-üzünü
arıdıb-duruldur. «Nizədar», «Çuvalduz» və digər imzaları onu əsrin gur səsli, nur sədalı «Hop-hop»una çevirir. Zəmanədən, cəhalətdən, qoçulardan
və ... öz «can-ciyər» ciyərindən aldığı mənəvi-cismani
zərbələr onu
arzularının bəllisinə,
ömrünün əllisinə
yetişməyə qoymur.
1911-ci il iyulun 12-də cismi-Sabir Zamanı dayanır. O Zaman ki, Mirzə
Ələkbər onu nehrə kimi çalxalamış, özümüzü
dindirməyə çalışmışdı:
«Dindirir əsr bizi dinməyiriz,
Açılan
toplara diksinməyiriz,
Əcnəbi göydə balonlarla uçur,
Biz hələ
avtomobil minməyiriz».
Yox, Sabira! Biz indi diksinməsək də, diniriz, dünyanın ən bəzəkli balonlarında uçur, ən bahalı avtomobillərini miniriz!
O balon və maşınlardan özümüz də öz əql və əllərimizlə
düzəldən vaxtımız
da olar, inşallah...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 6.