Yazıçılar Birliyində Əli Səmədli yad edildi

 

   Mayın 30-da Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazıçı və publisist Əli Səmədlinin (1930-2006) xatirəsi yad edildi. Göyçay rayonunun Molla Şıxlı kəndində anadan olan yazıçı respublika Mədəniyyət Nazirliyində, Kinoprokat İdarəsində, Azərbaycan Kinematoqrafçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Televiziyası və Radiosunda ədəbi-dram və uşaq verilişləri şöbələrində redaktor işləyib.

   Ötən əsrin 50-ci illərində ədəbi yaradıcılığa başlayan Ə.Səmədlinin ilk əsəri “Unuda bilmirəm” hekayəsi olub. “Aqil babanın nağılları” adlı ilk kitabı 1962-ci ildə işıq üzü görüb. Daha sonralar yazıçının 30-dək kitabı (“Xəbərçi zəng”, “Qarlı gündə”, “Hərənin bir ulduzu” və s.) nəşr edilib. Müəllifin 30-dan çox pyesi teatrlarda tamaşaya qoyulub.

   Tədbiri Yazıçılar Birliyinin “İrs” komissiyasının sədri, AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal açaraq, yazıçı ilə bağlı xatirələrini bölüşdü. Xalq şairi Fikrət Qoca Əli Səmədlinin Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verdiyini vurğuladı. Ədibin uşaqlar üçün yazdığı “Artıq tamah baş yarar”, “Kibrit çöplərinin macərası”, “Sehrli xalça”, “Siçanların toyu” və s. pyeslərinin teatrlarda müvəffəqiyyətlə tamaşaya qoyulduğunu dedi: “Əli Səmədlinin yaradıcılığında hər zaman dərin bir ziyalılıq duyulur. Qəpik-qəpik topladığı vəsait hesabına Göyçayda açdığı kitabxana ondan qalan ən böyük yadigardır”.

   Əli Səmədliyə həsr olunmuş “Əlili-Əlisiz günlər” kitabının redaktoru, şair Alməmməd İsgəndərli də xatirələrini bölüşdü: “Yaxın dost olmuşuq. Onunla bağlı o qədər acılı-şirinli xatirələrim var ki, bir kitaba sığmaz”.

    Xatirə gecəsində çıxış edən yazıçı-publisist Xeyrəddin Qoca, şair Oqtay Rza və digərləri xatirə tədbirinin şairin ruhu qarşısında bir vəfa borcu olduğunu və bu unudulmaz insanın daim yaddaşlarda yaşayacağını dilə gətirdilər. 

 

 

Azəri, Lalə

 

         Mədəniyyət.- 2012.- 1 iyun.- S. 4.