Azərbaycan-Rusiya
mədəni və humanitar əlaqələri
müzakirə olunub
Mayın 31-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Rusiya Federasiyasının MDB işləri üzrə
xüsusi nümayəndəsi, MDB işləri, xaricdə
yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq
üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovla
görüşüb.
Görüşdə Rusiya ilə
Azərbaycan arasında mövcud ikitərəfli mədəni
əlaqələrin səviyyəsi, perspektivləri, həmçinin
MDB çərçivəsində əməkdaşlıq
imkanları barədə müzakirələr aparılıb.
Mədəniyyət və turizm
naziri ölkələrimiz arasında yüksək mədəni
əməkdaşlığın mövcud olduğundan məmnunluğunu
ifadə edib, Azərbaycandan keçirilən tədbirlərdə
Rusiyanın, Rusiyada keçirilən mədəniyyət tədbirlərində
Azərbaycanın fəal iştirak etdiyini deyib. Nazir ölkəmizin
Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığın
daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd
edib.
K.Kosaçov da öz növbəsində
iki ölkə arasında əməkdaşlığın
daha da dərinləşməsi istiqamətində yeni
addımların atılmasının vacibliyini vurğulayaraq,
Rusiya tərəfinin bu əməkdaşlığı MDB
çərçivəsində də davam etdirmək niyyətində
olduğunu bildirib.
Söhbət zamanı turizm sahəsində
də fikir mübadiləsi aparılıb. Rusiyada son hökumət
dəyişikliyindən sonra turizm üzrə agentliyin Rusiya Mədəniyyət
Nazirliyinin tərkibinə daxil edildiyini deyən K.Kosaçov
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə
turizm sahəsində əməkdaşlıq
imkanlarının yarandığını diqqətə
çatdırıb.
Görüşdə Rusiyanın
Azərbaycandakı səfiri Vladimir Doroxin və
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin
rəhbəri Ənvər Şeyxov da iştirak ediblər.
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 3.