150
yaşlı müasirimiz
Böyük şair, mütəfəkkir Mirzə Ələkbər
Sabirin yubileyi qeyd olundu
Mayın
31-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın
görkəmli şairi, böyük satirik Mirzə Ələkbər
Sabirin 150 illiyinə həsr edilmiş təntənəli
yubiley gecəsi keçirildi.
Tədbir
iştirakçıları əvvəlcə teatrın
foyesində Sabirin əsərlərinin nəşrləri və
ədibə həsr olunmuş kitablardan ibarət sərgi ilə
tanış oldular. Azərbaycan Milli Kitabxanası tərəfindən
hazırlanmış sərgidə əvvəlki illərin nəşrləri
ilə yanaşı, yeni nəşrlər də yer
almışdı.
Sərgiyə baxışdan sonra tədbirin
rəsmi hissəsi başlandı. Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev şairin
yaradıcılığından danışdı. Qeyd olundu
ki, Sabirin əsərləri bu gün də müasirdir, bu əsərlər
humanist ruhu ilə hər kəsi heyran edir. Dövlət
başçısının sərəncamına əsasən
ədibin 150 illik yubileyinin geniş qeyd olunduğunu deyən
nazir Bakıda, Sabirin doğma yurdu Şamaxıda və digər
bölgələrdə keçirilən silsilə tədbirlərdən
söz açdı.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar
çıxışında Sabirin şeirlərinin bəşəri
xarakter daşıdığını vurğuladı. Yubiley
tədbirləri ilə bağlı ölkəmizə gələn
Qırğızıstanın mədəniyyət nazirinin
müavini Kozoqeldi Kuliyev, Litva mədəniyyət nazirinin
müavini Staponkus Dividas və digər qonaqlar
çıxış edərək Mirzə Ələkbər
Sabir satirasından, onun ədəbiyyatdakı rolundan
danışdılar.
Çıxışlardan sonra
şairin yaradıcılığına həsr edilmiş ədəbi-bədii
kompozisiya nümayiş olundu.
Reyhan
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 2.