Fatma
Mehrəliyeva dünyasına xəyali səfər
Ötən illərin
mahnıları
Özü də səsinə-sözünə zərrəcə toxunmadan, necə var, eləcə...
Əzizinəm, a balam, badam sevgilim,
ah...
Demə ki, ədə
balam, sənə yadam, sevgilim.
Qara gözlərinə qurban
olduğum... ay!
Uzaqdan, ədə balam, boyunu
gördüm,
Dünya qədər şadam
sevgilim, sevgilim...
Mən oxudum, o dinlədi.
Hələ çox illər əvvəl, hələ
bir çox arzular fidan, ürək qubarsız, qəlb
ağrılarsız, ömür bar-bəhrə vədli ikən
tanıdım onu. Dinlədim, vuruldum, kəsilə-kəsilə,
yana-yana səsinə səs verdim “Kəsmə şikəstə”nin. Sonra daha bir neçə illər
keçdi. O kəsilə-kəsilə nəfəs,
can verdiyim şikəstə ömrümdə, taleyimdə iz
qoydu. Bilmirəm, bu pisdir, yoxsa yaxşı.
Amma...
Xəyal
yarıda qırıldı
İsti iyun səhərində
qarşımdakı monitorda ağ-qara şəkildən və
fondakı musiqidən aldığım ilk təəssürat
bu idi. Bir də həmkarlarımın
çox xəsisliklə yazdığı və bəlkə
də yazmaq istədikləri bir-iki məqalə. Ağrılıdır. Əməkdar
artist, ilğım səsli Fatma Mehrəliyevanı
xatırlamaq istədikdə bu bir-iki qırıq avtobioqrafik məlumat
və o illərin ən gözəl, xoşbəxt
anlarının yansıdığı fotolar gəldi imdada.
Vəssalam. Bir insanın bu həyatda
varlığının təsdiqi yalnız bu qırıq
faktlardır.
Bir də...
Hə, bir də
gözəl, əsrarəngiz səs. Bir nəfəsi ilə
min bəzəkli cümləyə can, qan
verən səs. Və ötən illərin
gözəl mahnıları. Ömür
yoluna gözəl Qubada başlayıb arzularını
özü ilə Bakıya daşıyan və elə bu şəhərə
də hədiyyə verib gedən gözəl bir
xanımın yadigar səsi. Bu bələdçiliklə
o səsin getdiyi haralara getmək olmaz ki?!
Qubalı qız
Fatma Yusif qızı Mehrəliyeva
1926-cı il iyunun 4-də Qubada anadan olub. Gözəl təbiət - əngin səma,
ucsuz-bucaqsız meşələr, pıçıltıyla
axan bulaqlar, təbiətin məlahətli, cilvəli
Qubasının xarakteri bu qızın da təbiətinə, həyatına,
ruhuna hopub. Hələ uşaq
vaxtlarından qonum-qonşularının səsinə, məlahətinə
heyran qaldığı Fatma arabir oxuduğu mahnılarla
onları da ovsunlar, qoca qarıların «a bala, bir segah oxu»
sifarişlərinə də məharətlə cavab verərmiş.
Elə ona görə də hər kəs bu
qızdan yaxşı xanəndə olacaq qənaətinə gələrmiş.
Təbii ki, bütün bu sözlər balaca
qızın xanəndə olmaq, məşhurlaşmaq kimi
kövrək arzularına qol-qanad verərmiş. Orta məktəbdə tədris olunan nəğmə
dərslərində xüsusi fəallıq göstərərmiş.
Müəllimləri onun bu məharətini dəyərləndirərək
balaca Fatmanı bir musiqi festivalında iştirak etmək
üçün Bakıya göndərirlər. Festivalda
“Qubanın ağ alması” xalq
mahnısını ifa edən 11 yaşlı
qızcığazın ifası dahi Üzeyir bəyin diqqətini
çəkir. Və elə bununla Fatma da
böyük bəstəkarın himayəsinə keçir.
Böyük azərbaycanlıdan
atalıq qayğısı, atalıq nəvazişi görən
Fatma bir müddət onların evində qalır. Bəstəkar istedadlı qızın yaxşı
musiqi təhsili alması, muğamları mükəmməl mənimsəməsi
üçün hər cür şərait yaradır. Beləcə gözəl günlər
başlayır, şirin xəyallar gerçəyə
dönür.
Artıq şöhrət qapıdadır
Gənc Fatma
1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki
“Sazçı qızlar” ansamblında işə düzəlir.
Artıq filarmoniya səhnəsindən daha bir
gözəl, məlahətli səs eşidilməyə
başlayır. Beləcə qısa zamanda
həzin səsin sahibi ətrafına pərəstişkarlar
ordusu toplamağa başlayır.
Ancaq bu sevinc də
uzun sürmür. Müharibənin acı
sorağı ətrafı məyus edir, hər çöhrəni
hüzn, kədər alır. 1941-1945-ci illərin
Böyük Vətən müharibəsi Fatma xanımın həyatında
da öz izlərini qoyur. Bütün
bunlara baxmayaraq gənc müğənni səsini, sənətini
səngərlərə, müharibənin od-alov saçan cəbhələrinə
də daşıyır, səsi ilə döyüşür
və qələbə çalır. Gənc
müğənninin həzin səsində dahi Üzeyir bəyin
vətənpərvərlik mövzusunda yazdığı
musiqi nümunələri daha çox sevilməyə və
ifaçısını tanıtmağa başlayır.
Bəstəkarın
Səməd Vurğunun sözlərinə bəstələdiyi
“Şəfqət bacısı” mahnısının ilk
ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə
çevrilir.
«Arşın mal alan»ın Tellisi
Beləliklə, sənət
yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq
mahnı və təsniflərinin, eləcə də bəstəkar
mahnılarının məharətli ifaçısı kimi
şöhrət tapır. Elə bu şöhrət sayəsində
o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı
operettası əsasında çəkilən “Arşın
mal alan” filminə dəvət alır və
ekran əsərində Telli rolunu ifa edir. Obrazın
öhdəsindən ustalıqla gələn Fatma Telliyə
yaddaqalan kino həyatı verir. Maraqlıdır
ki, ondan sonra da bu rolun ifaçıları Fatmanın
xarakterinin Telliyə yansıyan tərəflərini məhz elə
o biçimdə yaratmağa çalışıblar.
Kəsilə-kəsilə
«Kəsmə şikəstə»
Qadın
ifaçıların əksəriyyətinin repertuarında bu
şikəstə mütləq ki var. Amma Fatma xanım qədər
iliyimizə işlədə biləni, onun şikəstəsi
qədər ruhumuzu viran edəni, könlümüzü
dağlayanı yoxdur. İnsan müğənninin
şikəstədə vəsf etdiyi sevgilisinə və sevgi
naləsinə elə qapılır ki, dünyadan əl
üzür. İlahi, bu nisgil, bu
yanğı, bu kədər, bu ərşi-əlan nədir, nə?
Ruhmu didərgin,
arzumu yarımçıq, xəyallarmı çılpaq?!
Axı şikəstə ilə ruhunu ədəbi
şikəst qoyan bir qadının tale yazısı, qəlb
harayındakı bu hikmət nədir?!
Əslində Azərbaycan zərb
muğamlarından olan “Kəsmə şikəstə”nin poetik mətni xalq bayatılarından ibarət
olduğundan o elə bu cür, yəni kəsilə-kəsilə
oxunmalıdır. Amma təbii ki, Fatma
xanımın səsində bu muğam bir ayrı ecaz
qazanıb.
O
şikəstə məhz Fatmanın səsində nota
köçdü
Tanınmış
musiqişünas alim, professor Ramiz Zöhrabov “Zərbi
muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz
Fatma Mehrəliyevanın ifasında nota
köçürüb. Bunu şikəstənin məhz Fatma
xanımın səsində özünün əsl həllini
tapması ilə izah edən musiqişünas muğamın
ifaçıları arasında məhz bu sənətkarın
adının əbədi qalacağını dedi: «Bildiyimiz
kimi, “Kəsmə şikəstə” Azərbaycanın zərb
muğamlarından biridir və «Segah» ladına əsaslanır.
Poetik mətni xalq bayatılarından ibarət
olan “Kəsmə şikəstə” sanki
qırıq-qırıq, kəsik-kəsik musiqi
frazalarından ibarətdir. Dinləyicidə son dərəcə
lirik hisslər oyadan “Kəsmə şikəstə”nin musiqi cümlələri fasilələrlə
səslənməlidir. Fatma xanım da bu
muğamı məhz belə oxuyurdu.
Açığını deyək ki, hər ifaçı “Kəsmə
şikəstə”ni oxuya bilməz. Bunun üçün xüsusi səs tembrlərinin
olması zəruridir. Azərbaycan muğam
ifaçılığı tarixində “Kəsmə şikəstə”nin yalnız Fatma Mehrəliyeva tərəfindən
yüksək məharətlə oxunması bir gerçəklikdir.
Bir çox qadın ifaçılar istəsələr
də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə
bilməyiblər».
Bir müddət Fatma
xanımla filarmoniyada bir yerdə çalışan Ramiz
müəllim sənətkarla bağlı xatirələrini də
bölüşdü. Əslində Fatma xanımın
heç də hər zaman bu muğamı ifa etmək arzusunda
olmadığını dedi: «Növbəti konsertlərin biri
idi. Fatma xanım səhnəyə
çıxdı, bir mahnı oxudu, alqışlandı,
ikinci, üçüncü, dördüncü
mahnısını da oxudu və səhnə arxasına
keçdi. Alqışlar yenə kəsilmədi
və tamaşaçılar israrla onu yenidən səhnəyə
çağırdı. Bu vaxt o, qəribə bir təbəssümlə
«Axı bunlar nə istəyirlər, mən repertuardan da kənara
çıxıb oxudum, hətta yoruldum», - dedi. Mən
«Fatma xanım, onlar sizdən «Kəsmə şikəstə»ni
istəyirlər. Yaxşısı budur
çıxın onu oxuyun», - dedim. Fatma xanım
yenidən səhnəyə qayıtdı və oxudu. Bununla da dinləyiciləri öz arzularına
çatmış oldu. Əslində o bu
musiqi nümunəsini hər dəfə oxumaq istəmirdi, amma
tamaşaçılarının israrlı tələbindən
də keçə bilmirdi. Fatma xanım
özünə və dinləyicilərinə qarşı tələbkar
xanım idi. O, 100-cü dəfə də səhnəyə
çıxsa yenə də həyəcanla, məsuliyyətlə
hazırlaşardı, məşq etməkdən yorulmaz, hər
sözün, hər hissənin üzərində diqqətlə
dayanardı. Məhz Fatma xanımın ifasındakı «Kəsmə
şikəstə»ni nota köçürməmə
gəlincə, onun ifası mütləq şəkildə digərlərindən
fərqli və şikəstənin xarakterinə uyğun idi. Digər tərəfdən o vaxt Fatma xanımdan sonra
bu muğamı cəsarət edib hər xanəndə də
oxuya bilmirdi. Şövkət xanım kimi
sənətkar belə yalnız Fatma xanım
dünyasını dəyişdikdən sonra o şikəstəni
ifa etdi. Fatma xanım o musiqiyə
möhür vurmuşdu».
Xatirələrdə
yaşayan sənətkar
Xanəndəni sənət
dostu, gözəl xanəndəmiz, Xalq artisti Əlibaba Məmmədovla
xatırladıq. Bir anlıq ötən illərin
xoş xatirələrinə qayıdan sənətkar Fatma
xanımın Azərbaycan ifaçılıq sənəti
tarixində özünəməxsus iz qoyduğunu, ifa yolu
yarada bildiyini deyir: «Onun haqqında çox danışmaq olar.
Amma bir kəlmə ilə demək olar ki, Fatma
xanım kimi «Kəsmə şikəstə» oxuyan nə əvvəl
var idi, nə indi. Heç inanmıram,
bundan sonra da olsun. O səsinin, ruhunun gözəlliyini,
arzularının, qəlbindəki pünhan duyğuların həllini
bəlkə də bu ifasında tapmışdı. O məhz səsi
ilə deyə bilmədiklərini deyir, hiss etdiklərini dilə
gətirirdi. Ona görə də onun oxusu bir
ayrı idi. Onun səsinin
yanğısı, naləsi Allah vergisi idi. Sanki səsi yazıq, miskin səs idi. Ona görə də çoxları onun bu ifa
manerasının taleyindən, həyat tərzindən
qaynaqlandığını düşünürdü,
haqqında müəyyən fikirlər səsləndirirdilər.
Düzdü, tale, alın yazısı hərəyə
bir qismət verir. Fatma xanımın da
taleyində çətin, ağrılı məqamlar
çox olub. Amma bütün bunların
fonunda o bizim yaddaşımızda gözəl səsli,
gözəl bənizli bir xanım, sənətkar kimi
qalıb».
Sənətdə
qiymətini aldı
Filarmoniyanın səhnəsində
uzun illər çıxış edərək səsi,
ifası ilə minlərin, milyonların qəlbinə yol tapan
sənətkar dinləyicilərinin yaddaşında
«Olmaz-olmaz», “Qubanın ağ alması”, “Azərbaycan
maralı”, “Ahu kimi”, “Qaragilə” , «Muğan qızı», «Unuda
bilmirəm» və s. mahnılarla iz qoya bilib. Azərbaycan musiqi
sənətindəki xidmətlərinə görə
1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülən sənətkar
bu vaxta qədər artıq xalqının qəlbində ən
böyük titulları, ən gözəl sözləri, ən
xoş etirafları qazanmışdı. O, səsi, ifası, sənətkarlığı
ilə xalqına nə qədər yaxın olduğunu
göstərərək xalqının məhəbbətini
qazana bilmişdi. Bu isə sənətkar
üçün ala biləcəyi ən böyük
mükafat idi.
Bitdi?
Yayda doğulan
günəş soyuq yanvara təslim oldu. Qəlbi
daim bahar arzulu, yaz istəkli bu qadın qışın sərt
üzünə, taleyin ağır zərbələrinə
dözə bildiyi qədər dözdü və nəhayət
susdu. Beləcə Fatma Mehrəliyeva adlı səs, sənət
ilahəsi 2000-ci ilin 4 yanvarında həyata vida dedi. Səsini ruhumuza, çöhrəsini xəyalımıza
ərməğan edib getdi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 15.