Ədəbi “turist”, ideoloji altruist

 

   “Düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaldan” Nazim...

  

   Nazim Hikmət bu yükün əsas kütləsini SSRİ “dənizi” limanlarındakı sovet-sos(!)ialist kütlələri üçün boşaltdı. Bəs ondan şairin özünə nə çatdı? Bu, bunu bilməyənlərə bu yazının sonunda çatacaq.

   Onu “ədəbi turist” kimi xatırladım, “ideoloji altruist” donunda andım. Tarixdə belələri az olmayıb, amma onlar arasında bu nəzm-nizamda, bu “izm”də olanı yox.

 

   Bunlarıca bütün yazı boyunca...

  

   Bilirik ki, bəşəri haqq-ədalət, əxlaq-əqidə uğrunda mübarizə üçün yad ölkələrdə baş verən ictimai-milli konfliktlərdə - ölümsaçan müharibələrdə, məhrumiyyətlər vəd edən inqilablarda iştirakı ehtiva edən altruistlik yalnız zövq “mübarizə”sinə hesablanan turistlikdən daha ali dərəcəlidir. Arzu-əməlləri hər kəs tərəfindən birmənalı qarşılanmasa da, ikimənalılıqdan o yana keçməyən Nazimlik isə konfliktoloqlar üçün, deyərdim, yeni bir yanaşma tələb edir. Ən azı buna görə ki, məsələn, amerikalı Ernest Heminquey fransızlara qoşulub almanlara qarşı döyüşürdüsə, türkiyəli Nazim - Leylisi xatirinə öz qövmünə qarşı çıxan Məcnun kimi - qələm-süngüsünü Türkiyəyə tuşlamışdı. Əlbəttə, son qənaətimizdə çox qabarıq görünən nisbilik var. Yəni Nazimin Türkiyəyə sevgilərinin dərəcəsi ilə Türkiyənin Nazimi rəddetmə mündəricəsi arasındakı proporsionallıqdan danışmağa dəyməz. Bütün bunlarla bərabər, çağımızın “dəyər vergisi”ndən yanaşsaq, nə Nazimin Məcnunluğu əbədiymiş, nə o vaxt onu bağışlamayan Türkiyənin Nofəlliyi. Sağlığında da çox maraqlı deyimlər (“Mən onu öz əllərimlə boğub öldürər, sonra məzarı üstündə oturub, hönkür-hönkür ağlayardım!”) doğurmuş bu istedadlı azman yoxluğunda da çox natiqlərin nitqlərində, yazarların qələmində yer almış və bu hələ zaman-zaman davam edəcək...

  

   Yanan da sən, yaman da sən...

  

   Ötən yazılarımın birində onu belə xatırlamışdım: “Al-kırmızı” yalanların “yeşil” Nazimi...

   Adamın heç inanmağı gəlmir ki, bu qədər həqiqi, doğal istedad və fəhm sahibi olasan və o qədər total yalanlar “talant”ına - sovetlərə bir belə inanmış olasan...

   Bu aldanışa inanmırsan və əlbəəl də özün öz şəkkaklığını dəbbələyirsən ki, əgər sən bu qənaətə bu qədər illər keçəndən və bu yaş-başdan sonra gəlibsənsə, bəs o yeniyetmə neyləyəydi? Axı, Böyük Oktyabr Sosialist İnqilabının qalibiyyət gurhagur-vurhavurunda o “urra!”lara inanmış fağırın vur-tut, onbeşcə yaşı vardı...

   Dörd ildən sonra - on doqquz yaşlı bu oğlan öz doğma, “karı memleket”inin tarixi “vur ha!” haykırtılarını “ura!” çığırtılarına çevirmiş Rusiyaya gəlir. Yad səslər, boz sifətlər, hələ “net”-“yest” kəlmələrindən başqa heç nə anlamadığı danışıqlar dairəsində oturub-durub, durub-oturub “yeşil-yeşil hatireler”ə dalır...

   O vaxt hələ onun “Gülhane parkında ceviz ağacı” olduğunu duyurmasına çox qalırdı. Hələ gözləri önündə, bizim qara “20 Yanvar”dan səksən səkkiz il əvvəlki bəyaz 20 yanvarı - 1902-ci sənəsindəki doğumundan üzübərini “sinema”layırdı. Sonralar “Karlı-yamur Aralıkında - igirmi çamur karalıkında douldummu, anneciyimdən” - deyə qələmə alacağı günlərdən üzü bu yanaları yana-yana anırdı. Xatirələrindəki bir məqama - iki il öncə İstanbul Hərbi Dənizçilik Məktəbindən qovulma “dayanacağına” yetəndə həm kədərlənir, həm sevinirdi. Birinci hissin səbəbi bu idi ki, onu Türkiyənin işğalı əleyhinə yazdığı şeirə görə qovmuşdular. Sevincinin hədəfi isə bir qədər şəxsi və sentimental duyğulara bağlı idi; onsuz da o, nə vaxtsa dənizçilikdən çıxıb, poetik dəryaçılığa baş vuracaqdı. Amma bu, onu qəriblikdə çulğamış əcaib-qəraib xatirələrin hələ arzu “fəsli” idi. Bolşevik həmsöhbətlərindən birinin “Nu, srazu nostalqiya?!” sözü olmasın, o, ötən on doqquz ilin əzab “lirə”lərini bu “rubl” məkanında xərcləyib qurtara bilmirdi. Doğum beşiyi Salonikidəki ev-eşiyində nə yatmışdı ki, nə də bu qəribliyə dözüm yuxuları görəydi?! Zadəgan ailəsində doğulsa da, dükan-bazarlarının bu tayı kasıblıq, küçələrinin o tərəfi dış, məmləkətinin çox parası işğalçılar nəzarətində, məlumat-informasiya qələmi düşmən əlində...

  

   “Vur ha!”dan “urra!”ya

  

   Bizim “yerli” bir deyimimiz var; “deyirsən, olmur, demirsən, olmur”. Bu deyim yadıma düşəndə Nazim də eynimə gəlir və dərhal da beynimdə onun təbirincə belə bir Türkiyə-Rusiya qarşılaşdırması sədalanır: burası Vatan, orası Şeytan!..

   Hə, “Burası İstanbul. Taşları, divarları geçmiş, nüfusu eski, başkanları tepki...” Bəs nə etməli? Bu “lal” sualdan qutsal qurtuluş: milli azadlıq uğrunda çarpışan Anadoluya getməli! Bəs sonra nə olu? Bəs, hər sözünə qəzavat, hər şeirinə bir həbs gözləyən bu “dəli-dolu” gəncin tale yolu buradan haraya, Anadolu?! Sənin kimi ayaqlar altında qalan bəyaz bir məmləkətdən başdan-başa qırmızı yalan bir ölkəyəmi?! Axı, bu yalan “...şair sözü, əlbəttə, yalandır” doğrularından çox uzaq idi, ey “emirgenliyini sümürgenlere satan” və hələ Mustafa Kamalın Paşalığına hamilə Vatan!..

   Aldanış-gəlişindən bir il sonra Nazimi Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetinə qəbul edirlər. Bu ucaboylu, şirindilli türk balası qırmızı-qırmızı sovet yalanları, sarı-sarı rus qızları əhatəsinə düşür. Kreml hesab edir ki, “Xikmet” özünü yağ içində böyrək kimi hiss edir, Hikmətin kəndi duyğuları isə yağı əlindəki Bamsı Beyrək timsalında his verir. Qələmi nə qaralasa da, qəlbi Vətən dərdi namələyir.

   1924-cü ildə Türkiyəyə qayıdır. SSRİ-dəki “bolşe” fısqırıqlardan havalanmış inqilab ladlı qəzet və jurnallarda (“Oraq-çəkic”, “Aydınlıq”) Lenin ideyalarını vəsf edən məqalə və bədii nümunələrlə çıxışlar edir. Həmin orqanlar tezliklə bağlanır və Nazim təqib olunur. 1925-ci ildə “qiyabi” olaraq on beş illik həbsə məhkum edilən iyirmi üç yaşlı bu “səyyari-şair”, “cəlayi-Vətən” yenidən gizli şəkildə SSRİ-yə keçir.

   Türkiyə qoxususuzluğuna, məmləkət tamarzılığına dözə bilməyən şair Bakı ilə əlaqələr qurur. “Tez-tez” istəyinə, “üç gündən bir, beş gündən bir” arzusuna imkan-icazə verilməsə də, “gec” - lakin güc görüşlərə nail ola bilir. 1928-ci ildə burada “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı nəşr olunur. Sonra - zamanın siyasi “37” “nəşr”indən bir il keçmiş - “yeniləşən Bakı”da da duruş gətirə bilməyən şair yenidən Türkiyəyə qayıdır və 1938-ci ildə həbsə alınır. Lakin, iştə və “iş”də heç bir dəlil-sübut tapılmadığından, səkkiz ay sonra azad edilir (Türk kommunistlərini mübarizəyə səsləyən “Gecə gələn teleqram” adlı şeir toplusuna görə beş illik həbs cəzası da bir ildən sonrakı amnistiyaya düşmüşdü). Amma bu acı taleli şairin qazamat-qəzavat serialları, acı bağırsaq kimi, uzandıqca-uzanır, işıq üzü görən hər yeni kitabdan sonra, qaranlıq üz verən yeni həbslər başlanırdı.

   Həbsxanalardakı zülümdarlıqları yamanlamaqla yanaşı, qeyd edilməlidir ki, onun yaradıcılıq məhsuldarlığının əsası məhz bu məkanlara aiddir. O, məşhur “İnsan mənzərələri” epopeyasını, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini, “Həbsxanadan məktublar” silsiləsi və digər əsərlərini məhz həmin “cənnət”-məkanlarda yazmışdır. Bütün altmış bir illik ömründə, bəlkə də 28 gün və ya uzağı, iyirmi səkkiz ay xoş gün görməmiş şair hakimin iyirmi səkkiz il dörd ay müddətli həbs qərarını dinləyərkən, deyilənə görə, “evet-evet” kəlmələrindən başqa, heç bir söz söyləməmişdir. Və bu kəlmələrin - sonralar oğlu haqqında yazacağı (əslində, bozlayacağı!..) “...Memet, Memet...” sızlartıları ilə qafiyələnməsi o vaxtlar məni, bəlkə də onun milyonlarla oxucusundan bir bal daha çox zəlzələləmişdi! Bu titrətməm o vaxta qədər davam etdi ki, sonralar 1950-ci il xronikasında belə bir informasiya ilə də tanış oldum: “Mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur”.

   Həmin vaxtlar Türkiyənin siyasi məşhurlarından biri Nazim Hikməti hamıdan çox dirildən bir kəlam da doğub-doğurubmuş ki, bununla da sonralar tanış oldum: “Mən bu dahi əfəndimizi öz əllərimlə boğub öldürər, sonra da... məzarı üstündə hönkür-hönkür göz yaşları axıdardım!..

   Yalanpış (bəlkə də, Marks demişkən, hələ zamanı yetişməmiş) “kommunizm”ə dair yanlış düşüncələrinə görə ölüm cəzasına məhkum edilib, dərhal da bu cür ağı-ağlama “amnistiya”sı ilə təltif edilən bu göylər gözlü, div cüssəli, başıbəlalı əfəndi sağlığında da, fiziki yoxluğunda da Türk, Azərbaycan və dünya ədəbiyyatında, ictimaiyyətində yüzlərlə aforizmə, minlərlə nəqli-əqli fikir və düşüncələrə səbəb olub. Deməli, “Başlandı yaşıdlarımın yaprak dökümü” deyən şair haqda -

  

   Çiçəklənən xatirələr

   

   Yaxud, Nazimin düşüncələri və Nazim düşüncələrdə...

   Nazimin əsas düşüncələri ssenaristi və ədəbi materialçısı olduğu kinofilmlərdə (“Bir məhəlləli iki nəfər”, “Məhəbbətim mənim, kədərim mənim”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım!”), pyeslərində (“Qərib adam”, “Türkiyədə”, “İvan İvanoviç vardımı, yoxdumu”, “Damokl qılıncı”), onlarca poemasında, minlərcə şeirində uyuyur. Bu gün onların hansını dəbərtsən, səninlə əsrdaşın, çağdaşın kimi danışıb-mənalanasıdır. Məsələn, Nazim düşünüb ki, eyni materialdan, eyni nüansdan, münasibətdən minimum iki cür istifadə etmək, yararlanmaq olar: sən ayağını yol üstündəki dəmir daşa ilişdirib ufuldaya da bilərsən, onun üstünə qoyaraq, tuflilərinin bağını bərkidə də...

   Çox belə, belə-belə deyən bu şair haqda o qədər sözlər deyilib, yazılar yazılıb ki!

  

   ...Deyirlər, Oşanin

   Bir ovuc Türkiyə

   torpağı gətirib,

   Nazimin qəbrinə səpibdi.

   Nazimin qəbri də -

   Nazimin qəlbinə

   səpibdi.

   O, torpaq içində görünməz

   bir ana dodağı gətirib,

   Nazimin qəbrini öpübdü.

   Nazimin qəbri də -

   Nazimin qəlbini

   öpübdü...

  

   Bəli, Türkiyədə doğulub Rusiyada dəfn edilən bu qərib və qəribə kişi çoxlu-çoxlu düşünülüb də. Biri belə bir ömür yaşamaya heyrətlənib, beşi təəssüflənib, on beşi acıyıb. Bu “bir”ləri beşə, “beş”ləri on beşə vuranda riyazi bir roman alınar deyə, yuxarıdakı misraları davam edək və məsələyə elə böyük Məmməd Araz “hekayət” ilə də xitam verək:

  

   ...Nazim qırx il, düz qırx il

   Dünyanın şeir-sənət limanlarına

   Türkiyə yükü boşaltdı.

   Bəs ondan şairə nə çatdı?

   Bir ovuc torpaq...

   O da ki, Nazimin

   qəbrinə qismət oldu...

   Eşidirsən Anadolu?

   Qəbrinə qismət oldu!..

   

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 6 iyun.- S. 13.