Rauf Hacıyevin 90 illik yubileyinə həsr olunmuş tədbir

 

   İyunun 2-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində SSRİ Xalq artisti, görkəmli bəstəkar və tanınmış ictimai xadim Rauf Hacıyevin (1922-1995) anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

  

   Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışdı. Prezident İlham Əliyevin sərəncamı ilə sənətkarın 90 illik yubileyinin geniş qeyd olunduğunu bildirdi. Qeyd olundu ki, R.Hacıyev musiqi sahəsində çoxşaxəli fəaliyyət göstərərək Azərbaycan musiqili komediyasının inkişafında mühüm rol oynayıb, populyar mahnıların müəllifi kimi şöhrət qazanıb: “Bəstəkarın yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqilər də mühüm yer tutur. O, 15-dək filmə musiqi yazmışdır. “Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi ilə fərqlənir”.

   Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zemfira Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Rauf Hacıyev Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, "Gənclik" simfoniyası, skripka ilə simfonik orkestr üçün konserti, bir-birindən gözəl çoxsaylı estrada mahnıları ilə daxil olub: “Bəstəkar yeddi operettanın müəllifidir. Onlardan beşi Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb”.

   Bəstəkar Oqtay Zülfüqarov, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Rəfiqə Zərdabi, Mərkəzin Təhsil şöbəsinin əməkdaşı Səid Hacıyev, Ağcabədi rayon Y.Məmmədov adına mədəniyyət evinin direktoru Məzahir Mehdiyev və başqaları çıxış edərək bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışdılar, onunla bağlı xatirələrini bölüşdülər.

   Qeyd olundu ki, Rauf Hacıyev 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işlədiyi dövrdə musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərib, onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Dövlət Rəqs Ansamblı yaradılıb. Görkəmli bəstəkar dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır.

   Sonda çıxış edən bəstəkarın qızı, H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin fortepiano müəllimi Nanə Hacıyeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Tədbir boyu bəstəkarın musiqiləri səsləndirildi.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 6 iyun.- S. 11.