Ömür yolu bir varaq - yarı qara, yarı ağ
Abbas Mirzə
Şərifzadə - 120
“Abbas Mirzə
məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir.
Lakin o, başdan-ayağa istedaddır. Sənət onunla bərabər doğulmuşdur.
Sənət onun qanında və iliyindədir”
- bu fikirləri Azərbaycan teatr sənətinin ilk Hamleti olan Abbas
Mirzə Şərifzadə haqqında böyük
dramaturq Cəfər Cabbarlı söyləmişdir.
Görkəmli aktyor istedadı və sənətə
olan sevgisi sayəsində
Azərbaycan teatr tarixinə öz adını əbədi olaraq
həkk etmişdir.
İyunun 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli səhnə ustası, Xalq artisti Abbas Mirzə Şərifzadənin (1893-1938) 120 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi. Tədbirə gələnlər əvvəlcə teatrın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Xatirə gecəsini sənətşünaslıq doktoru, professor İlham Rəhimli açaraq korifey sənətkarın həyat və yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən danışdı. Kinoşünas Aydın Kazımzadə Abbas Mirzə Şərifzadənin kino yaradıcılığından söz açdı. Qeyd etdi ki, 1925-ci ildə Bakı Kino Fabrikində açılan kurslarda təhsil alan Abbas Mirzə sonra burada müəllim kimi fəaliyyət göstərərək aktyorluq ixtisasından dərs deyib: “Kino bir cazibə mərkəzi kimi onu özünə çəkirdi. Əgər repressiyanın qurbanı olmasaydı, ömrünü bütünlüklə kinematoqrafiya sahəsinə həsr edəcəkdi və kinomuz daha da sürətlə inkişaf edəcəkdi”.
Xatirə gecəsində tanınmış teatr və kino xadimləri də iştirak edirdilər. Teatrın aktyorlarının ifasında vaxtilə Abbas Mirzə Şərifzadənin oynadığı tamaşalardan parçalar nümayiş olunduqca, tədbirin aparıcısı professor İlham Rəhimli sənətkarın həyat yolunun epizodlarını iştirakçıların nəzərinə çatdırırdı.
Tədbirə böyük aktyorun ailə üzvləri də gəlmişdilər. Sənətkarın nəvəsi Nərgiz xanım və “Eurovision-2011” musiqi yarışmasında ölkəmizə qələbə qazandırmış nəticəsi Eldar Qasımov tədbirə qatılan hər kəsə təşəkkür etdi: “Bu gün ulu babamın 120 illik yubileyi qeyd edilir. Bundan böyük qürur duyuram. Çalışıram ki, hər addımımda onun adını uca tutum və bu ada layiq olum”, - deyə E.Qasımov bildirdi.
Ömür də
bir kinodur
Səhnə fəaliyyətinə 1908-ci ildə, 15 yaşında Molyerin “Zorən təbib” əsərində epizodik rolla başlayan aktyor iki ildən sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr truppasına qəbul edilir. 1911-ci ildə burada o özünü təsdiq edən ilk rolunu - Ə.Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazını yaradır. Bundan sonra sənət axtarışlarını davam etdirən aktyor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları arasında öz yerini tutur. Yaradıcılığında diqqətçəkən məqamlardan biri məhz Azərbaycan teatr və kino tarixində ilklər cərgəsində Abbas Mirzənin xüsusi yer almasıdır. Azərbaycan səhnəsində ilk Hamleti məhz o yaratmışdır. C.Cabbarlının tərcüməsində A.A.Tuqanovun səhnələşdirdiyi tamaşa 1927-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində göstərilir.
Böyük sənətkar həm də teatr tariximizin ilk rejissorlarından biridir. “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar” əsərlərini səhnələşdirməklə yanaşı, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına da quruluş verib. Azərbaycan kino tarixinin ilk rejissorları deyiləndə, yenə ilk olaraq fikrimizə A.M.Şərifzadənin adı gəlir. “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu”, “Bismillah” filmləri ilə adı milli kino tarixinə düşüb. Əfsus ki, böyük səhnə ustasının həyatı və sənət ömrü yarımçıq kəsilir.
1937-ci ilin
dekabrında aktyor həbs edilir. Evində aparılan
axtarış zamanı
bir teatr qılıncı və iki teatr tapançası
silah kimi sənədləşdirilərək müsadirə olunur.
Abbas Mirzə İran dövlətinin xeyrinə
casusluqda ittiham olunaraq məsuliyyətə
cəlb edilir. Buna səbəb kimi
aktyorun 1932-ci ildə Gəncədə olarkən
orada fəaliyyət göstərən İran
konsulluğuna bir neçə dəfə getməsi göstərilir.
İran konsulluğunun rəhbəri
teatrı çox sevdiyindən böyük maraqla aktyorların oyunlarına baxar və hərdən onları qonaq da çağırarmış.
Çoxlu sayda ittihamlara
məruz qalan aktyor özünü yalnız ehtiyatsızlıq
edərək İran konsulluğuna ayaq basmaqda günahkar bilir. Siyasi görüşlərinə dair bütün ittihamları birmənalı
şəkildə rədd
edir. Buna baxmayaraq sənətkarı
“ifşa edilmiş” Mikayıl Müşfiqin, Hüseyn Cavidin əsərlərini təbliğ
etməkdə də günahlandırırlar. İşgəncələrə
davam gətirərək,
bütün ittihamlara
“yox” deyə cavab verən və heç kim haqqında
ifadəyə imza atmayan sənətkar yalançı şahid ifadələrinin əsasında
günahlandırılır. 1938-ci ilin 19 oktyabrında
məhkəmə öz
hökmünü verir.
Hökm bir ay sonra yerinə
yetirilir. 17 il sonra, 1955-ci ildə A.M.Şərifzadənin
cinayət işinə
SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyası tərəfindən yenidən
baxılır və sənətkara ölümündən
sonra bəraət verilir...
Lalə Azəri
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 11.