Sənət zirvəsində yaşanan ömür

 

   Firəngiz Əlizadə - 65

  

   Əsrlər boyu Şərq dünyası öz mənəvi zənginliyi, ekzotikliyi, fərdi düşüncə tərzi, mistikliyi ilə qərbli psixologiyasını riqqətə gətirmişdir. Görkəmli şəxsiyyətlər «Şərqi fəth etmək» ideyası ilə, bəziləri isə islahatçı nöqteyi-nəzərindən Şərq spesifikasına müraciət etmişlər. Əlbəttə, şərqli «Avropaya pəncərə açdığı» andan bu ideya daha sürətlə baş tutdu. Qərb adamı Şərqin mənəvi-estetik dəyərlər sistemini, fəlsəfi-teoloji ideologiya bazasını əxz etməyi bacardı.

  

   Azərbaycanın Xalq artisti, XXI əsrdə dünya musiqisində öz sözünü demiş, öz dəst-xətti ilə seçilən bəstəkarlardan olan Firəngiz Əlizadənin mədəniyyət fəlsəfəsi də Şərq və Qərb mədəniyyətlərinin unikal birliyidir. Bu günlərdə görkəmli bəstəkarın 65 yaşı tamam oldu. Bu münasibətlə bəstəkarın sənət dünyasına səyahət edərək onun yaradıcılığının bəzi məziyyətlərindən söhbət açmaq istəyirəm.

   Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olub. Erkən yaşlarında musiqiyə olan böyük sevgisi onu ömürlük bu sənətə bağlayıb. 1965-ci ildə Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsinə daxil olur. Lakin bəstəkarlığa da böyük həvəs göstərir. Cövdət Hacıyevin, daha sonra Qara Qarayevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Sonralar uzun illər konservatoriyada Qara Qarayevin rəhbərliyi altında assistent kimi çalışıb, öz yaradıcılığında böyük bəstəkarın ənənələrini davam etdirib.

   O öz əsərlərilə daim sevilən, insanı düşündürən sənətkardır, çünki yaradıcılığında doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir. Firəngiz Əlizadə, eyni zamanda, bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin nailiyyətlərini mənimsəmiş, öz əsərləri ilə dünya musiqi mədəniyyəti xəzinəsini zənginləşdirmişdir.

   Firəngiz Əlizadə dünya miqyasında tanınan və ölkəmizi dünyada tanıdan sənətkarlardandır. Təkcə bunu demək kifayətdir ki, o, 2007-ci ildə UNESCO-nunSülh artisti” fəxri adına layiq görülmüş yeganə azərbaycanlıdır. 1981-ci ildə ona Bəstəkarlar Liqasının Fəxri diplomu, 1992-ci ildə LE Diapazon D.OR Chant Du Monde, 2003-cü ildə Kembric Bioqrafik Mərkəzi tərəfindən diplommedal təqdim edilmişdir.

   Firəngiz xanımın yaradıcılığında uğurlar çoxdur. Almaniyanın məşhur “Sikorski” nəşriyyatı onumüasir klassik musiqidə əhəmiyyətli müvəffəqiyyətlər qazanmış Şərq musiqi mədəniyyətinin ilk nümayəndəsi” adlandırır. Əsərləri Nyu-York, London, Amsterdam, Brüssel və digər şəhərlərin möhtəşəm zallarında, Mstislav Rostropoviç, Yo-Yo Ma, Evelin Qlenni, İvan Monigetti, Yulius Berger kimi dünya şöhrətli musiqiçilər, eləcə də “Kronos Quartet” (San-Fransisko), “Nieuw Ensemble” (Amsterdam), “Hilliard EnsembleFilarmonik Orkestr” (London), “Berliner Philarmoniker” və digər tanınmış kollektivlər tərəfindən ifa olunub. Əsərlərindən ibarət 20 albom işıq üzü görüb. Dünyanın məşhur “Sony Classical” və “Nonesuch Records” səsyazma kompaniyaları onunla əməkdaşlıq edir. Bütün bunlar yalnız bəstəkar, pianoçu, dirijor, Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin deyil, Azərbaycanın mədəniyyət tarixinin səhifələrinə yazılan uğurlardır. Dövlətimiz də sənətkarın əməyini yüksək qiymətləndirib: bəstəkar 1990-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adı, 2007-ci ildə "Şöhrət" ordeni, 2009-cu ildə "Uğur", 2012-ci ildə "Zirvə" mükafatı ilə təltif olunub.

   Bəstəkar, demək olar ki, bütün janrlarda novatorluğu və yüksək bədii səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Onun əsərlərində əsas mövzu kimi insanın səadət və azadlıq uğrunda mübarizəsi öz əksini tapmışdır. İstər müxtəlif xalqlara və dövrlərə məxsus əfsanələr, istərsə də poeziya, nəsr və dramaturji əsərlər olsun - adıçəkilən mövzular bəstəkar üçün həmişə ən başlıca ilhamverici amil olmuşdur. Əsərlərində bu cür aktual tematikanın gözəl melodiyalar, orijinal və rəngarəng harmoniyalar, çoxçalarlı orkestrləşmə və forma kamilliyi ilə parlaq ifadəsi hər zaman dinləyicilər tərəfindən rəğbətlə qarşılanır. Bəstəkarın yaradıcılığında dərin fəlsəfi fikir və incə psixologizm, musiqi surətlərinin dramaturji inkişafı və portret xasiyyətnamələrinin tutarlığı, musiqi dilinin anlaşılması və qüsursuz zövq üzvi şəkildə qovuşur.

   Firəngiz Əlizadə yaradıcılığı geniş və çoxşaxəlidir. O, pianoçu, bəstəkar, pedaqoq, musiqi təbliğatçısı, ictimai xadim kimi müstəsna xidmətlərə malikdir. Pianoçu kimi hələ gənc yaşlarından öz ifa texnikası, peşəkarlığı ilə seçilib. Bir çox bəstəkarın əsərlərinin ilk ifaçısı məhz Firəngiz xanım olub. Xarici ölkələrdə keçirilən festivallarda da mahir pianoçu kimi iştirak edib.

   İlk əsərlərini də məhz fortepiano üçün yazıb. Ümumiyyətlə, bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. Fortepiano sonatasının (1970), fortepiano ilə orkestr üçün konsertin (1972), simli kvartet (1974), simfoniya (1976), "Vətən haqqında nəğmələr" oratoriyası, violonçel ilə fortepiano üçün "Habilsayağı" (1979), orqan üçün fantaziya (1982), " atlı haqqında əfsanə" rok-operası (1985), "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" (1993) baletinin, digər musiqi əsərlərinin, filmlərə musiqinin müəllifidir. Bir çox ölkələrdə (İtaliya, İsveç, Almaniya, Meksika, ABŞ, İngiltərə, Hollandiya) müasir musiqi festivallarında iştirak etmişdir.

   Xalqını, vətənini sevən bəstəkar onun mədəniyyətini təbliğ etməklə bərabər, tarixiniöz əsərlərində əks etdirməyə çalışır. İlk dəfə 2007-ci ildə səhnəyə qoyulanİntizar” operası da bu qəbildəndir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, Azərbaycan təbiətinin gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapır. Bu mövzular musiqi dili ilə vəhdət təşkil edir.

   Firəngiz xanım uzun illər xarici ölkələrdə yaşayıb işləmişdir. Bəstəkar 1993-1998-ci illərdə Türkiyədə, 1999-2006-cı illərdə isə Almaniyanın İncəsənət Akademiyasının dəvəti ilə Berlində yaradıcılıq ezamiyyətində olub. Bu illər ərzində həm bəstəkar pianoçu, həm də lektor kimi fəaliyyət göstərərək Azərbaycan musiqi mədəniyyətinin gözəl incilərini təbliğ edib. Hazırda Firəngiz xanım işlərinin çox olmasına baxmayaraq, bu günmusiqimizin təbliğində fəaliyyətini davam etdirir.

   Xalq artisti, “Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin ictimai xadim kimi də mədəniyyət tariximizdə layiqli yeri var. O, 1974-cü ildə SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 2007-ci ildə isə təşkilatın sədri seçilib. O, milli musiqimizin geniş təbliği istiqamətində həyata keçirilən böyük layihələrdə fəal rol oynayır. Onun təşəbbüsü ilə Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələr milliliklə müasirliyin təzahürünü özündə əks etdirir.

   Muğam şifahi ənənəli professional musiqi janrı olmaqla bərabər, həm də düşüncə mənbəyimizdir. Odur ki, muğam sənəti müdrikkamil insanların sayəsində inkişaf etmişdir. Bu cəhət muğamlarımızın əbədiyaşarlığı yolunda həyata keçirilən layihələrdə öz əksini tapır. Belə layihələrdən son illərdə keçirilən «Muğam aləmi» beynəlxalq muğam festivallarını və muğam ifaçılarının beynəlxalq müsabiqələrini xüsusi qeyd etmək istərdim. Bu tədbirlərin təşkilində, keçirilməsində Firəngiz Əlizadə yaxından iştirak etmişdir.

   Muğam layihələri çərçivəsində 2005 və 2007-ci illərdə keçirilən muğam müsabiqələri yeni nəslin muğama bağlılığı sayəsində gənc muğam ifaçıları yetişdirdi. Bu müsabiqələr həm də muğam sənətinin ustadlardan gənclərə ötürülməsi yolunda mühüm bir addım idi.

   Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunduğu 2009-cu ilin martında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Muğam Festivalı milli musiqi irsimizin dünyaya tanıdılmasında tarixi hadisə, mədəniyyətimizin növbəti təntənəsi oldu. Festivalın rəsmi açılış mərasimində Firəngiz Əlizadənin quruluşunda hazırlanan ədəbi-bədii muğam kompozisiyası öz orijinallığı ilə diqqəti çəkdi. Xalq şairi Bəxtiyar Vahabzadənin «Muğam» poemasından istifadə olunaraq 7 muğam (“Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Humayun”) üzərində gözəl bir kompozisiya qurulmuşdu. Bəstəkar kompozisiyada muğama yeni ahəng gətirərək polifonik üslubdan istifadə etmişdir. Hər muğam oxunarkən səhnədə kainatın cisimləri müxtəlif rənglərdə əks olunurdu. Kompozisiya tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılandı.

   2011-ci ildə keçirilən II Beynəlxalq Muğam Festivalında da Firəngiz Əlizadənin yeni kompozisiyaları tamamilə fərqli bir şəkildə təqdim olunmuşdur. Bəstəkar bu gün yeni ideyalar, yeni konsepsiyalar axtarışındadır.

   Hər bir əsərin yaradıcısı ilk növbədə layiqli vətəndaş olmalıdır ki, o, öz xalqının yaşantılarını sənətin dili ilə ifadə edə bilsin. Çünki sənət əsəri tarixin yaddaşına yazılır. Görkəmli bəstəkar Firəngiz Əlizadə də əsərlərində öz zamanını, öz dövrünü yaratmaqdadır. Əminik ki, bu zəngin yaradıcılığa hələ neçə-neçə yeni səhifələr əlavə olunacaq.

   Yazını sənətkarın öz fikirləri ilə yekunlaşdırmaq istəyirəm: «Mən öz qarşıma məqsəd qoymuşam ki, dünya insanlarına bizim musiqimizi tanıdım. Və bu sözlərə sübut doğrudan da bizim musiqimizi dünyanın professionalları dinləyəndə ən yüksək qiymət verirlər... Məqsədim gənclərdə sənət aləminin hüdudsuzluğu və rəngarəngliyi təsəvvürü yaratmaqdır. Axı, dünyada eyni vaxtda estetik dünyagörüşü cəhətdən bir-birindən fərqlənən sənətçilər fəaliyyət göstərir. Bəzi əsərlər asan anlaşıldığı halda, digərləri böyük daxili mədəniyyət, intellekt tələb edir. Bax belə dinləyicilərə ünvanlanan elitar musiqi mütləq mövcud olmalıdır. Zənnimcə, məhz o, incəsənəti irəli aparır, inkişaf etdirir...”

   Firəngiz xanıma həyat və yaradıcılıq yollarında yeni uğurlar arzulayırıq.

  

 

   Jalə Qulamova,

   Azərbaycan Milli

   Konservatoriyasının dosenti,

   sənətşünaslıq namizədi

 

   Mədəniyyət.- 2012.- 6 iyun.- S. 10.