Bir neçə mehmanxana və
turizm şirkətinə lisenziya
verilib
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən may ayı ərzində
bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə fəaliyyət
üçün xüsusi razılıq (lisenziya) verilib.
Nazirliyin Turizm şöbəsindən
verilən məlumata görə, lisenziya almış obyektlər
bunlardır: "Günəşli" mehmanxanası (Bakı
şəhəri, Babək prospekti, 106d), "Gəncəli
Plaza" (Bakı, Ü.Hacıbəyli, 48), "Astoria
Baku" mehmanxanası (Bakı, Babək prospekti, 76), "Park
İnn Azərbaycan" hoteli (Bakı, Azadlıq prospekti 1),
"Radisson Blu Plaza Hotel Baku" mehmanxanası (Bakı, Nizami
küçəsi, 69), "Qızıl Yamal" qonaq evi (Cəlilabad
rayonu Göytəpə şəhəri), "Masallı
İstisu Fatmeyi-Zəhra Şəfa" sanatoriyası
(Masallı rayonu Qəriblər kəndi), "Duyma" istirahət
mərkəzi (Qəbələ rayonu Vəndam kəndi).
May ayı ərzində həmçinin
beş şirkətə turizm fəaliyyəti ilə məşğul
olmaq üçün xüsusi razılıq (lisenziya) verilib:
"Alean Company" MMC, "Sahil Travel" MMC, "AYF Safari
International" MMC, "Bakı-Tur" MMC və "Fun
Travel" MMC. Bu müəssisələr Bakıda fəaliyyət
göstərir.
Bundan əlavə, nazirliyin
müvafiq əmrinə əsasən "Nyu Sfera-Turizm"
MMC-yə məxsus İsmayıllı rayonu, İstisu kəndi
ərazisində yerləşən "Green House" istirahət
mərkəzinə verilmiş lisenziyanın fəaliyyəti
dayandırılıb.
Turoperatorlardan
bank öhdəliyi tələb ediləcək
Hazırda fəaliyyət göstərən
turizm şirkətləri müəyyən meyarlara cavab verdikləri
halda, Mədəniyyət və Turizm Nazirliyinə turoperator
lisenziyası almaq üçün müraciət edə biləcəklər.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin
sədri Nahid Bağırovun sözlərinə görə,
bu fəaliyyət növü lisenziyalaşdırılmasa da,
hazırda Azərbaycanda turoperator fəaliyyəti göstərən
şirkətlər var. Ancaq onlar hazırkı qanunvericiliyə
uyğun olaraq turizm şirkəti adlanır: “Turizm haqqında”
yeni qanun qəbul olunduqdan sonra turoperator kimi fəaliyyət
göstərən turizm şirkətləri turoperator
lisenziyası almaq üçün müraciət edə biləcəklər.
Bundan sonra onları rəsmi olaraq turoperator adlandırmaq
mümkündür”.
Bununla belə, turoperator kimi fəaliyyət
göstərəcək turizm müəssisələrinə
lisenziya verilərkən onlardan bank öhdəliyinin tələb
ediləcəyi də gözlənilir. Assosiasiya sədri
bildirdi ki, başqa ölkələrdə turoperatorlara lisenziya
verilərkən onlardan ya bank, ya da sığorta öhdəliyi
tələb edilir: “Azərbaycanda turoperatorlar yaradılarkən,
yəqin ki, bank öhdəliyi tələb ediləcək. Bu məbləğ
dövlət tərəfindən tənzimlənəcək.
Turoperatorlar lisenziya alarkən onlardan 100 min manat məbləğində
bank öhdəliyi tələb oluna bilər. Qeyd edim ki, əksər
ölkələrdə bu rəqəm daha yüksəkdir”.
N.Bağırovun fikrincə,
turoperatorların yaranması nəticəsində turizm
şirkətlərinin məsuliyyəti artacaq, turoperator
müflis olduqda turistlərlə yaranan problemlər bank zəmanəti
əsasında həll ediləcək, turistlərin xərcləri
ödəniləcək: «Bu yaxınlarda Rusiyada bir turizm
şirkəti ilə bağlı belə hadisə baş
vermişdi. Turistlər pulunu ödəyib xarici dövlətə
səfərə gediblər. Məlum olub ki, onları göndərən
şirkət müflis olub və turistləri sifariş olunan
hotellərdə yerləşdirməyiblər. Amma bank təminatı
olduğu üçün müəyyən məsələlər
həll olundu”.
Qeyd edək ki, ölkəmizdə
yeni hazırlanan «Turizm haqqında» qanun layihəsində
turoperatorların yaradılması təklif edilir. Turoperator fəaliyyəti
lisenziyalaşdırılmış turizm təşkilatçısıdır.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 7.