Ölkəmizlə
Sloveniya arasında turizm
əlaqələri genişlənir
«Slovenia Medical» kurortlar birliyi Bakıda təqdimat keçirdi
İyunun 4-də
Bakıdakı «Qafqaz
Point» hotelində «Slovenia Medical» müalicəvi kurortlar birliyinin təqdimatı keçirildi.
Tədbirin təşkilatçısı olan “Millennium Tourism&Congress
DMC” şirkətinin direktoru
Ruslan Quliyev bildirdi ki, Sloveniyanın
turizm təmsilçiləri
Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdırlar.
Bu ilin fevralında bu istiqamətdə ilk təqdimatın
gerçəkləşdiyini xatırladan R.Quliyev qeyd etdi ki,
hər iki ölkədə mövcud
olan çoxlu sayda termal və
müalicəvi kurortlar
ikitərəfli turizm
əlaqələri üçün
geniş imkanlar açır: “Bunu nəzərə alaraq, biz
də Azərbaycanla Sloveniyanın qarşılıqlı
tanıtımını təşkil
etmək istəyirik. Budəfəki görüşdə
«Slovenia Medical» müalicəvi kurortlar birliyinin tərkibində turizm xidməti göstərən
6 böyük tibb mərkəzinin - «Qolnik» allergik xəstəliklər
mərkəzi, «Maribor» klinikası,
«Soça» reabilitasiya
mərkəzi, «Valdoptra»
ortopedik xəstəxanası,
«Terme KRKA» və «Roqaşka» tibb mərkəzlərinin nümayəndələri
iştirak edirlər”.
Sonra qonaqlar təmsil
etdikləri istirahət-müalicə
müəssisələri haqqında
məlumat verdilər.
Həkim Şaşa Yakaş ölkəsinin turizm potensialı haqqında danışaraq
bildirdi ki, 2 milyon əhalisi olan Sloveniya təbii gözəlliyi və zəngin tarixi abidələri ilə Avropada ən maraqlı turizm məkanlarından biridir: “Sloveniyanın təbiəti il ərzində müxtəlif
növlərdə turizm
fəaliyyətinə imkan
verir. Ölkəmizə gələn turistlər
səhər dağda xizək sürə, günorta Adriatik dənizinin sahilində, axşam isə təbiətin gözəlliklərindən
zövq alaraq hər hansı bir turizm mərkəzində
mənalı istirahət
edə bilərlər.
Qışda dağ-xizək
turizmi, yazda və payızda ölkə üzrə piyada turlar, yayda isə çimərlik turizmi üzrə ixtisaslaşmış
turizm-istirahət mərkəzlərimiz
var. Dağ-xizək turizm
mövsümü dekabrdan
marta qədər,
bəzi yerlərdə
isə hətta may ayınadək davam edir».
«Roqaşka» tibb mərkəzinin direktoru Zvona Novina bildirdi ki, Sloveniyanın mineral suları ürək-damar sistemi, şəkərli diabet, müxtəlif oynaq xəstəliklərinin
müalicəsində istifadə
olunur: «Müalicə mərkəzlərimizdəki qiymətlər
Avropanın tanınmış
kurortlarından da ucuzdur. Sloveniya il ərzində
1 milyondan çox turist qəbul edir. Onların təxminən dörddə
biri müalicə məqsədilə gəlir.
Balneoloji
kurortlar ilin bütün fəsillərində
fəaliyyət göstərir».
Qonaq Bakının müasir
bir şəhər olduğunu, eyni zamanda burada qədim abidələrin də diqqət çəkdiyini bildirdi.
Onun sözlərinə
görə, tarixlə
müasirliyin qovuşduğu
belə yerlər turistlər üçün
çox maraqlıdır:
«Bu baxımdan Azərbaycan
da sloveniyalılar üçün maraqlı
turizm məkanı ola bilər.
Düşünürəm ki, həm tibb müəssisələri
ilə, həm də turizm şirkətləri ilə
əməkdaşlığı daha yüksək səviyyədə qurmağımız
hər iki tərəf üçün
sərfəli olacaq».
Qeyd edək ki, Sloveniyanın
Bakıda konsulluğu
fəaliyyət göstərsə
də, viza vermək səlahiyyəti
yoxdur. Sloveniyaya viza almaq istəyənlər Latviyanın
Azərbaycandakı səfirliyinə
müraciət edə
bilərlər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 7.