Azərbaycan kulinarlarının növbəti nailiyyəti

 

   Komandamız İspaniyadan 3 qızıl, 2 gümüş, 4 bürünc medal və 2 diplomla qayıdıb

  

   Mayın 12-17-də Azərbaycanın milli kulinariya komandası İspaniyanın Tenerife şəhərində keçirilən «Həyatın dadı» VII Beynəlxalq Kulinariya Çempionatında iştirak edib. Bu barədə iyunun 1-də keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verdi. Onun sözlərinə görə, müsabiqəyə 4 ölkə qatılıb: Azərbaycan, Ukrayna, Polşa, İspaniya. İki ölkə (SerbiyaRusiya) son anda çempionata gələ bilmədiklərini xəbər verib.

   Azərbaycandan 3 aşpaz yarışlarda ümumilikdə 12 fərdi (hər biri 4 fərdi) sinifdə və komanda sinfində iştirak edib: «Hər yarışmada olduğu kimi, bu çempionatda da təmsilçilərimiz yüksək bacarıq nümayiş etdirdilər. Çempionatda Asya Axundova 1 qızıl, 1 bürünc medal, 2 diplom (4-cü yer); Fəqan Ağayev 1 qızıl, 1 gümüş, 1 bürünc; Ağa Aşurov 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandı. Qara qutu yarışmasında isə komandamız bürünc medal qazandı. Komandamız ümumilikdə 13 sinifdə 11 uğurlu nəticə (3 qızıl, 2 gümüş, 4 bürünc medal və 2 diplom) göstərib».

   Tahir Əmiraslanov qeyd etdi ki, çempionatda komandamız daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verib. Özləri ilə «Azersun Holding» şirkətinin istehsalı olan «Möcüzə» qarğıdalı, günəbaxan və zeytun yağları apardıqlarını deyən assosiasiya rəhbəri bildirdi ki, yarış zamanı bu yağlardan digər komandalar da istifadə ediblər: «Ukrayna komandası «Möcüzə» qarğıdalı yağını xüsusilə bəyəndi. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi».

   T.Əmiraslanovun sözlərinə görə, kulinarlarımız iyunun 7-8-də Rusiyanın Çeboksarı şəhərində keçiriləcək növbəti yarışda da uğurla çıxış etmək əzmindədirlər. Yarışmada Azərbaycan komandasının hazırlayacağı yeməklərə, süfrənin bəzədilməsi və dizaynına "Eurovision-2012" müsabiqəsinin elementləri də əlavə olunacaq: «Bu yarışda Azərbaycanın milli yeməkləri hazırlanarkən «Eurovision-2012»də 1-ci, 2-ci və 3-cü yerləri tutan ölkələrin (İsveç, Rusiya, Serbiya) mətbəx nümunələri də nəzərə alınacaq. Hər yemək süfrəsində Azərbaycan şərabları və türk şərbətləri veriləcək”.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 6 iyun.- S. 7.