II
Respublika dekorativ-tətbiqi sənət festivalı
Sonuncu regional sərgi Xaçmazda keçirildi
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə II Respublika dekorativ-tətbiqi sənət festivalı
keçirilir. İyunun 1-də Xaçmaz rayonunda
festivalın sonuncu regional sərgisi açıldı.
Mərasimdə Xaçmaz Rayon
İcra Hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayev, rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Nazim Ağayev, Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət şöbəsinin Təsviri
və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov,
sektorun böyük məsləhətçisi Anar Qurbanov, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin direktoru Röya Tağıyeva, şəhər və
rayon mədəniyyət və turizm şöbələrinin
müdirləri, Rəssamlıq Akademiyasının müəllimləri
və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Xaçmaz Rayon Mədəniyyət
və İstirahət Parkında təşkil olunan regional sərgiyə
respublikanın 9 şəhər və rayonunun (Xaçmaz,
Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Şamaxı,
Hacıqabul, Qobustan) xalq sənətkarları və dekorativ-tətbiqi
sənət ustaları qatılmışdı.
Çeşidli
sənət nümunələri, gözoxşayan əl
işləri
Sərginin
keçirildiyi gün Xaçmazda həzin meh əsirdi. Təşkilati işlər artıq başa
çatmışdı və hər kəs açıq
havada, milli musiqinin sədaları altında nümayiş
olunacaq sərginin açılışını gözləyirdi.
El sənətkarları sərgiyə gətirdikləri
sənət nümunələrini onlar üçün
ayrılan yerlərdə sıra ilə düzür, öz
bacarıqlarını geniş ictimaiyyətə təqdim etməyə
hazırlaşırdılar. Festivalda
iştirak etmək arzusunda olan dekorativ-tətbiqi sənət
ustalarının müvafiq rayon və şəhər mədəniyyət
və turizm şöbələri tərəfindən
qeydiyyatı əvvəlcədən aparılmış, park ərazisində
onlara əl işlərini sərgiləmək
üçün lazımi şərait
yaradılmışdı.
Regional sərgidə nümayiş
olunan dekorativ-tətbiqi sənət əsərləri
arasında xalçaçılıq, batika, qobelen, toxunma
qrafika, bədii oyma, dulusçuluq (keramika), bədii tikmə,
bədii şüşə, toxuma, makrame, zərgərlik, bədii
dəri işləmə, bədii döymə, prioqrafiya
(ağac, dəri, tikmə üzərində yandırma
üsulu ilə naxış açma) üsulu ilə
hazırlanmış nümunələr göz
oxşayırdı. Bəzən iki ustanın
birgə hazırlayaraq sərgiyə təqdim etdiyi sənət
nümunələrinə də rast gəlmək olurdu.
İlk festivalın müsbət nəticələri
Tədbiri Xaçmaz Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Nazim Ağayev
açaraq festivalın əhəmiyyətindən
danışdı: “Mədəniyyət və Turizm Nazirliyinin
qədim sənət növlərinin bərpası,
yaşadılması və inkişaf etdirilməsi istiqamətində
həyata keçirdiyi tədbirlər rəğbətlə
qarşılanır. Belə festivalların
davamlı olaraq keçirilməsi mədəniyyətimizin
inkişafına xidmət edir. Bugünkü
sərgiyə 9 şəhər və rayondan el sənətkarları
əl işlərini təqdim ediblər. Onların
arasından ən yaxşıları seçilərək
yekun sərgidə nümayiş olunacaq”.
Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov bildirdi ki,
festival dekorativ-tətbiqi sənət növlərinin təbliği
və qorunması ilə yanaşı, bölgələrdə
mədəni mühitin daha da canlanmasına zəmin
yaradır. Qeyd olundu ki, fevral ayından
başlanan festivalın Gəncə, Şəki və Lənkəranda
regional sərgiləri keçirilib. Respublikanın
bu sahə üzrə tanınmış mütəxəssisləri
festivalın münsiflər heyətində təmsil olunurlar.
Regional sərgilər respublikanın müxtəlif bölgələrində,
şəhər və kəndlərində yaşayan
dekorativ-tətbiqi sənət ustalarını bir araya gətirməyə,
onların yaradıcılıqlarına stimul verməyə
xidmət edir: “Biz artıq görürük ki, I Respublika
dekorativ-tətbiqi sənət festivalı öz nəticəsini
verib. İki il ərzində yeni,
maraqlı sənət nümunələri yaradılıb. Bu ilin dekabrında Bakıda festivalın yekun sərgisi
keçiriləcək. Münsiflər heyəti
tərəfindən seçilmiş əsərlər həmin
sərgidə geniş ictimaiyyətə təqdim olunacaq.
Azərbaycan və ingilis dillərində
çap olunacaq kataloqlar vasitəsilə el sənətkarları
həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də
digər qurumların - müxtəlif səfirliklər, turizm,
diaspor təşkilatları, xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin
xətti ilə tanıdılacaq”.
Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru
Röya Tağıyeva bildirdi ki, festival qarşıya
çıxan problemlərin həllinə, sənətkarlarla əlaqələrin
yaradılmasına geniş imkanlar açır: “Sərgidə
iştirak edən hər bir sənət ustasına yeni
yaradıcılıq uğurları arzulayıram. Düşünürəm ki, qədim sənət
növlərinin yaşadılması, inkişafı
üçün hər kəs səy göstərməlidir.
Festival sənətkarlara yaradıcılıq
ünsiyyəti qurmağa imkan verir”.
Sonra sərgidə
iştirak edən bir qrup xalq sənətkarı və
dekorativ-tətbiqi sənət ustasına Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edildi.
Sənət
ustalarının ürək sözləri
Sərgidə
müxtəlif yaş qruplarından olan xalq tətbiqi sənət
ustalarını görmək olurdu. Hər
biri hazırladıqları əl işlərinin seçkin
xüsusiyyətlərini fəxrlə nümayiş etdirir,
maraqlananların suallarını cavablandırırdı.
63 yaşlı Bayram Ağasıyev ixtisasca tar
müəllimidir. Şabran rayonunun
Dağbilici kəndində çalışır.
Festivala özünün hazırladığı musiqi alətlərini
təqdim edib: “İnsanlar sərgiyə çox maraq göstərir.
Belə tədbirlər qədim sənət
növlərinin tanıdılmasına xidmət edir”.
Xızı rayonundan
sərgiyə qatılan Rəcəb Rəsulov isə ağac
üzərində bədii oyma işlərini təqdim edirdi.
Özü haqqında danışmaq istəməsə
də, hazırladığı sənət nümunələri
onun istedadından xəbər verirdi. Təqdim
etdiyi işlər arasında suvenir musiqi alətləri,
beşik, rəhil, zövqlə işlənmiş rəsm
çərçivələri maraqlı və baxımlı
idi.
Quba rayonunda toxunan
xalçalar isə Azərbaycanın sənətkarlıq
paytaxtının imkanlarını sərgiləyirdi.
Rayonda fəaliyyət göstərən “Aygün” Sənətkarlıq
Mərkəzinin rəhbəri Fatimə Ağamirzəyeva sərgidə
regiona xas olan xalçaların, çeşnilərin
nümayiş olunduğunu deyərək, onların
anlamını, süjet xəttini həvəslə izah edir:
“Gördüyünüz bu xalçanın süjet xətti
“Kəlilə və Dimnə”dən götürülüb. Bu isə “Leyli və Məcnun” əsərindən.
Biz əsasən itən kompozisiyalar üzərində
daha çox işləyirik. Sərgiyə
8 növ xalça çıxarmışıq. Xalçaçılıq Qubanın qürur mənbəyidir”.
Sərginin digər
bir iştirakçısı - Xaçmazdan Ədalət
Pirverdiyevin daş üzərində bədii oymalardan ibarət
əl işləri xüsusi maraqla qarşılanırdı.
Gənc usta çay daşları üzərində insan təsvirləri,
müxtəlif naxışlar həkk edir.
Hazırladığı hər bir əl işi kifayət qədər
maraqlı alınır: “Mədəniyyət və Turizm
Nazirliyin təşkil etdiyi I Respublika dekorativ-tətbiqi sənət
festivalında da iştirak etmişəm. Budəfəki
sərgi daha rəngarəngdir. Sərgiyə
100-dən artıq əl işimi gətirmişəm. İndi insanlar xalq tətbiqi sənət növlərinə
daha çox maraq göstərir. Bu, mənim
həvəsimi daha da artırır. Gənc
yaşlarımdan bu sənətlə məşğul
olmağa başlamışam. Qobustanda
qayalar üzərində təsvirlərə baxarkən məndə
maraq yaranırdı ki, daş üzərinə rəsmlər
həkk edim. Hazırda bir neçə
şagirdimə daş üzərində yonma sənətini
öyrədirəm. Yəqin növbəti
festivalda onlar da əl işlərini təqdim edəcəklər”.
Zeydulla Ağayev 40 ilə
yaxındır ki, əlvan metal üzərində döymə
sənəti ilə məşğul olur. Sənətinin
vurğunu olan Zeydulla müəllim Xaçmaz rayonunun
Mürşüdoba kəndində evinin bir guşəsində
gözəl sənət əsərləri yaradır. Əl işləri ölkəmiqyaslı müxtəlif
sərgilərdə nümayiş olunub. Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi sərgilərdə fəal
iştirak edib, diplom və mükafatlara layiq
görülüb. Arzusu bu sənətin əbədi
yaşamasıdır. Sənətini
övladına da öyrədib.
Əvvəllər
belə deyildi...
Sərginin ən
yaşlı iştirakçısı nümayişə
özünün hazırladığı 20-yə qədər
musiqi aləti çıxarıb. Nəfəsli alətlərdə
məharətlə ifa edən 86 yaşlı Habil Dəmirov bu
gün də bacardığı qədər el sənəti
ilə məşğul olur. Müxtəlif ağac növlərindən
zurna, ney, balaban, nağara hazırlayır.
Qocaman sənət ustasının əl işləri
münsiflər heyəti tərəfindən də yüksək
qiymətləndirildi, Habil Dəmirov Mədəniyyət və
Turizm Nazirliyinin fəxri fərmanına layiq
görüldü. Xaçmaz Rayon İcra
Hakimiyyəti tərəfindən ustaya xalça hədiyyə
edildi. Sənətkar deyir ki, əvvəllər qədim
xalq sənəti növlərinə biganəlik var idi:
“İndi hər bir sənət ustası öz işini
insanlara göstərə bilir. Cəmiyyət də
onları görür, tanıyır, qiymət verir. Sərgiyə dəvət olunanda çox sevindim.
Mədəniyyət və Turizm Nazirliyi bu işə
xüsusi diqqət ayırır. Belə sərgiləri
təşkil edənlərə minnətdarlığımı
bildirirəm”.
Dövlət Rəssamlıq
Akademiyasının Dekorativ-tətbiqi sənət
kafedrasının professoru, Əməkdar rəssam Ədhəm
Yusifov da festivalın təşkilini yüksək qiymətləndirərək,
nümayiş olunan nümunələr arasında yüksək
sənət meyarlarına cavab verən işlərin
olduğunu deyir: “Festival sənət adamlarını bir araya gətirir,
onları bu işə ciddi yanaşmağa vadar edir. Çox maraqlı əsərlər gördük.
Xüsusən xalçaçılıq, bədii
oyma işləri çox baxımlıdır.
Düşünürəm ki, yerlərdə el sənətkarları
ilə daima əlaqələr saxlanılmalı, davamlı
iş aparılmalıdır. Belə olsa
heç bir sənət növü unudulmaz, əksinə, daha
da inkişaf edər”.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 6.