Milli Dram Teatrı “Ejen İonesko” festivalından mükafatla qayıdıb

 

   Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Moldovada keçirilən ənənəvi “Ejen İonesko” Beynəlxalq Teatr Festivalında (“BİTEİ-2012”) iştirak edib.

  

   Ejen İonesko adına Teatrın, Moldova Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Kişinyov Bələdiyyəsinin dəstəyi ilə keçirdiyi festival bu ölkənin ən mühüm teatr hadisələrindəndir. 1994-cü ildən etibarən keçirilən festivalda dünyanın bir çox ölkələrinin nüfuzlu teatr kollektivləri iştirak edir. Budəfəki teatr bayramında ölkəmizlə yanaşı, İtaliya, Böyük Britaniya, İspaniya, Yaponiya, Çexiya, Rusiya, Türkiyə, Almaniya, Rumıniya, Gürcüstan, Ukrayna və s. ölkələrdən 25 teatr kollektivi iştirak edib.

   Akademik Milli Dram Teatrı festivalda Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edib. Azərbaycan xalqının ən ağrılı dərdi olan Qarabağ probleminə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.

   Premyerası 2006-cı ildə olan və ötən müddətdə teatrın repertuarında özünəməxsus yer tutan tamaşa bədii-estetik dəyəri ilə yanaşı, ideoloji-siyasi əhəmiyyətilə də diqqəti cəlb edir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işində mühüm əhəmiyyət kəsb etdiyi üçün Akademik Milli Dram Teatrı bu tamaşanın xarici ölkələrdə nümayiş olunmasına xüsusi önəm verir. Tamaşada əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu ifa edirlər.

   Səhnə əsəri Moldovanın teatr ictimaiyyəti və festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Milli Dram Teatrı “Qızıl gözlü ilahə” mükafatı və diplomla təltif olunub.

   Teatrın kollektivi ölkəmizin Moldovadakı səfirliyinin 28 may - Respublika Günü münasibətilə təşkil etdiyi tədbirdə də yaxından iştirak edib. Səfir Namiq Əliyev kollektivlə görüşüb.

  

 

   H.Rüstəmova

 

   Mədəniyyət.- 2012.- 6 iyun.- S. 5.