Bütün zamanların diri
şairi - Mirzə Ələkbər Sabir
Mayın 31-də Mirzə Ələkbər Sabirin 150
illik yubileyi Akademik Milli Dram Teatrında təntənəli
şəkildə qeyd edildi. Hökumət nümayəndələrinin,
millət vəkillərinin, tanınmış elm və incəsənət
xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə
ədibin əsərlərindən ibarət sərgi
nümayiş olundu.
Mərasimi mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev açaraq Mirzə Ələkbər
Sabirin bənzərsiz yaradıcılığından, zəngin
ədəbi irsindən danışdı: “Sabir özünə
qədərki klassik Şərq, o cümlədən Azərbaycanın
möhtəşəm poeziya ənənələrinə əsaslanaraq
milli şeirimizin tamamilə yeni örnəklərini
yaratmışdır. Diqqətəlayiqdir ki, bənzərsiz
şairə qədər onun üslubunda, yaxud bu üsluba
oxşar forma və şəkillərdə ədəbiyyat
nümunələri olmayıb. Sonralar da Sabir novatorluğunu
şərtləndirən meyarlara söykənərək qələm
çalan digər şairlərin heç biri onun
ucalığına yüksələ bilməmişdir.
Əgər belə demək
mümkündürsə, Sabir sözün mütləq
anlamında özü ilə başlayıb, özü ilə
də bitir. Şübhəsiz ki, bu fikir Sabir novatorluğunun
Azərbaycan şeirinin sonrakı mərhələsinə təsirini
qətiyyən inkar etmir. Təqribən 120 ildən çoxdur
ki, Sabirin yaratdığı əsərlər forma bənzərsizliyi,
çoxqatlı bədii obrazlar sistemi, vətəndaş
yanğısı, humanist ruhu ilə onunla tanış olan hər
kəsi heyrətə salır. Sabir nadir şairlərdəndir
ki, onun yaradıcılığı milli ədəbiyyatımızda,
hətta qüdrətli Şərq-İslam ədəbiyyatında
yeni məktəb, yeni mərhələ, yeni hadisə məzmununa
malikdir”.
Nazir böyük ədibin 150 illik
yubileyinin geniş şəkildə qeyd olunmasını
ölkə rəhbərliyinin mədəniyyətimizə və
ədəbiyyatımıza göstərdiyi qayğı və
diqqətin bariz nümunəsi kimi dəyərləndirdi:
“Hörmətli Prezidentimiz tam haqlı olaraq hələ iki il
öncə Sabirin yubileyinin yüksək səviyyədə
qeyd olunmasına dair 1 iyun 2010-cu il tarixli sərəncam
imzalamışdır. Sərəncama uyğun olaraq Mədəniyyət
və Turizm Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin
təklifləri əsasında tədbirlər planı
hazırlamış və həmin tədbirlər planı
icra olunmaqdadır. Azərbaycan Yazıçılar Birliyində,
mərkəzləşdirilmiş kitabxana sistemlərində,
Milli Kitabxananın xətti ilə Kürdəmir,
İsmayıllı, Lənkəran, Şamaxı
rayonlarında, təhsil ocaqlarında ədəbi-bədii tədbirlər,
müsabiqələr keçirilmiş, sərgilər açılmış,
konfranslar təşkil edilmişdir”.
Nazir şairin ədəbi irsinin təbliği
ilə bağlı hazırlanan yeni kitabların, “Hophopnamə”nin
yeni nəşrinin işıq üzü
gördüyünü də dedi: “Hophopnamə”nin izahlar,
lüğətlər, maraqlı illüstrasiyalardan ibarət
mükəmməl nəşri elmlər doktoru,
sabirşünas Alxan Bayramoğlu və Xalq rəssamı Arif
Hüseynov tərəfindən hazırlanmış və
nazirliyin dəstəyi ilə çap edilmişdir. Yubiley nəşrləri
sırasında “Sabir təsviri sənətdə”, “Sabirin
satira sənətkarlığı”, “Sabir Bakıda”
kitabları da nəfis tərtibatla işıq üzü
görmüşdür”.
Əbülfəs Qarayev
böyük şairin 150 illik söz bayramına dost, qonşu,
qardaş ölkələrin də biganə
qalmadığını bildirdi. Şamaxıda 7 xarici ölkədən
14 şair və yazıçının, hökumət rəsmilərinin
qatıldığı “Sabir Poeziya Günü”nün böyük
uğurla keçdiyini qeyd edən nazir bunu böyük
şairin xatirəsinə böyük hörmət nümunəsi
kimi dəyərləndirdi: “Yubiley tədbirlərinə
Türkiyə, İraq, Ukrayna, Estoniya, Latviya, Qazaxıstan və
Qırğızıstandan təşrif buyuran hörmətli
qonaqlar Sabir yaradıcılığına ehtiram ifadə edirlər.
Çünki Sabir şeiri nə qədər milli olsa da, onun
qələmə aldığı mövzular bəşəri
mahiyyət daşıyır. Sabir türk, İslam
dünyasının, Yer kürəsində yaşayan hər
bir insanın haqqının qorunması, xeyirxahlıq,
azadlıq, daxili kamillik kimi mövzuları seçməyi, onu
parlaq qələmi ilə ədəbi estetik dəyərlərə
çevirməyi bacarmışdır”.
Nazir
çıxışının sonunda Sabir
işığına toplaşan qonaqları, Sabir ənənələrini
ləyaqətlə davam etdirən şairləri və qədirbilən
oxucuları söz-sənət bayramı münasibətilə
təbrik etdi.
Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Sabir
yaradıcılığının bənzərsizliyindən
söz açdı. Qeyd etdi ki, şairin əsərləri
bütün zamanlarda öz aktuallığını qoruyub
saxlayacaqdır.
Gecədə
Qırğızıstan mədəniyyət nazirinin
müavini Kozogeldi Kuliyev, Litva mədəniyyət nazirinin
müavini Staponkus Deividas, tanınmış türkiyəli
yazıçı Yakub Ömeroğlu və başqaları
çıxış edərək Azərbaycanın
böyük satira ustasının ümumilikdə ədəbiyyata
gətirdiyi yeniliklərdən danışdılar.
Tədbirdə Akademik Milli Dram
Teatrının aktyorlarının ifasında ədibin əsərlərindən
ibarət ədəbi-bədii kompozisiya nümayiş olundu.
Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə
Qasımova, Xalq artisti Mələkxanım Əyyubova, xanəndə
İlkin Əhmədovun ifasında gözəl musiqilər səsləndi.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 4.