“Abşeron barədə əfsanə”
Ecazkar Abşeron və onun sehr dolu aləmi bir çox ədəbi
nümunələrin, musiqi əsərlərinin mövzusu
olub. Bu mövzu rəssamlığımızdan da xüsusi
bir xətlə keçir. Amma bu günədək Abşeron
obrazını səhnədə tam fərqli, müasir və ən
əsası həvəskarların ifasında izləməmişdik.
İyunun 2-də Dövlət
Akademik Opera və Balet Teatrına gələn
tamaşaçılara incəsənətin ən müxtəlif
elementlərinin bir arada təqdim olunduğu bir maraqlı
teatral nümunə - “Abşeron barədə əfsanə”
adlı muğam improvizəsi və xoreoqrafik pantomima elementləri
əsasında səhnələşdirilmiş musiqili
tamaşa təqdim olundu. Səhnə əsəri Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü, Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
dəstəyi, “DİDİ İnternational” terapevtik mərkəzi
və “RotarAct” gənclər təşkilatının kreativ
art qrupunun təşkilatçılığı ilə
hazırlanıb. Tamaşadan öncə səhnəyə
çıxan Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin rəisi Əlikram Əliyev 1 İyun -
Beynəlxalq Uşaqları Müdafiə Günü
münasibətilə tamaşanın əsas qəhrəmanları
olan uşaqlar başda olmaqla bütün balacaları təbrik
etdi, dünyamızın sevinci adlandırdığı
uşaqlara şən, firavan həyat arzuladı.
Bu gün münasibətilə
ölkəmizdə təşkil edilmiş silsilə tədbirlərdən
söz açan idarə rəisi ümummilli lider Heydər Əliyevin
gələcəyimiz olan uşaqlara daim böyük diqqət
və qayğı göstərdiyini minnətdarlıq hissi ilə
xatırlatdı, bu siyasətin bu gün də Prezident
İlham Əliyev tərəfindən layiqincə davam
etdirildiyini vurğuladı. Heydər Əliyev Fondunun fəaliyyətindən
də söz açan natiq qurumun rəhbəri, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın uşaqların bu
günü və xoşbəxt gələcəyi naminə
gördüyü işləri diqqətə
çatdırdı.
Sonra 14-16 yaş arası musiqi və
idman məktəblərinin şagirdləri, görmə
qabiliyyəti zəif, eşitmə və danışma qabiliyyəti
pozulmuş və digər sağlamlıq imkanları məhdud
uşaqların iştirakı ilə hazırlanmış
tamaşaya baxış oldu. Ümumilikdə 96
uşağın, o cümlədən şou
hazırlığı ilə məşğul 30 mütəxəssis
və könüllünün ərsəyə gətirdiyi
tamaşa bir sıra elementləri ilə ilklərə imza
atmış oldu. Belə ki, Azərbaycanın dramaturgiya təcrübəsində
ilk dəfə olaraq səhnədə bu torpağın
özünəməxsus səsi və xarakteri - “Abşeron”
obrazı yaradıldı. Abşeronun dənizlə poetik
dialoqu üzərində qurulmuş tamaşa Azərbaycanın
qədim rəmz və arxetipləri ilə illüstrasiya edilməklə
maraqlı bir ahəng yaratmışdı. Ürəyin
döyüntüsü qaval ritmi ilə
canlandırılmış, “qaval” isə digər səhnədə
günəşin diskinə çevrilmiş, küləklər
neyin səsindən əmələ gəlmiş, tarın səsi
Abşeron yağışının səsindən
yaranmışdı. Bu maraqlı sintezin kulminasiya nöqtəsi
isə Azərbaycanın səsini əks etdirən muğam
oldu. Bu məqamda səhnəyə görkəmli muğam
ustası, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar
artist Fərqanə Qasımova çıxdılar. Əsrarəngiz
muğamla sona yetən tamaşa sürəkli alqışlarla
qarşılandı.
Həmidə
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 5.