Əhməd
Cavadın 120 illik yubileyi qeyd edildi
İyunun 5-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında istiqlal şairi, tərcüməçi,
tanınmış ictimai xadim, Azərbaycanın dövlət
himninin sözlərinin müəllifi Əhməd Cavadın
120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Prezident İlham Əliyevin “Əhməd
Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında”
2012-ci il 9 fevral tarixli sərəncamına uyğun olaraq
keçirilən tədbirdə tanınmış mədəniyyət,
ədəbiyyat və elm xadimləri, ictimaiyyət nümayəndələri
iştirak edirdilər.
Tədbirin aparıcısı Milli
Məclisin Mədəniyyət komitəsinin sədri,
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov Əhməd
Cavadı turançılıq düşüncəsi ilə
şeir yazan müəllim və alim adlandırdı: “Əhməd
Cavad əyilməz, mərd və hər işində millətini
düşünən insan idi. O susanda belə onun şeirləri
danışırdı”.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev şairin həyat
yolundan danışdı. Qeyd etdi ki, bu gün Azərbaycan Xalq
Cümhuriyyəti deyəndə ilk yada düşənlərdən
biri də Əhməd Cavaddır. O, elə bir tarixi şəxsiyyət,
elə sənətkardır ki, Azərbaycan tarixi
üçün unudulmaz olaraq qalacaqdır”.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar ədibin kəşməkəşli
həyatından, sağlam millətçi ideyalarından
söz açdı, yaradıcılığı haqqında
məlumat verdi.
Tədbirdə Xalq şairi Nəriman
Həsənzadə, Əhməd Cavadın nəvəsi Anar
Axundzadə, Türkiyədə mühacir həyatı
yaşamış böyük şair Almas
İldırımın oğlu Azər Almas
çıxış etdilər. Əhməd Cavadın
şeirlərindən parçalar oxundu, onun şeirlərinə
bəstələnmiş “Can Azərbaycan”,
“Çırpınırdın, Qara dəniz” və s.
mahnılar səsləndirildi.
Tədbir Dövlət Xor
Kapellasının ifasında Azərbaycanın dövlət
himni ilə yekunlaşdı.
Reyhan
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 3.