“Xəzərdən
Dunaya” sənədli filminin təqdimatı
İyunun 4-də “Nizami” Kino Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
“Salnamə” studiyasında rejissor Tahir Əliyevin lentə
aldığı “Xəzərdən Dunaya” sənədli
filminin təqdimatı keçirildi. Tədbirdə
Serbiyanın ölkəmizdəki səfiri Zoran Vayoviç, Azərbaycan
Veteranlar Şurasının üzvləri və ictimaiyyət
nümayəndələri iştirak edirdilər.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə çıxışında bildirdi ki, 35 dəqiqəlik sənədli film Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan təşkil edilmiş 223-cü Belqrad diviziyasının cəbhə həyatından bəhs edir. Diviziyanın yaradılmasının 70 illiyinə həsr olunmuş filmin çəkilişləri Azərbaycan, Rusiya, Serbiya, Ukrayna və Rumıniyada aparılıb, 223-cü diviziyanın keçdiyi bütün coğrafi mövqelər lentə alınıb. Filmin baş qəhrəmanı diviziyanın döyüşçülərindən bu gün həyatda olan yeganə şəxs, iyunun 1-də 90 illiyini qeyd edən Zülfəli Əliyevdir. A.Sultanzadə qeyd etdi ki, filmin ilk nümayişi Belqrad şəhərində, sonra isə Zülfəli Əliyevin yaşadığı Sabirabadda keçirilib.
Təqdimat mərasimində çıxış edən Veteranlar Şurasının üzvləri bildirdilər ki, Belqrad şəhərinin almanlardan azad olunması şərəfinə 1944-cü ildə bu cür adlandırılan diviziya uzun və şərəfli döyüş yolu keçib.
Rejissor Tahir Əliyev bildirdi ki, film Türkiyənin “Vizyon Qrup” şirkəti ilə birgə həyata keçirilən layihədir. Filmin ssenari müəllifi Toğrul Vəli də Türkiyədə yaşayan azərbaycanlıdır və həmin şirkətin yaradıcılarındandır. T.Əliyevin sözlərinə görə, 70 il ərzində 223-cü diviziya haqqında ilk dəfə olaraq ekran əsəri lentə alınır.
Çıxışlardan sonra “Xəzərdən Dunaya” sənədli filmi nümayiş olundu. Filmdə baş qəhrəmanın keçdiyi döyüş yolu, Böyük Vətən müharibəsi haqqında xatirələri, müharibə iştirakçıları olmuş Serbiya və Rumıniya generallarının müsahibələri yer alır.
Filmin operatoru Elxan Rüstəmov, montajçı Rauf Əliyev, icraçı prodüseri Özcan Dada və Kamil Məmmədovdur.
Reyhan
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 3.