"Hophopnamə"
qrafika əsərlərində
Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr
olunmuş sərgi
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə iyunun 5-də Muzey Mərkəzində görkəmli
satirik şair Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə
həsr olunmuş sərgi açıldı. Sərgidə
Xalq rəssamı Arif Hüseynovun və Əməkdar incəsənət
xadimi Bayram Hacızadənin qrafika əsərləri
nümayiş olunur.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev ədibin
yaradıcılığından söz açdı. Bildirdi
ki, görkəmli şair, bədii-ictimai fikir tariximizdə
yeni ədəbi məktəbin banisi, maarifpərvər Mirzə
Ələkbər Sabirin anadan olmasının 150 ili tamam olur.
Prezident İlham Əliyevin 1 iyun 2010-cu il tarixli sərəncamına
əsasən şairin yubileyi geniş şəkildə qeyd
olunur. Sərəncamın icrası ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən tədbirlər
planı hazırlanaraq həyata keçirilir: “Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə bu günlərdə bayram əhval-ruhiyyəli tədbirlər
keçirilib. Düşünürəm ki, Xalq rəssamı
Arif Hüseynovun və Əməkdar incəsənət xadimi
Bayram Hacızadənin qrafika əsərlərindən ibarət
sərgi də maraqla qarşılanacaq. Sabir əbədiyaşar
şairdir. Rəssamlar zaman-zaman onun əsərlərinə
müraciət ediblər. İnanıram ki, biz bu gün
maraqlı bir sərgini izləyəcəyik. Mən hər iki
rəssama yaradıcılıq uğurları arzulayıram”.
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Dövlət
Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı
Səlxab Məmmədov, sənətşünas, Əməkdar
incəsənət xadimi Ziyadxan Əliyev Sabirin əsərlərinə
müraciət etmiş rəssamların
yaradıcılığından danışdılar.
Qeyd olundu ki, Sabir mövzusu həmişə
aktualdır. Çünki şair bütün dövrlərin
müasiridir. Son vaxtlar gənc rəssamlar da Sabir mövzusuna
müraciət edirlər.
Sonra iştirakçılar sərgi
ilə tanış oldular. Sərgidə rəssamların 60-dək
əsəri yer alıb.
Ceyhun
Mədəniyyət.-
2012.- 6 iyun.- S. 2.