Şüşə
qırıntılarından yaradılan sənət əsərləri
Gənc dekorativ-tətbiqi sənət
ustası Ceyhun Surxayevlə Mədəniyyət və Turizm
Nazirliyinin təşkil etdiyi II Respublika dekorativ-tətbiqi sənət
festivalının Xaçmazda keçirilən sərgisində
tanış oldum. 1980-ci ildə Xaçmaz rayonunun Nərəcan
kəndində doğulub.
Məişətdə istifadə
etdiyimiz əşyaların tullantılarını onlarla
baxımlı əsərə çevirib.
Sərgidə şüşə
qırıntılarından hazırladığı əl
işlərini nümayiş etdirirdi. Münsiflər heyəti
gənc ustanın əl işlərini yüksək qiymətləndirdi,
Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq
görüldü. Onunla qısa söhbəti təqdim edirik:
- Şüşə
qırıntları və baxımlı əl işləri...
Tullantıların maraqlı sənət işinə
çevrilə biləcəyini nə zaman
düşündün?
- Rəssamlığa uşaqlıqdan
maraq göstərsəm də, xüsusi peşə təhsilim
yoxdur. Atam rəssamdır və bəlkə də bu səbəbdən
incəsənətə maraq göstərmişəm. 2000-ci
ildən dekorativ-tətbiqi sənətin bədii
şüşə və taxta üzərində oyma
növü ilə məşğulam. Amma əl işlərimin
çoxu bu iki növün sintezindən yaranıb. 20
yaşım olanda düşündüm ki, məişətdə
tullantı kimi qəbul etdiklərimizdən nəsə
hazırlaya bilərəm. Amma əvvəlcə daşdan,
qumdan istifadə edərək kiçik suvenirlər düzəltdim.
Sonra gördüm ki, şüşə ilə işləsəm
daha baxımlı əl işlərim ola bilər. Tədricən
şüşələrdən istifadə etməyə
başladım.
- Əl işlərin maraqlı
alınır. Xüsusilə də rənglər diqqəti cəlb
edir...
- Rəngləri almaq
üçün heç vaxt boyadan istifadə etmirəm.
Hamısı şüşələrin öz rəngləridir.
Bəlkə də ona görədir ki, rənglər diqqəti
cəlb edir. Bəzən bir neçə rəngdə olan
şüşə qırıntılarını əzərək
qarışdırıb təbii rəng alıram. Bu pivə,
meyvə şirəsi butulkası da ola bilər,
sınmış pəncərə şüşələri
də. Rəngləri almaq üçün əvvəlcə
istifadəyə yararsız şüşələri əzib
toz halına salıram. Sonra onları
hazırladığım eskizin üzərinə vururam.
- İşlərində hansısa
texniki qurğudan istifadə edirsən? Axı şüşə
qırıntılarını toz halına salmaq asan deyil...
- Doğrudur, asan deyil, amma
düşünəndə ki, sonda gözəl iş
alınacaq, baxanlar heyrətlə izləyib hətta almaq
üçün pul verməyə razı olacaq, onda çətinlikləri
unudursan. Xüsusi bir qab düzəltmişəm, orda
kiçik şüşə qırıntılarını
daha kiçik hissəciklərə ayırmaq
üçün əzib, ələkdən keçirirəm.
Plastmas şüşələrdən istifadə etmirəm.
Çünki onlar xırdalanmır, ələnmir və rəng
effekti də olmur. Bir iş üçün ən azı 15-20
gün çalışmalı oluram. Bunu qısa zamanda da etmək
olar, amma baxımlı iş olmayacaq. Əvvəlcə eskiz
hazırlayıram, harada nə rəng olacağını
müəyyənləşdirib, sonra şüşələri
toplayıram. Elə olur ki, bir işin hazırlanması 6-7 ay
vaxt aparır. Bu, əl işinin həcmindən,
ölçüsündən asılıdır. Bəzən
istədiyim rəngdə şüşə tapa bilmirəm və
gözləməli oluram.
- Heç olub ki, lazım olan rəngdə
şüşə qırıntıları tapmayıb işi
yarımçıq saxlayasan?
- Məişətdə istifadə
edilən şüşələr əsasən yaşıl,
şəffaf və çəhrayı rəngdə olur. Azərbaycanın
gerbini hazırlayarkən qırmızı rəngdə
şüşə tapa bilmirdim. Dostlarıma
tapşırmışdım ki, harada qırmızı
şüşə qırıntıları görsələr,
mənə çatdırsınlar. Sonra onlar təsadüfən
rastlarına çıxan istifadəyə yararsız
mayakın şüşə qırıntılarını gətirdilər
və mən ondan istifadə etdim. Bir dəfə isə yol qəzası
olmuşdu. Avtomobil işıqfora
çırpılmışdı. Əl işimdə
işıqforun qırmızı rəngli şüşələrinin
yerə tökülmüş qırıntılarından
istifadə etdim.
- Oyma ilə bədii
şüşənin sintezi maraqlı alınır...
- Bunu mənə tez-tez deyirlər.
Gələcəkdə yeniliklər etmək istəyirəm.
Dahi şəxsiyyətlərin portretlərini yaratmağı
düşünürəm. Artıq iki eskiz hazırdır.
Ancaq hələ ki, sifət rənglərini olduğu kimi vermək
üçün istədiyim şüşələri əldə
edə bilmirəm. Müxtəlif mövzularda əsərlərim
var. Dini və vətənpərvərlik mövzularına daha
çox üstünlük verirəm.
- Artıq 12 ildir dekorativ-tətbiqi
sənətlə məşğul olursan. Sənətini kiməsə
öyrədirsən?
- Əl işlərimə maraq
göstərənlər çoxdur, amma “bu işi mənə
öyrət” deyən olmayıb. Bəlkə də bu, işin
çətinliyindən irəli gəlir. Amma kimsə həqiqətən
bu işi öyrənmək istəsə, həvəslə
öyrədərəm. Tətbiqi sənət ustaları bu
işlə müəyyən qazanc əldə etməklə
yanaşı, həm də ayrı-ayrı sənət
növlərini yaşatmış olurlar. Bir də mənə
pis təsir edir ki, Azərbaycanda yüzlərlə xalq tətbiqi
sənəti ustaları ola-ola Çində istehsal olunmuş
Azərbaycan bayrağının həkk olunduğu hansısa
suvenirə pul verilir. Çünki həmin pulu yerli sənətkarlara
verib maraqlı, zövqlü əl işi də almaq olar.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.-8 iyun.- S. 15.