“Teleskopdan” “Teleskop”a teleskopik baxışın
təəssüratları
İftixar Piriyev
“Ədəbiyyatın predmeti
nədir?” sualına “xislət” deyə cavab verən Elçin müəllimin
“Teleskop”u ilə göylərin görünməz
qatından baxan ruhların gördüyü,
uca Tanrının gözləri önündə,
Tanrısını tanımayan,
şeytanın şərinə
uyan, xisləti xarab insanların öz qan və
ruh qohumuna - insana törətdiyi bəd əməllərin
canlı mənzərəsidir.
Müəllif insanları heç kəsə qalmayacaq olan bu fani
dünyada xislətlərinin
xarab olmasından qorunmağa, bəd əməllərə uymamağa,
uyanları həmin əməllərdən qurtarmağa
çağırsa da,
hətta qurtuluşun yollarını var gücü ilə səslənsə də, insan öz bəd
əməlindən dönmür
ki, dönmür. Yaxşı ki, heç olmasa bizim, “Teleskopdan” “Teleskop”a teleskopik baxışımızın seyrində
canlanan mənzərədə,
“keçilən yollarda”
insanın özünü
məxsusi ifadə etməsi üçün
var olan münbit zəmindən və yaranmış imkanlardan istedadın gücünə söykənərək,
xisləti təmiz insanların yararlanma bacarığının canlı
şahidinə çevrilir,
ədəbiyyatın predmeti
qədər insanın
da varlığının
xislət olduğunu dərk edir və bu həqiqətin
hikmətinə heç
bir şübhəmiz
qalmır.
2012-ci il 27 may tarixində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşa salonunda işıqlar qaraldıqca ətrafa çökən səssizliyin
içindən eşidilməyə
başlayan və eşidildikcə diqqətimizi
başlayacaq tamaşaya
yönəldən ürək
döyüntüsünün səsi qaranlığın
sükutuna hakim kəsilirdi.
Səhnənin sol tərəfindən
süzülən zəif
işıq yavaş-yavaş
qaranlığın zülmətini
pozduqca, təlaşla
səhnəyə tələsən
personajların dialoqları
onların özü haqqında həm tamaşaçıda anlayış
yaradır, həm də bizə bəlli olan, başlayacaq hadisənin süjetinə giriş verirdi. Tamaşa salonunda görkəmli teatrşünas-alim, professor Məryəm
Əlizadə də əyləşmişdi. AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunun
elmi işçiləri,
istedadlı alimlər,
sənətşünaslıq üzrə fəlsəfə
doktorları Nərminə
Ağayeva və Rəcəb Məmmədovla
tamaşanı bərabər
izləyirdik. Mən bu əsərin Akademik Milli Dram Teatrının səhnəsində
tam başqa janrda və üslubda, başqa yozumda və fərqli estetikada hazırlanan tamaşasına da (rejissor Kamran Şahmərdan) baxmışam,
hətta həmin tamaşa haqqında böyük resenziya da yazmışam. O tamaşaya heç bir bənzəri olmayan bu səhnə
əsərinin tərtibatdan
tutmuş, səhnələrin
bir-biri ilə ardıcıl birləşmə
mexanizmindəki fərqli
cilalanma prinsipləri və qrotesk oyun tərzinin tələbləri sistemində
keçidlərin özünəməxsusluğu,
səhnədə, süjet
xətti əsasında
hər baş verən hadisənin sonunun məntiqə uyğun rəqslərlə
yekunlaşması və
dərhal da növbəti səhnəyə
keçid zəmini yaratması həm tamaşanın janrının
mükəmməlliyinə, həm də yaranan vəziyyətin dramatizminə və janrdan irəli gələn əyləndiricilik
əhvalı yaratmağa
xidmət edirdi. Doğrusunu deyim ki, bu cür
başlanğıc mənim
diqqətimi tamaşanın
içinə doğru
istiqamətləndirməyə başladı.
Tamaşa haqqında fikir söyləməzdən öncə
Rus Dram Teatrının
səhnəsində hazırladığı
bir sıra maraqlı tamaşaları
ilə öz rejissorluq dəst-xəttini
təsdiqləmiş Əməkdar
incəsənət xadimi
İrana Tağızadənin
bu səhnə əsərində təklif
etdiyi traktovkanın maraq doğuran cəhətinə diqqəti
yönəltmək istəyirəm.
Rejissor əsərə əsərin
janrına adekvat olmayan bir janrda
yanaşaraq, tamaşanı
tam başqa düşüncənin,
yozumun, konsepsiyanın,
estetikanın məhsulu
kimi ərsəyə gətirməsinə baxmayaraq,
ümumi ruh və mövzuya yanaşma metodu baxımından müəllifin
ideyasına, əsərin
qayəsinə heç
bir xələl gətirmədən, bir az da baməzəlik,
şuxluq, zarafatsayağılıq
və əyləndiricilik
manerası ilə tam fərqli üslubda təqdim etməklə, hər bir hadisənin
istənilən məkanda
və istənilən
şəraitdə, istənilən
vəziyyətdə və
istənilən formada,
istənilən ruhda və istənilən tərzdə təqdimatının
mümkünlüyünü sübut edir.
Qaranlığı
yarmağa başlayan,
yavaş-yavaş süzülən
işığın aydınlığında
səhnəyə tələsən
personajların gətirəcəkləri
hadisənin haradan başlayıb haraya qədər davam edəcəyi və hansı kulminasiya nöqtəsindən razvyazkaya
doğru istiqamət alacağı və nə ilə nəticələnəcəyi hər
birimizə aydınca bəlli olduğu halda, gözlənilməz
şəkildə səhnədə
manej-məkanın ortaya
çıxması, əsərin
ruhundan irəli gələn, gözlədiyimiz
bəlli vəziyyətin
tam fərqli məkanda
cərəyan edəcəyi
ortaya çıxdı.
Və bu dərin fəlsəfi, lirik-romantik, zəngin psixoloji ruhla dolu olan tragikomediyanın
bu məkanda necə həllini tapa biləcəyi bizdə böyük maraq doğurdu.
Qəzaya düşmüş, klinik
ölüm nəticəsində
cənab Əzrayıl
(ali qanunların ali qərarlarının icraçısı obrazını
mükəmməl yaratmağa
nail olan Əməkdar
artist Natalya Baliyeva) tərəfindən
Kişinin (peşəkar
və püxtə oyunu, şirin danışığı, akrobatik
bacarığı, obrazın
daxili və xarici plastikasını orqanik şəkildə, ustalıqla cilalayan və mükəmməl bir vəhdət halında tamaşaçıya
sevdirən və tamaşaçının rəğbətini
qazana bilən Xalq artisti Səfa
Mirzəhəsənov) göylər
məkanına aparılması
səhnəsi, sirkdə
təhlükəli nömrələr
göstərən hava
gimnastlarının yaratdığı
kimi tamaşaçıda
həyəcan doğuran
bir vəziyyət yaradırdı. Akryor (S.Mirzəhəsənov) ştanketə
bağlanmış halatlarla
(polad kəndirlər)
səhnənin yuxarı
dərinliyinə qalxdıqca
salonda təşviş
doğuran vəziyyət,
sonradan aktyorun havada səlis davranışı nəticəsində
bir rahatlıq yaratdı. Daha sonra, vaxtilə dünyasını dəyişmiş,
göylər məkanında
onu qarşılayan birinci arvadının - Qadının (səhnə
plastikası, səlis
oyun tərzi, akrobatik səhnələrin
həyata keçirilməsində
çevik və dinamik hərəkətləri
ilə tamaşaçını
heyran qoyan Natəvan Hacıyeva) səhnənin sağ tərəfindən ştanketə
bağlanmış halatlardan
asılmış, daha
böyük təhlükə
doğuran sürətlə
səhnənin yuxarı
dərinliyinə şütüməsi
və orada çevik hərəkətlərlə
oyun nümayiş etdirməsi daha gərgin vəziyyət yaratdı, lakin sonra onun da
akrobatik hərəkətlərlə
professional davranışı tamaşaçını rahatlaşdırdı.
Və biz bundan sonrakı bütün akrobatik səhnələrə
sakitcə baxa bildik. Bu akrobatika tamaşada təklif olunmuş oyun prinsipi ilə bütün tamaşa boyu uyğunluq təşkil edən bir canlanma yaradırdı.
Hər şey çox maraqlı idi. Sankt-Peterburqlu rəssam Emil Kopelyuşun tamaşaya verdiyi tərtibatla, ay işığının
arxasından sayrışan
ulduzlar kəhkəşanın
əlçatmaz romantikası,
göylərin görünməz
qatı aləminin nağıllardakı qədər
əfsanəvi dünyası
rejissorun ideya-estetik ruhunun əsrarəngiz gözəlliyini ehtiva edirdi və ən başlıcası riyazi dəqiqlik tələb edən,
professional mexanizmlə tənzimlənən,
estetik təsir qüvvəsinə malik olan, yarada bildiyi
bir səhnə məkanı, bu məkanda geyim üzrə rəssam Yuri Suçkovın (Sankt-Peterburq)
zövqlə çəkdiyi
eskizlər əsasında
tikilən, tamaşanın
ruhu ilə uyğunluq təşkil edən, aktyorların oyunu üçün xarakterik xüsusiyyətlərə
malik münbit şərait yaradan kosmopolitik geyimlər, xüsusən cənab Əzrayıl və digər mələklərin
geyimi, onların istifadəsində olan şəffaf yelpiklər, göylərin şəffaf
aydınlığı qismində
özəl təsirə
malikdir. Bu məkanın
əsrarəngizliyi rejissoru,
əsərə tam fərqli
baxış bucağından
yanaşaraq, orijinal traktovkada tamaşa yaratmağa sövq etdirir. O, buffonadaçılıq
və qroteskçilikdən
mükəmməl şəkildə
istifadə edərək,
maraqlı bir aktyor ansamblı ilə ləzzətlə izlənən zövqlü
bir tamaşa ərsəyə gətirə
bilmişdir.
Tamaşanın
bütün bu maraqlı cəhətləri
və Akademik Milli Dram Teatrında hazırlanan “Teleskop” əsərinin tamaşası
ilə müqayisədə
bizə maraqlı görünən çoxlu
fərqli məqamların
olması bizi bu səhnə əsərinə müqayisəli
şəkildə baxmağa
vadar etdi.
Akademik Teatrın məhsulunda rejissor K.Şahmərdan səhnədə yaratdığı
sırf lirik-psixoloji, dərin fəlsəfi ovqatın təsir qüvvəsi ilə tamaşaçını düşündürməyə
məcbur edir, onu görünən aynada öz eybəcərlikləri ilə
üz-üzə qoyur
və bu eybəcərliklərdən xilas
yollarının istiqamətini
anladan bir həqiqət mənzərəsi
yaradır. Bu tamaşadakı mükəmməllik
ədəbi materialın fəlsəfi qüdrətini onun
ruhuna bir başa daxil olmaqla aça bilən incəliyə
söykənir. Rus Dram Teatrının məsulunda isə
rejissor İ.Tağızadə tamaşaçını əylənməyə,
vaxtının səmərəli keçməsinə imkan
yaradır və bununla yanaşı, həm də əsas məsələ
kimi müəllifin ədəbi materialındakı məqsəd
və məramın itməməsini, əsərdə obrazların
gözü ilə cəmiyyətin eybəcər cəhətlərini
göstərir və bu eybəcərliklərdən xilas
yollarının axtarılmasını təmin edir, eyni zamanda
bu tamaşada Elçinə xas lirik-romantik ovqatla, dərin fəlsəfi
yükün vəhdətində öz həllini tapa bilən
qavrama mexanizmi öz estetik səciyyəsi ilə qorunub
saxlanılır. Və üstün cəhət
orasındadır ki, tamaşanın buffonada elementləri ilə
cilalanmış qrotesk oyun janrı təqdimatında müəllif
fikrinin fəlsəfi qatları xəmir kimi yoğrulmuş və
nəhayətdə, əyləncəli,
düşündürücü bir nəticəyə nail
olunmuşdur. Vaxtın son dərəcə səmərəli
keçməsini təmin etməyə çalışmaq və
eyni zamanda tamaşaçını dərindən
düşündürə bilmək, qlobal problemlərin həlli
üçün onu öz arxasınca aparmaq, həyat həqiqətlərinə
inandıra bilmək, Tanrısal, ruhsal saflığa yönləndirmək
və bütün yüksək keyfiyyətlər kontekstində
marifləndirmək həmişəki kimi bu gün də
dünya teatrlarının böyük maraq dairəsində
olan aktual bir vəzifədir. Bunun üçün cürbəcür
eksperimentlərə əl atan teatrların son vaxtlar bir qədər
üstünlük verdikləri manej məkanında sirk elementləri
və effektlərindən istifadə üsulundan yararlanan
İ.Tağızadə eyni zamanda müəllifin əsərindəki
məzmun və qayəsinin açılması
üçün tamaşaçıya əyləndirmə və
düşündürmə fəlsəfəsinin vəhdət
kontekstindən təsir etmək, dərketmə imkanı
yaratmaq və bir rejissor kimi əyləndirmə və
düşündürmə fəlsəfəsinin
qovuşuğunda dayanaraq tamaşaçıya iki istiqamətdən
təsir göstərməklə balans yarada bilmək, fikrimcə,
onun təfəkkür və təxəyyülünün
üstün cəhətidir.
Əsərdə olduğu kimi,
tamaşada da qəzaya düşmüş Kişinin təəssübünü
çəkənlər simasında özünü təqdim
edən, lakin hadisələr inkişaf etdikcə bəlli olan
ki, həmin personajların heç də, heç biri onun təəssübünü
çəkmirlər, sadəcə görüntü
yaradırlar və əslində isə reanimasiyada kliniki
ölümdə olan və ölümlə olum arasında
mübarizə aparan Kişi əgər dünyasını dəyişərsə
hər kəsi öz düşəcəyi vəziyyətin nəticəsi
düşündürür və vəziyyətdən
çıxış yollarını axtarırlar. Arvadı
(gözəl səhnə yaraşığı və
maraqlı oyunu ilə diqqəti çəkən Bella Safina) ərə
getmək, oğlu və qızı (səmimi təəssüratla
səhnədən tamaşaçı ilə ünsiyyət
yarada bilən və tamaşaçının diqqət mərkəzində
olmağa çalışan Elşad Murtuzov, Milana Mərdahanova)
var-dövlət bölgüsü aparmaq davasında olmaq, daha
sonra qaynanası (maraqlı səhnə cazibəsi, plastikası,
rəqsləri, obrazın bütün orqanikasının
işləməsinə incə münasibətlə
yanaşan, ustalıqla yaratdığı obrazı ilə
tamaşaçının yaddaşına yazılan Xalq artisti
Aleksandra Nikuşina) öz qızının və
özünün gələcək həyatları barədə
düşünmək, dostu və dostunun xanımı (səmimi
oyunları ilə xoş təsir bağışlayan Əməkdar
artist Fuad Osmanov və istedadlı aktrisa İnna İmranova)
riyakar münasibət kimi insana xas olmayan ikili əməlləri
ilə tamaşa boyu tənqid obyektinə çevrilirlər.
(Davamı var)
Mədəniyyət.-
2012.- 8 iyun.- S. 10