Cavad Mircavadovun yaradıcılığına həsr olunmuş dəyirmi masa

 

   Xəbər verdiyimiz kimi, mayın 29-da Milli İncəsənət Muzeyində təsviri sənətdə Azərbaycan avanqardının əsasını qoyan və milli mədəniyyətimizdə nonkonformizmin banilərindən biri olan tanınmış rəssam Cavad Mirhaşım oğlu Mircavadovun yaradıcılığına həsr olunmuş sərgi açılıb. Sərgi bu ilin sentyabr ayınadək davam edəcək.

  

   Sərgi ilə əlaqədar muzeydə bir sıra silsilə tədbirlərin təşkili də nəzərdə tutulub. İyunun 6-da Milli İncəsənət Muzeyinin kitabxanasında keçirilən dəyirmi masa da bu qəbildən idi. Tədbirdə Cavad Mircavadovun həyat və yaradıcılığını əks etdirən “Bu Cavaddır” sənədli filmi nümayiş olunub. Rəssamın yaradıcılığına ən böyük hədiyyə olan ekran əsəri Xalq yazıçısı Anarın ssenarisi əsasında 1987-ci ildə çəkilib.

   Görkəmli fırça ustasının xanımı Lyubov Mircavadova, sənətşünaslar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivinin iştirak etdiyi dəyirmi masada rəssamın sənət dünyasından, yaradıcılığının məziyyətlərindən söhbət açılıb.

   Cavad Mircavadovun həyat və yaradıcılığı sovetlər ölkəsində sərt ideoloji ehkamların hökm sürdüyü bir dövrə təsadüf edir. Bu şəraitdə müstəqil mövqeni qoruyub saxlamaqseçdiyin sənət yoluna davamlı şəkildə sadiq qalmaq böyük hünər və cəsarət tələb edirdi. Rəssamın yaradıcılığı, onun sənəti, obraz və süjetlər aləmi bir tərəfdən çox zəngin olsa da, digər tərəfdən həyat, ölüm, xeyir və şər, qadın və kişi başlanğıcının vəhdəti və əksliyi kimi bəşəri dəyərlər ətrafında cərəyan edir. Müəllifin tablolarının arxaik monumentallığı bizi ibtidai yaradıcılığın, incəsənətin ilkin dönəminə yönəldir. Həddən ziyadə sadələşdirilmiş, rəmz və işarə dərəcəsində ümumiləşdirilmiş bu obrazlar, ibtidai sənətdə olduğu kimi təsviriliyi və ornamentləri vəhdətdə birləşdirərək simvolik, sakral bir mahiyyətə malikdir.

  

 

   Mədəniyyət.- 2012.- 8 iyun.- S. 8.