Qazaxın teatr gündəliyindən səhifələr

 

   Saqif İskəndərov: “Teatr tamaşaçısını öz ardınca aparmalıdır. Əks halda o sənət ocağı yaşaya bilməz”

  

   Azərbaycanın şeir, sənət ocağı kimi tanınan Qazax rayonunda mədəniyyətə, teatra da daim xüsusi maraq olub. 1938-ci ildə rayonda ilk peşəkar teatr fəaliyyətə başlayıb. Lakin 1949-cu ildə bəzi teatrlar kimi Qazax teatrının da fəaliyyəti dayandırılıb. Amma bütün bunlara baxmayaraq, istər aktyorlar, rejissorlar, istərsə də yerli teatr həvəskarları teatrın ənənələrini yaşatmağa çalışıblar. Nəhayət, təxminən 40 ildən sonra, 1989-cu ildə teatr yenidən fəaliyyətə başlayır, dövlət statusu alaraq yenidən tamaşaçılarını öz ətrafına toplayır. Bu gün 74 yaşını geridə qoyan Qazax Dövlət Dram Teatrı yeni sənət dövrünü yaşayır.

  

   Teatrın direktoru Saqif İskəndərov sənət ocağının yeniləşən teatr mühitində öz sözünü deməyə hazır olduğunu deyir:

   - Gələn il teatrımızın yaranmasının 75 illiyini qeyd edəcəyik. Bölgənin mədəni həyatında öz dəst-xətti olan teatrımız aktyor, rejissor nəslinin yetişməsində də öz sözünü deyə bilib. 1989-cu ildən, taleyimi bu teatrla bağladığım gündən yerli teatrsevərlərin bu məkana xüsusi məhəbbətini hiss etmişəm. Düşünürəm ki, sənətə, teatra, mədəniyyətə sevgi olduqda onu yaşatmaq da, inkişaf etdirmək də mümkündür. Odur ki, biz də ölkədə baş verən yeni teatr prosesindən, Azərbaycan teatrının hazırkı inkişaf tendensiyasından geri qalmaq istəmirik.

   - Günümüzün teatrının qarşısına qoyulan əsas tələblərdən biri də dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə Azərbaycan teatr sənətinin inkişafıdır. Bu müstəvidə sizin teatrın önə çəkdiyi məqam hansıdır?

   - Qeyd etdiyim kimi, Qazax teatrı özünün ənənələri olan sənət ocaqlarındandır. Teatrda fəaliyyət göstərdiyim müddətdə 70-dən artıq tamaşaya quruluş vermişik. Milli dramaturji nümunələrlə yanaşı, dünya klassiklərindən seçmələri də səhnəyə gətirmişik. Repertuarımızda türk xalqlarının ədəbi nümunələrinə də daim yer veririk. Bunları sadalamaqla bildirmək istəyirəm ki, teatrın inteqrasiyasında bu meyar da nəzərə alınmalıdır. Çünki teatrın dünya mədəniyyətinə inteqrasiyasını şərtləndirən amillərdən biri də repertuarın müxtəlifliyi, zənginliyidir.

   - İndi dünyada bir çox teatrlar öz repertuarını tamaşaçı zövqünə görə qururlar. Necə düşünürsünüz, sırf tamaşaçıya hesablanan repertuar teatra nə verə bilər?

   - Təbii ki, tamaşaçı marağı da nəzərə alınmalıdır. Amma bütün cəmiyyətlərdə yalnız tamaşaçı zövqünə işləyən teatrın uğur qazanması şübhə altındadır. Çünki tamaşaçı zövqü müxtəlif və dəyişkəndir. Teatrın isə öz bəşəri missiyası var. Düzdür, elə tamaşalar baxımlı olur, çoxlu tamaşaçı cəlb edir. Amma bu müvəqqətidir. Sırf tamaşaçıya hesablanan tamaşaların ömrü uzun olmur. Digər tərəfdən, bizim cəmiyyətdə tamaşaçı zövqü hələ o səviyyədə deyil ki, sırf onunla hesablaşa biləsən. Teatr tamaşaçısını öz ardınca aparmalıdır. Əks halda o sənət ocağı yaşaya bilməz.

   - Bəs müasir dramaturji nümunələrə münasibətiniz necədir? Onların uzunömürlü səhnə əsərinə çevrilməsi imkanlarını necə dəyərləndirirsiniz?

   - Bu gün bir neçə müəllifi çıxmaqla dramaturqlar sanki sükut içindədirlər. Əslində, nümunələr yaranır, amma onların dramaturji xətti və ideyası günlük mövzulara səthi baxış üzərində qurulduğundan səhnəyə gəlməsi bəzən mümkünsüz olur. Çünki hər bir teatr yaxşı, uzunömürlü, tamaşaçıda ideya yükü yaradan ədəbi nümunələrə səhnə həyatı vermək istəyir. Əks təqdirdə səhnələşdirilən əsərlər 3-4 dəfə baxıldıqdan sonra istər-istəməz unudulur və nəticədə repertuardan çıxarılır. Ona görə biz elə nümunələrdən mümkün qədər qaçmağa çalışırıq. Bəzən müəlliflər mükəmməl dram əsəri yazdıqlarını deyir və onu teatrımıza təqdim edirlər. İnanın ki, o nümunələrə heç dram əsəri demək mümkün deyil. Amma təqdim olunan əsərlər arasında maraqlı olan və repertuara daxil edilənlər də olur. Təbii ki, çox məhdud sayda.

   - Onda gəlin, bu barədə danışaq. Hansı mövzulara və hansı müəlliflərə üstünlük verirsiniz?

   - Müasir dramaturqlardan əsərlərini ən çox tamaşaya qoyduğumuz müəlliflər Elçin, Əli Əmirli və Firuz Mustafadır. XX əsr ədəbi nümunələrimizdən Səməd Vurğun, İmran Qasımov, Bəxtiyar Vahabzadənin əsərlərinə də yer veririk. Onu da qeyd edim ki, teatr 1989-cu ildə ikinci dəfə fəaliyyətə başlayanda mövsümü B.Vahabzadənin «Dar ağacı» tarixi faciəsi ilə açdı. Xalq qəhrəmanı Babəkin ərəb xilafətinə qarşı mübarizəsindən və faciəli sonundan bəhs edən 3 saatlıq tamaşa o zaman teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, premyerada iştirak edən müəllif quruluşu və aktyor oyununu yüksək qiymətləndirmişdi. Elə o vaxtdan da bizim repertuarda vətənpərvərlik, tarixi mövzular ağırlıq təşkil edir. Düşünürəm ki, elə hazırkı məqamda da biz məhz bu mövzulara üstünlük verməliyik. Ölkəmizin düşdüyü durum və müharibə, səngər mədəniyyəti statusundakı Qazax teatrı məhz bu ruha köklənməlidir.

   - Teatrınızın cari iş planında hansı əsərlər var?

   - Hər il Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə bizdə 4 yeni tamaşaya quruluş verilir. Bu il də 4 yeni tamaşanın hazırlanması nəzərdə tutulur. Onlardan biri 200 illik yubileyi qeyd olunan milli dramaturgiyamızın banisi M.F.Axundzadənin «Hekayəti-xırs-quldurbasan» əsərinin tamaşası artıq hazırdır. Tamaşa Axundzadəyə həsr olunmuş teatr festivalı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olundu. Tamaşaya Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Səhnə tərtibatını digər bir teatrın mütəxəssisinə, Gəncə Dövlət Dram Teatrının baş rəssamı Vahab Cəfərova həvalə etdik. Yerli sənətsevərlərin maraqla izlədikləri tamaşa festivalda da diqqəti cəlb etdi.

   Artıq ikinci dövlət sifarişinin hazırlığındayıq. Bu əsər də klassik nümunədir. S.S.Axundovun «Tamahkar» komediyasının artıq məşqləri gedir. Səhnə əsərinə Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verir. İnşallah bu əsəri də tamaşaçılara yüksək səviyyədə təqdim etməyə çalışacağıq. Digər iki əsəri - B.Vahabzadənin «Yağışdan sonra» adlı dramı və O. Altunbayın uşaqlara həsr olunmuş nağıl tamaşasını isə ilin sonunadək təhvil verəcəyik. O tamaşaları teatrımızın öz rejissorları hazırlayacaq.

   - Dörd tamaşadan ikisini dəvətli rejissora həvalə etmisiniz. Səbəb yeni fərqli yozum, yoxsa rejissor problemidir?

   - Müxtəlif rejissorların müxtəlif teatrlarda tamaşalar qoyması ümumilikdə teatrın xeyrinədir hər rejissor özünün dəst-xəttini tətbiq etməklə rəngarənglik yarada bilir. Yəni istər aktyor truppaları, istərsə tamaşaçılar fərqli quruluş fərqli yanaşma görmüş olurlar. Bu isə çox yaxşı haldır. Ümumilikdə bizim teatrda dəvətli rejissorların tamaşa qoyması artıq ənənə halını alıb. Ölkənin ən tanınmış maraqlı dəst-xətti olan rejissorlarının əksəriyyəti bizim səhnədə tamaşa qoyub bu gələcəkdə davam etdiriləcək. Yeni rejissura, yeni nəfəs, yeni yanaşma istənilən halda müsbət nəticə verir.

   - Teatrı xarakterizə edərkən onun cəmiyyətin eyiblərinə güzgü tutduğunu deyirdilər. Necə düşünürsünüz, teatrlarımız bu anlamda indi həmin statusdadır?

   - Bəli, teatr hər zaman cəmiyyətin güzgüsü olub. Hər kəs özünü, yaşadığı cəmiyyətin ən müxtəlif tərəflərini obrazlı şəkildə teatrda tapıb. Bu mənada teatr həm tərbiyə, bir növ özünə nəzarət yeri kimi qəbul olunmalıdır.

   - Tamaşaçı hər zaman müsbət qəhrəmana bənzəmək, onun keyfiyyətlərini mənimsəmək istəyir. Belə olduqda insan çətin ki, mənfi obrazla öz eybəcərliklərini görə bilsin...

   - Niyə ki, əksinə, istənilən halda mənfi obraz ibrətamiz olur əsas etibarilə tamaşaçıya çatdırılacaq mesaj mənfi obrazın timsalında verilir. , o mənfi obrazın buna necə nail olması isə təbii ki, ifaçısından asılıdır. Amma bir aktyor kimi əminliklə deyə bilərəm ki, mənfi obrazı yaratmaq onu hər iki anlamda tamaşaçıya sevdirmək çox çətindir, nəinki müsbəti. Digər tərəfdən, tamaşaçı da mənfinin cəhətlərinə ibrətamiz yanaşmaqda çətinlik çəkir.

   - Bəlkə o mənfi obrazın mənfi cəhətlərini ustalıqla oynayanlar çətinlik çəkirlər?

   - , əlbəttə, mənfi qəhrəmanı yaratmaq istəyən bunun öhdəsindən gəlməyi bacaran aktyor da azdır. Məsələn, bizim teatrda əksər hallarda mənfi obrazları mən yaradıram. Bilmirəm, amma deyilənə görə bu məndə yaxşı alınır. Bəzən obrazın eybəcərliklərinə aludə olan tamaşaçının, nifrətindən, atəş saçan gözlərindən heyrətləndiyim anlar da olur. Məsələn, Elçinin «Qatil» tamaşasında oynadığım baş rola, mənfi obraza görə tamaşadan sonra səhnə arxasına keçən bəzi tamaşaçılardan təxminən eyni sözü eşitdim: «Az qalırdıq ki, səhnəyə çıxıb səni boğaq». Deməli, obraz alınmışdı.

   - Söz aktyorlardan düşmüşkən, bir az da Qazax teatrının aktyor truppasından danışaq...

   - Bütün bölgə teatrları kimi, bizdə aktyor problemi mövcuddur. Bu da gənc aktyorların bölgə teatrlarına az maraq göstərməsilə bağlıdır. Bu problemi həll etmək üçün özüm dəfələrlə Dövlət İncəsənət Universitetinə gələrək son kurs tələbələrini, gənc aktyorları teatrımıza cəlb etməyə çalışmışam, onlarla söhbətlər aparmışam. Amma edək ki, gəlmək istəmirlər. Təbii ki, bu müəyyən obyektiv bəzi hallarda subyektiv səbəblərlə bağlıdır.

   - Əvvəllər teatrların paytaxt bölgə bölgüsü bu qədər qabarıq deyildi. Digər tərəfdən, bəzən bölgə teatrları elə yüksək səviyyəli tamaşalar hazırlayırdılar ki, paytaxt teatrlarını belə geridə qoyurdular. İndi isə...

   - Düzdü, son illər səs-küyə səbəb olan tamaşalar yoxdur. Səbəb isə müxtəlifdir. Amma ilk olaraq yaxşı dram nümunələri azdır. Bundan başqa burada rejissura məsələsi var. Ümumilikdə mükəmməl tamaşa yaxşı əsər, peşəkar rejissura gözəl aktyor oyunu sayəsində yaranır. Bu üçlük bir-birini tamamlayarsa siz deyən nəticə olar. Digər tərəfdən heç tamaşaçı da əvvəlki tamaşaçı deyil.

   - Sərhəd bölgəsi olan rayonun mədəni mənzərəsi, Qazax insanlarının teatra münasibəti necədir?

   - Qazaxa Azərbaycanın qərb qapısı deyirlər. Ermənistanla həmsərhəd rayonda müharibə ab-havası həmişə var. Mütəmadi olaraq atəşkəs pozulur, evlər, kəndlər atəşə tutulur. Amma bütün bunlarla yanaşı, həyat öz axarında davam edir. Müharibənin qızğın vaxtlarında, 90-cı illərin ağır dövründə Qazax teatrı fəaliyyət göstərdi, güllələrin altında səngərlərdə, hərbi hissələrdə vətən oğulları qarşısında çıxışlar edib, onları döyüşə, mübarizəyə səslədi. Mübarizə hər zaman var bu mübarizənin önlərində bizim teatr gedir getməlidir.

  

 

   Söhbətləşdi: Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 8 iyun.- S. 7.