Uşaq
mahnılarının dünəni, bu günü və sabahı
İnsan gözünü dünyaya açan gündən
musiqi aləminə qərq olur. Ana laylasından başlayan bu
tanışlıq uşaq mahnıları ilə davam edərək
körpələrin dünyagörüşünün
formalaşmasında, mədəni tərbiyəsində əhəmiyyətli
rol oynayır.
Təsadüfi deyil ki, Azərbaycanın
bir çox görkəmli bəstəkarlarının
yaradıcılığında uşaqlar üçün
mahnılar, müxtəlif musiqi əsərləri
mühüm yer tutub. Bəs indi bu sahədə vəziyyət
necədir?
İyunun 6-da “ELS” Müstəqil
Araşdırmalar Mərkəzinin təşkilatçılığı
ilə keçirilən “Uşaq mahnıları: dünən,
bu gün, sabah” mövzusundakı dəyirmi masa”da bu barədə
söhbət açıldı. Mərkəzin direktoru
İradə Yaqubova tədbirin QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirilən “Uşaq internet portalı resurslarının
inkişaf etdirilməsi” layihəsi çərçivəsində
gerçəkləşdiyini nəzərə
çatdırdı. O, layihə barədə məlumat verərək
uşaq internet portalının fəaliyyətə
başlamasından sonra görülən işlərdən
danışdı.
Qeyd olundu ki, bu gün dövlət
tərəfindən musiqi mədəniyyətimizin
inkişafına, eləcə də uşaqların mədəni
tərbiyəsinin təşkilinə böyük diqqət
göstərilir. Bununla yanaşı, uşaq mahnıları
sahəsində müəyyən problemlər də
mövcuddur. Uzun illər sevilərək ifa olunan, ruhumuzu
oxşayan uşaq mahnılarımız unudulmaq üzrədir.
Həmin incilər nəinki ölkəmizdə, eləcə də
bütün dünyada məşhurlaşmışlar. Eyni
zamanda bu mahnılara sözlər yazan görkəmli şairlərimiz
də yada salınmalıdır. A.Şaiq, A.Səhhət,
T.Mütəllibov, X.Əlibəyli, T.Elçin və digər
ədiblərin yazdığı şeirlər uşaqlara
yüksək hiss və duyğular, Vətənə,
torpağa məhəbbət aşılayıb.
Tədbirdə iştirak edən
millət vəkili, professor Musa Qasımlı, bəstəkarlardan
Xalq artisti Oqtay Zülfüqarov, Əməkdar incəsənət
xadimləri Rəşid Şəfəq, Azər Dadaşov, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Səid
Hacıyev, “Space 104 FM” radiosunun direktoru Əhməd Əsgər
və digərləri böyüyən nəslin
dünyagörüşündə, saf təfəkkürə
malik cəmiyyət üzvü kimi formalaşmasında
uşaq mahnılarının əhəmiyyətindən
söz açdılar.
Uşaq mahnılarına televiziya və
radio kanallarında olduqca az efir vaxtının ayrılması
məsələsinə də toxunan tədbir
iştirakçıları uşaq mahnılarının
ifası və populyarlaşmasının vacibliyini
vurğuladılar. Bildirildi ki, respublikamızda fəaliyyət
göstərən, beynəlxalq müsabiqə və
festivallarda ölkəmizi uğurla təmsil edən uşaq
mahnı və rəqs kollektivlərinin
çıxışlarına da efirlərdə az rast gəlinir.
Uşaqlar bu gün gənclər, böyüklər
üçün yazılmış mahnıları daha
çox tanıyır və ifa edirlər.
Dəyirmi masada “ELS” Müstəqil
Araşdırmalar Mərkəzi tərəfindən uşaqlar
üçün mahnıların gündəmə gətirilməsi
məqsədilə onların yeni aranjimanda yazılmasına,
disklərə köçürülməsi və
yayılmasına, uşaq mahnısı müsabiqələrinin
təşkilinə, sırf uşaq auditoriyasına
ünvanlanan telekanalın və radionun açılmasına,
atılan addımların bütün mərhələlərində
dövlətin maliyyə dəstəyi və nəzarətinin
zəruriliyinə dair təkliflər irəli
sürüldü. Qeyd olundu ki, mahnıların
yayılmasında televiziya və radio ilə yanaşı,
internetin də önəmli yeri var. Uşaq internet
portalının rus və ingilis dilli versiyalarının
yaradılması, layihə çərçivəsində bəstəkar,
uşaq mahnılarının yaradıcısı
Ağabacı Rzayevanın 100 illik yubileyinin qeyd olunması məsələləri
də müzakirə olundu.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 8 iyun.- S. 6.