“Sivil ölkədə insanlar
öz hüquqlarını bilməlidirlər”
Aytən
Mustafayeva: “İnsan hüquqları elə bir sahədir ki,
daimi inkişafdadır və daimi dəyişikliklər tələb
edir”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci
il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə
İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu tarix
1998-ci il iyunun 18-də “Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı”nın qəbul olunması ilə
bağlıdır.
Əlamətdar günlə
bağlı Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira
Süleymanovanın təşəbbüsü ilə mayın
18-dən iyunun 18-dək respublikamızda “İnsan
hüquqları aylığı” keçirilir. İyunun 18-də
isə Bakıda ombudsmanların X Beynəlxalq konfransı
keçiriləcək.
Ölkəmizdə insan
hüquqları sahəsində vəziyyət, milli
qanunvericiliyin beynəlxalq hüquq normalarına
uyğunlaşdırılması və digər məsələlərlə
bağlı AMEA-nın İnsan Hüquqları İnstitutunun
direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ilə
söhbət etdik:
- Aytən xanım, 18 İyun -
İnsan Hüquqları Gününün əhəmiyyətini
necə dəyərləndirirsiniz? Müstəqilliyimizin əldə
edilməsindən ötən 20 ildə bu sahədə
hansı işlər görülüb?
- Prezident İlham Əliyev tərəfindən
18 iyunun Azərbaycanda İnsan Hüquqları Günü elan
olunması dövlətin bu sahəyə diqqətinin göstəricisidir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi
hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə,
bütün sahələrdə olduğu kimi, insan
hüquqları sahəsində də əsaslı islahatlar
başlandı. Avropa ailəsinə inteqrasiya yolunu
seçmiş Azərbaycan üçün bu sahə dövlət
quruculuğunun prioritet istiqamətlərindən biridir. Avropa
ailəsinə daxil olmaq üçün, təbii ki, öz cəmiyyətimizin
quruculuğunu və insan hüquqları sahəsində
qanunvericiliyimizi də bu istiqamətdə inkişaf etdirməliyik.
Ötən dövrdə insan hüquqlarının
inkişafı kontekstində həm qanunvericilikdə, həm də
məhkəmə sistemində islahatların aparılması təqdirəlayiqdir.
Azərbaycan Milli Elmlər Akademiyasında İnsan
Hüquqları İnstitutunun yaradılması da bu istiqamətdə
atılan mühüm addım oldu. Respublika rəhbərliyi əsas
insan hüquq və azadlıqlarının qorunması istiqamətində
islahatların aparılması ilə yanaşı, milli
qanunvericiliyin beynəlxalq hüquq normalarına
uyğunlaşdırılması, insan hüquqlarının
müdafiəsində dünya və Avropa standartlarının
təmin olunması məqsədilə nüfuzlu beynəlxalq
təşkilatlarla sıx əməkdaşlıq yolunu tutub.
Ötən 20 il ərzində insan hüquqları sahəsində
Azərbaycanda çox böyük işlər
görülüb. ATƏT, Avropa Şurası, BMT kimi beynəlxalq
təşkilatlarla əməkdaşlıq qurulub və onlar da
bizə dəstək göstəriblər. Bu xüsusda BMT-nin
qurumları, o cümlədən UNESCO ilə sıx əməkdaşlıq
mövcuddur. Bu sahədə qanunvericilik müstəvisində
dəyişikliklər edilməsi, milli qanunvericiliyin beynəlxalq
qanunvericilikdən istifadə edilərək zənginləşməsi
müsbət haldır.
- İnsan hüquqlarının
inkişafı qanunvericiliklə bərabər, cəmiyyətin
də inkişafını tələb edir. Maraqlıdır,
bu sahədə maarifləndirmə işləri yetərincə
aparılırmı?
- İlk növbədə cəmiyyətin
insan hüquqları ilə bağlı marağı, bilikləri
olmalıdır ki, insanlar öz hüquqlarından istifadə
edə bilsinlər. Təbii ki, bunun üçün maarifləndirmə
çox böyük əhəmiyyət daşıyır. Bu
illər ərzində Azərbaycan qanunvericiliyinin beynəlxalq
qanunvericiliyə uyğunlaşdırılması, konvensiyalara
qoşulmağımız bu istiqamətdə
gördüyümüz mühüm işlərdir. Bu gün
görürük ki, cəmiyyətimizdə insan
hüquqları sahəsində biliklər artıb. İnsanlar
artıq öz hüquqlarını yaxşı bilməkdə,
hüquqi biliklərini zənginləşdirməkdə daha fəaldırlar.
Ancaq yenə də demək olmaz ki, cəmiyyətdə bu
biliklərin səviyyəsi yetərincədir. Bizim ali məktəblərimizdə
fakültələrdən, peşələrdən
asılı olmayaraq insan hüquqlarının tədrisi
çox vacibdir. Çünki sivil ölkədə insanlar
öz hüquqlarını bilməlidirlər. Bu normal və
elementar biliklərdir. Yenə qeyd etmək istəyirəm ki,
ötən illər ərzində bu sahədə çox
böyük dəyişikliklər baş verib. İnsan
hüquqları elə bir sahədir ki, daimi inkişafdadır
və daimi dəyişikliklər tələb edir.
Çünki həyatımız və ətraf mühit, cəmiyyətin
tələbləri, maraqları dəyişir və təbii
ki, bu öz təsirini həm qanunvericiliyə, həm normalara
göstərir. Bütün cəmiyyətlərdə bu belədir.
Ancaq cəmiyyətdə artıq qəbul olunmuş normalar,
biliklər, hüquqi meyarlar var - bunlar qanunvericilikdə də
öz əksini tapmalıdır. Parlament deputatı olaraq bu məsələlər
mənim üçün xüsusilə önəmlidir. Biz də
çalışırıq ki, mütərəqqi qanunlar
bizim qanunvericiliyimizdə də əksini tapsın və biz
qabaqcıl dünya ölkələri ilə ayaqlaşaq.
- Sizcə, insan hüquqları ilə
bağlı insanların maarifləndirilməsində ən
vacib və effektiv təbliğat mexanizmi hansıdır və
ondan necə istifadə olunmalıdır?
- Ən effektiv üsul
televiziyadır və təəssüf ki, bu imkandan hələ
lazımınca istifadə olunmur. Televiziyalarda ən
böyük təsirə malik vasitə kimi sosial reklama
üstünlük verilməlidir. Biz artıq bununla
bağlı qanun qəbul etməli, bu məsələni
televiziya kanallarının qarşısında vəzifə
kimi qoymalıyıq ki, sosial reklama yer ayırsınlar. Təbii
ki, bu reklam kommersiya xarakterli deyil, pulsuz olmalıdır.
Çünki sosial reklam böyük əhəmiyyət
daşıyır. Adi bir reklamın hansı təsirə malik
olması hamıya bəllidir. Eləcə də sosial reklam
vasitəsilə vətəndaşlarımızı maarifləndirməliyik.
Birincisi, bu daha tez yadda qalır, digər tərəfdən mənəvi-tərbiyəvi
baxımdan da çox böyük dəyər
daşıyır. Bununla bağlı aidiyyəti təşkilatlar
görüşlərə gedəndə orada bir qrup insanlar
iştirak edir. Uşaqdan qocaya qədər bütün cəmiyyəti
əhatə etmək üçün sadə dillə,
yaddaqalan effektlə sosial reklamlar hazırlanıb təqdim
olunmalıdır. Çünki hər bir cəmiyyətdə
əlillər, qadınlar, uşaqlarla bağlı problemlər,
elementar yol hadisələri, səhiyyə ilə bağlı
hansısa problemlər var - bütün bunlarla bağlı əhalini
maarifləndirmək, insan hüquqları ilə bağlı
bilikləri təbliğ etmək lazımdır. Biz qanun qəbul
edirik, amma bir çox insanların bundan xəbəri yoxdur.
Onları məcbur etməli deyilik ki, qanunları öyrənsinlər.
Amma mütəmadi olaraq televizoru açıb orada diş
pastasının və ya ketçupun reklamından sonra öz
hüquqları haqqında bir reklam görsələr, bu, yadda
qalacaq. İnsan bilməlidir ki, məsələn, səhiyyə
müəssisəsinə gedərkən hansı sənədləri
imzalamalı və öz hüquqlarını necə
qorumalıdır. Ümumiyyətlə, gündəlik həyatımızda
hüquq və vəzifələrimizi bilməliyik: mənim
hüququm harada qurtarır və harada başqasının
hüququ başlayır. Biz onu da təbliğ etməliyik ki, hüquqların
da həddi-hüdudu var.
- Necə
düşünürsünüz, mədəniyyət sahəsində
insan hüquqlarının qorunması necə əhəmiyyət
kəsb edir?
- Azərbaycanın bu sahədə
apardığı çox böyük işlər var və
bir sıra qanunlar qəbul edilib. Son zamanlar biz, məsələn,
plagiatla bağlı qanunlar qəbul etmişik. Mədəniyyət
hüquqları bütün insanları, xalqları, dövlətləri
maraqlandırır. Çünki bu etnoyaddaşdır və mədəniyyətlər
bunun daşıyıcısıdır. Qloballaşma
dövründə etnik müxtəlifliyi qorumaq böyük
işdir.
- Yeri gəlmişkən, bədnam
qonşularımız davamlı olaraq mədəniyyət
nümunələrimizi özününküləşdirməyə
cəhd edirlər. Bu, mədəniyyət sahəsində
hüquqlarımızın pozulması deyilmi?
- Azərbaycanın üzləşdiyi
ən böyük problem, sözsüz ki, Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzüdür,
bu işğalçılıq siyasətinin doğurduğu
Qarabağ münaqişəsidir. Ermənilər tərəfindən
aparılan bu siyasətin yaşı artıq 100 ildən
çoxdur. Hələ bu münaqişədən öncə
erməni ideoloqları Azərbaycan mədəniyyətini mənimsəməyi
qarşılarına məqsəd qoymuşdular. Bilirik ki,
ötən əsrin 70-80-ci illərində artıq onlar bu
istiqamətdə işləməyə başlayıblar. Hətta
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
«Arşın mal alan» operettası haqqında iddiaları da
olub. XX əsrin ortalarından mətbəximizə maraq və
mənimsəmə uğrunda cəhdlər ediblər.
Müasir dövrdə isə artıq milli musiqi nümunələrimizi,
məsələn, «Sarı gəlin» xalq mahnısını
özününküləşdirməyə
çalışırlar. Bu, beynəlxalq hüquqda plagiat
adlanır. Biz də öz tərəfimizdən bu istiqamətdə
daha fəal işləməliyik. İctimai təşkilatlarımız,
dövlət qurumları ölkəmizin mədəniyyəti,
mətbəxi və musiqisinə qarşı bu iddiaların
qarşısının alınmasında əlbir
çalışmalıyıq. Bu məsələ
qanunvericilikdə də əks olunmalıdır. Onu da qeyd edim
ki, bu yaxınlarda Milli Məclisdə plagiatla bağlı
müzakirələr aparılıb. Bununla bağlı qanun da
hazırlanmaqdadır.
- Aytən xanım, rəhbərlik
etdiyiniz institut insan hüquqları sahəsində elmi kadrlar
yetişdirir. Fəaliyyət sahəniz əsasən hansı
istiqamətləri əhatə edir?
- Bizim institut 14 ildir ki, fəaliyyət
göstərir. Fəaliyyət sahəmiz əsasən
aşağıdakı istiqamətləri əhatə edir: vətəndaş
hüquqları, sosial hüquqlar, din və təhlükəsizlik,
bioetika və tibbi hüquq, elmdə insan hüquqları, milli
təhlükəsizlik və erməni problemləri. Mütəmadi
şəkildə cəmiyyətin bugünkü tələblərinə
uyğun olaraq bizim istiqamətlər də dəyişir.
Çoxlu nəşrlərimiz var. UNESCO ilə sıx əlaqələr
qurmuşuq. Bioetika və tibbi hüquq fənnini elmi istiqamət
halına salmışıq. Bu istiqamətdə ötən il
doktoranturaya ilk qəbul keçirdik. BDU və UNESCO ilə əməkdaşlıq
haqqında memorandum imzalamışıq. Qarşıdakı 4
ildə, 2012-ci ildən 2016-cı ilədək tədricən
UNESCO kafedrasını açacağıq. Bu qurumun tədris
proqramını onların icazəsi ilə Azərbaycan dilinə
tərcümə etmişik. Bundan əlavə, qeyd etdiyim sahələr
üzrə siyasi elmlər, konfliktologiya, beynəlxalq
münasibətlər, beynəlxalq hüquq, bioetika və tibbi
hüquq sahələri üzrə doktorantlar, dissertantlar qəbul
etmişik. Amma kadr məsələsi çox mürəkkəbdir.
Çünki gənc insanları elmə cəlb etmək
çətindir. Elələri var ki, burda püxtələşərək
mütəxəssis olurlar və sonra gedirlər. Bu sahədə
professional mütəxəssislərin azlığı bizim
üçün hələlik problemdir. İnstitut direktoru
olaraq xarici dilləri, beynəlxalq hüququ bilən,
qanunvericiliklə işləməyi bacaran kadrların
axtarışındayam. Amma hazırda mövcud insan
resursları ilə işlərimizi aparırıq. Ötən
il dekabrın 27-də Azərbaycan Prezidenti tərəfindən
insan hüquqlarına dair Milli Fəaliyyət Planı
haqqında sərəncamın imzalanması bizim
üçün böyük nailiyyətdir. Sənədin 9 bəndində
institut icraçı orqan kimi xüsusi vurğulanıb ki, bu
da bizə göstərilən böyük diqqətdir. Sənəddə
maarifləndirmə, təhsil, məhkəmələrin
işinin monitorinqi, BMT-nin və xüsusən UNESCO-nun qəbul
etdikləri qanunvericiliklərlə bizim qanunvericiliyimizin
uyğunlaşdırılması problemləri ilə bağlı
işlərin davam etdirilməsi, nəşrlərin
çapı və yayılması məsələləri əksini
tapıb. Bizim institut tərəfindən də Ermənistanın
Azərbaycana vurduğu iqtisadi ziyanın ödənilməsi məsələsi
qaldırılmışdı. Çox sevindirici haldır ki,
Milli Fəaliyyət Planında bu məsələ də
öz əksini tapıb.
Mehparə
Mədəniyyət.-
2012.- 8 iyun.- S. 5.