Qazaxıstanda
Azərbaycan Mədəniyyəti Günləri keçirilir
İyunun 7-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti
Günləri başlanıb.
Mədəniyyət günləri
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan
Respublikası Hökuməti arasında mədəniyyət,
elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq
haqqında” Proqrama əsasən keçirilir. Tədbirdə
iştirak etmək üçün mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik
etdiyi nümayəndə heyəti Qazaxıstana səfərə
gedib. Mədəniyyət günləri çərçivəsində
Qazaxıstanın Astana və Almatı şəhərlərində
Azərbaycan incəsənət ustalarının
iştirakı ilə konsertlər, foto və turizm sərgiləri
nəzərdə tutulub.
Astananın Sülh və Həmrəylik
Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin
təntənəli açılış mərasimi
keçirilib. Mərasimdə Azərbaycan Dövlət Rəqs
Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və
Rəqs Ansamblının, muğam ifaçılarının,
müğənnilərin rəngarəng
çıxışları alqışlarla
qarşılanıb.
Mədəniyyət günləri
Azərbaycan ilə Qazaxıstan arasında
qarşılıqlı mədəni əməkdaşlığın
inkişafına, milli mədəniyyətimizin və incəsənətimizin
təbliğinə xidmət edəcək. Mərasim
iştirakçıları “Azərbaycan: ənənə və
müasirliyin qovşağında” adlı fotosərgi, Azərbaycanın
turizm potensialının təqdimatı ilə tanış
olublar.
Qazaxıstanda Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində incəsənət
ustalarımızın daha bir konsert proqramı iyunun 9-da
Almatı şəhərində, Jambıl adına Dövlət
Filarmoniyasında təqdim olunacaq.
Mədəniyyət.-
2012.- 8 iyun.- S. 2.