Xatirələrdən
boylanan səs
Ötən illərin
mahnıları
O, xatırlandığı ilk andan insanda
qəribə bir hiss,
təbəssüm qarışıq nostalji,
keçmişlə bu gün
arasında əzəli bir təmas doğuran təəssürat yaradır. Qulu Əsgərov
dedikdə onun bütün
görkəmi - mimikası, özünəməxsus jestləri,
artistizmi, hər mahnıdakı
obrazlılığı, tamaşaçı ilə birbaşa ünsiyyət sehri,
eləcə də bir-birindən gözəl mahnıları, opera səhnəsində sevərək
yaratdığı Məcnunu, alışa-alışa
yandırıb-yaxdığı Kərəmi gəlib xəyal
süzgəcimizdən keçir. Qulu Əsgərov səhnəyə, musiqiyə,
ifaçılığa böyük məhəbbətlə
bağlanan, səhnəni məbəd,
ibadətgah hesab edən sənətkarlardan
idi. Elə ona görə
də bu gün də
dərin hörmətlə, xoş təəssüratla
anılır, sevilir, dinlənir.
Ömrün bir-iki anı
Qulu Rüstəm oğlu Əsgərov 1928-ci il dekabrın 18-də Salyan rayonunda dünyaya gəlib. Gənc yaşlarında sənətə, musiqiyə bağlanıb, rayonun özfəaliyyət kollektivlərində mütəmadi çıxışlar edib. 1954-1958-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olaraq görkəmli xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb. Ustadının ifaçılıq ənənələrini mənimsəməklə muğamın sirlərinə dərindən yiyələnən Qulu bütün muğam dəsgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Parlaq istedadı ilə seçilən xanəndə 1957-ci ildə Moskvada keçirilən Ümumdünya tələbə və gənclər festivalının, 1958-ci ildə Ümumittifaq estrada ifaçıları müsabiqəsinin laureatı olub.
Peşəkar müğənnilik fəaliyyətinə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlayan Q.Əsgərov bəzi konsertlərində özü həm tarda çalar, həm də oxuyardı. Bununla da tamaşaçılarda fərqli ifaçı, maraqlı xanəndə təəssüratı yaradan sənətçi xalq musiqisi ruhunda yazılmış bir çox mahnıların müəllifi kimi də məşhur idi. Xanəndənin yaradıcılığı, bəstəkarlıq fəaliyyəti o vaxtlar özfəaliyyət kimi dəyərləndirilərək Bəstəkarlar İttifaqına üzv qəbul olunmasa da, hər halda, bəstələri ilə xatırlanası sənətkarlardan birinə çevrildi. Qulu müəllim daim öz üzərində çalışan, öyrənməkdən yorulmayan ifaçılardan olub. Texnikumda təhsilini başa vurduqdan sonra Mədəniyyət və İncəsənət Universitetində ali təhsil də alıb. Sonralar məzunu olduğu ali təhsil ocağında pedaqoq kimi çalışır, muğam kafedrasının müdiri işləyir. Milli musiqi sənətimizin tədrisi və təbliği işinə də öz töhfələrini verir.
Arzuların qanadında
Qulu Əsgərovun ifaçılığa, səhnəyə sonsuz məhəbbəti vardı. Əslində, o, sənətin qaynar həyatına çox gənc yaşlarından başlamışdı. Çalıb-oxumağa həvəsi o qədər güclü idi ki, heç bir müəllimi olmadan, gecə-gündüz məşğul olaraq tar, saz, piano, qarmon kimi musiqi alətlərində mükəmməl ifaçılığa yiyələnmişdi. İkinci Dünya müharibəsi dövründə Salyanda fəaliyyət göstərən və bir çox sənətkarların həyatında dönüş yaradan Musiqili Dram Teatrında o da çalışmış, burada aktyor-müğənni kimi bir sıra əsərlərdə yaddaqalan obrazlar yaratmışdı. Təsadüfi deyil ki, onun aktyorluq məharəti, səsi, oynadığı rollar, ifa etdiyi musiqi alətləri və ən əsası məşhur «Əsli və Kərəm» operasındakı yanıqlı Kərəm obrazı müğənnini nəinki Salyanda, hətta qonşu rayonlarda da məşhur etmişdi. Lakin 40-cı illərin sonunda, bir çox bölgə teatrları kimi, Salyan teatrının fəaliyyəti də dayandırılır və onun bazasında mədəniyyət evi yaradılır. Mədəniyyət evinə bədii rəhbər təyin edilən Q.Əsgərov burada maraqlı tədbirlər təşkil edir, «Arazbarı» adlı ansambl yaradır. Ansamblın müşayiəti ilə Salyanda və qonşu rayonlarda rəngarəng konsert proqramları ilə çıxış edir. Məlahətli səs, peşəkar ifaçılıq və tamaşaçı ilə birbaşa ünsiyyət sayəsində xanəndə qısa zamanda bölgədə şöhrət qazanır.
Amma bütün bunlar az idi
Təbii ki, böyük sənət sevgisi, musiqi məhəbbəti və yəqin ki, daha da məşhurlaşmaq istəyi onu əsas sənət meydanına, Bakıya səsləyirdi. O, təbii ki, qəlbinin səsinə səs verərək paytaxta üz tutur və böyük arzularını bir-bir həyata keçirməyə başlayır. Texnikum və ali təhsillə yanaşı, filarmoniyadakı konsertləri sayəsində paytaxt musiqisevərlərinin də rəğbətini qazanır, özünəməxsus ifası ilə onların da qəlbinə yol tapır. Onun sənətkarlıq keyfiyyətləri və ifa manerası məşhur bəstəkar Fikrət Əmirovun da diqqətini çəkir və o, müğənnini Dövlət Akademik Opera və Balet Teatrına dəvət edir.
1956-cı ildə teatrda işə düzələn Q.Əsgərova ilk olaraq «Leyli və Məcnun»da Zeyd rolu tapşırılır. İlk dəfə opera səhnəsinə çıxacaq müğənni böyük həvəs və həyəcanla bu rolunun üzərində gecə-gündüz məşq edir və elə ilk çıxışından tamaşaçıların rəğbətini qazanır. O daha sonra «Əsli və Kərəm»də Sofi rolunu ifa edir. Bir neçə ildən sonra Məcnun rolu həvalə olunan sənətkar çoxdan arzusunda olduğu bu obrazın da yaddaqalan ifaçılarından biri olur. Müasirləri Q.Əsgərovun yaratdığı obrazı xarakterizə edərkən onun Məcnunu gözəl duyduğunu, qəhrəmanın ağrı-acılı taleyini səhnədə ustalıqla canlandıra bildiyini deyirlər. İfaçını opera teatrında müşayiət edən məşhur tarzən Bəhram Mansurovun xatirələrindən: «1961-ci ildə Qulu Əsgərov Məcnun rolunda çıxış etdi. Qulu bu obraz üzərində işləyərkən nəinki görkəmli bəstəkarın yaradıcılığını, musiqi materialını, həmçinin «Leyli və Məcnun» poemasının yarandığı tarixi dövrə aid materialları belə öyrənirdi. O, Məcnun rolunun əvəzsiz ifaçısı Hüseynqulu Sarabskinin oyunu haqqında materiallar da toplamışdı. Gənc müğənni özünəməxsus xüsusiyyətləri olan bu mürəkkəb obrazı dərk etmək üçün xeyli zəhmət çəkmişdi».
Opera səhnəsində digər aparıcı partiyaları - «Aşıq Qərib»də Qərib, «Şah İsmayıl»da Şah İsmayıl obrazlarına da maraqlı və baxımlı səhnə həyatı verən sənətkarın əsas tərəf-müqabilləri Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova kimi sənətkarlar olub. Kərəm partiyasında sazı da özü çalan xanəndə bu özəlliyi ilə də geniş tamaşaçı rəğbəti qazanmışdı.
Muğama sonsuz sevgi ilə
Qulu Əsgərovun səsini, ifasını, səhnədə yaratmış olduğu tamaşanı daim xatırladığını deyən yazıçı-publisist Mustafa Çəmənli xanəndəni yaradıcı sənətkar kimi xarakterizə edir: «Onun müğənniliyi, opera ifaçılığı ilə yanaşı, gözəl, xalq ruhuna uyğun bəstəkarlığı da var idi. Bəstələdiyi bir çox mahnılar bu gün də dillər əzbəri olmuş, ölkəmizin hüdudlarını belə aşmışdır. Bunlardan «Dolanaram başına», «Bəyənmir məni», «Əziz dostum», «Səhər-səhər pəncərəni açanda», «Könül bağladım», «Sevmişəm» kimi mahnıları müğənninin özünün və bir çox görkəmli sənətkarların ifasında geniş dinləyici məhəbbəti qazanmışdır. O, xalq musiqisinin, xüsusən muğamatın vurğunuydu. Hətta övladlarına da muğam adları vermişdi. Muğamat, Rahab və Şahnaz sevimli övlad və sənət anlamlarını bir arada təqdim edir».
Sənətkarın məlahətli səsi və çağlar ifasının sorağı İtaliya, İspaniya, Almaniya, Monqolustan kimi ölkələrdən də gəlirdi. Onun məlahətli səsinin və qaynar bəstəkarlıq təbinin məhsulu olan mahnıları bu gün də öz bədii-estetik əhəmiyyətini itirməyib.
Onun səsində, ifasında bir ayrı özəllik tapmış «Bayatı-kürd» muğamı da var idi. Əksər dinləyicilər xanəndəni məhz bu muğamdakı zəngulələri ilə də xatırlayırlar.
«Yada sal məni» deyirdi
Onun üçün ifaçılıq ağır və məsuliyyətli sənət idi. Qulu Əsgərov muğamları, eləcə də özünün bəstələdiyi mahnıları xüsusi bir şövqlə ifa edirdi. Amma onu sevdirən təkcə səsinin gözəlliyi deyildi. O, sənətdən umduğu tamaşaçı sevgisinə daim eyni şövq, eyni hərarətlə cavab verirdi. Xanəndə xatirələrində yazır: «1954-cü ildə Bakıya gəldim və A.Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil oldum. Əsas məqsədim xanəndə, müğənni olmaq idi. Sonra baxdım ki, tar çalmağım da var. Tar sinfinə daxil oldum, sonralar bəstəkarlığa həvəsim artdı. Bəstəkarlığın da sirlərini öyrəndim. Mənim bəstəkar yoldaşlarım Zaur Əliyev, Oqtay Kazımov, Ruhəngiz Qasımova professional bəstəkarlar oldular».
Əslində tarzən, bəstəkar və xanəndə Qulu Əsgərov hər üç sahədə öz sözünü söyləməyi bacardı.
Fəxri adı olmasa
da...
Deyirlər, sənətkarın əsl qiymətini xalq verir. Bu fikir Qulu Əsgərovun timsalında bir daha özünün təsdiqini tapır. O, sağlığında layiq olduğu fəxri adı almasa da, bundan gileyli olmadı, incikliyini isə heç vaxt üzə vurmadı. Sadəcə çox sevdiyi sənətlə onu qəlbən sevən xalqına xidmət etdi. Ta ömrünün sonunadək, həyatın onun üçün bitdiyi 11 iyun 1987-ci il tarixinədək. Bu müqəddəs yolu, sənətkarın sənət ənənələrini və xalqına sevgi nəğmələrinin səsinin hopduğu lent yazıları və qəlblərdə heç vaxt solmayacaq təzə-tər Qulu məhəbbəti davam etdirir.
Salyanda doğulub pərvazlanıb sənət paytaxtı Bakıda dünyasını dəyişsə də, ölümü ilə yenidən doğma el-obasına qaytarıldı, orada torpağa tapşırıldı. Yaşadığı küçəyə və Saylan Şəhər Musiqi Məktəbinə onun adı verildi.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 15.