Səfərsiz dünya səyyahımız

 

   Avropa onu 55 ildə 165 dəfə nəşr, milyon dəfələrlə yad edib

  

   Yer həmişə hərəkətdə, hər an fırlanmada. Deməli, Yer də insan kimi yerimədə. İzləri, naxışları isə yalnız istedadlar, sənətkarlar. Onlar olmasa, Yerdən geriyə nə qalar? Adını unutduğum bir xanım-şairin iki misrasını xatırlayıram: “Bir qar da yağmadı yarınaq, üstüylə yeriyək - sırınaq”. O şairənin yorğan-döşək sırınmasına təşbeh etdiyi bu mənzərə dahi mirzələrimizdən birinin “Yaz gələr - artar qəmin” misrasındakı hərarətə bənd - əriyib gedəcək. Bu sözlər isə qaldıqca qalacaq...

  

   Bu yazımız o sayaq söz sahiblərindən biri - ilk Mirzəmiz Şəfi Vazeh haqda.

   Xalq Mirzə Şəfi Vazehi “Gəncəli müdrik” adlandırırdı. Mirzə Şəfi yaradıcılığına bələdlikdən isə belə bir qənaət hasil olur ki, o da bu qədim şəhəri müdriklər Gəncəsi kimi vəsf edir.

   O, milli mirzələrimizdən biri, xronoloji baxımdan götürsək, bu qeyri-rəsmi titulu daşıyanlarımızın ilki idi. Çünki o, Fətəlidən 18 il, Ələkbər və Cəlildən iki qərinə öncə doğulmuş, dövrün elmi dərəcəsi kimi səslənən “Mirzə” titul-adına sahib olmuşdu.

  

   Bu imzanın “Həmzə”si...

   

   Bu imzanın adı bizim... çox elmi-ədəbi “həngamələr”dən, plagiatnamələrdən sonra dadı da bizim! Təkcə elmi-ədəbi həngamələrdənmi sonra? Yox, o, dövrün sosial problemlərinin, tale, qəza-qədər məhrumiyyətlərinin də baş qəhrəmanlarından idi. Əsrinin ən seçkin şairi olan Mirzə Şəfini bu tale bəlalarının sosialından Hacı Abdulla, ədəbi-bədii həsbi-halından isə Fridrix adlı canlı bir bəla qurtardı. Bu canlı bəla o vaxt Rusiya və Qafqaza səyahətə çıxmış alman ədibi Bodenştedt idi.

   Mirzə Şəfi ömrünə Bodenştedt adlı irfan “tufanından” öncə xəfifcə bir ruzi yeli əsdi. Belə ki, əslən gəncəli, ticarətdə əli gətirmiş Hacı Abdulla Bağdada səfərində bir sufi dərvişlə tanış olur, onun fəlsəfi ideyalarının ardıcılına çevrilib Gəncəyə qayıdır. Və... hələ mədrəsədə təhsil alarkən sufiliklə, Şərqin panteist fəlsəfi fikri ilə maraqlanan Mirzə Şəfi üçün Hacı Abdulla göydənsaçma bir işıq olur. O, bu işıq sayəsində Nizami, Hafiz, Füzuli, Xəyyam, Sədi kimi hikmət nəhənglərinin fikir dünyaları ilə tanış olur və beləliklə, dünyanın özünü anlayır.

   Bağdadlı dərvişdən möhkəm dərs almış Hacı Abdulla Mirzə Şəfiyə qayğı, maddi yardım işində də möhkəm dayanır. O, Şəfinin mərhum Cavad xanın qızı Püstənin idarəsində işə düzəlməsinə vasitəçi olur. Lakin rusların yeni hücumu nəticəsində Cavad xanın oğlu Uğurlu xanın Püstəni də götürüb İrana keçməsi, yeganə hamisi Hacı Abdullanın vəfat etməsi, üstəgəl, mətbəələrin yaranması ilə xəttatların - “canlı nəşriyyat”ların əməyinin lazımsız bir şeyə çevrilməsi Mirzə Şəfini yenidən məhrumiyyətlər girdabına salır.

   Amma, tədqiqatçıların da birmənalı söylədikləri kimi, Şəfini Mirzə Şəfi Vazeh edən ən əsas səbəb elə məhz bu məhrumiyyətlər olur...

   

   Taleyin Tiflis mənzili

   

   Bu mənzildə onu daha böyük bir mirzə - Mirzə Fətəli Axundzadə, ədəbi sehrbaz Fridrix Bodenştedt və nəticə etibarilə bütün Avropada məşhurluq gözləyirmiş.

   1840-cı ildə Mirzə Fətəli Mirzə Şəfinin Tiflisdəki uyezd məktəbinə müəllim qəbul edilməsinə yardımçı olur və o - 1848-1850-ci illərdə Gəncədə çalışmasını nəzərə almasaq - ömrünün sonuna qədər burada işləyir.

   Mirzə Şəfi Tiflisdə tək elə müəllimliklə kifayətlənmir, azərbaycanlı şagirdlər üçün “Kitabi-türki” adlı dərs vəsaitini yazır. Bu kitabda Mirzə Şəfinin misal gətirdiyi “müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən mənimsənilir - əsl müəllifi göstərilmədən təkrar nəşr edilir.

   Bodenştedt... Mirzə Şəfi taleyini qarabaqara izləyən bu “ədəbi kabus” kim idi? Onun əsl kimliyindən öncə, onu bir kimsə etmiş Mirzə Şəfimiz haqda daha bir neçə kəlmə.

  

   Bunları sənədlər söylər

  

   Tiflisdə daha geniş və qaynar mühitə düşən Mirzə Şəfi Gəncə ədəbi qovşağı ilə əlaqəni kəsmir, orada yaratdığı “Divani-hikmət” ədəbi məclisini burada davam etdirir, A.Bakıxanov, M.F.Axundzadə, şairlərdən Naseh, M.Həsən, M.Abdulla və başqaları ilə ünsiyyət imkanı qazanır. Qarşılıqlı əlaqələr, ədəbi qidalanmalar M.Şəfiyə çox qənimətlər bəxş edir, özünü realizəsinə yardımçı olur. O, Tiflisdə Azərbaycan ədəbi-mədəni mühitinin canlı mərkəzinə, şanlı intişar məntəqəsinə çevrilir. Səsi-sorağı bütün Qafqazı dolaşır, şəninə sözlər qoşulur, yoluna mənəvi ovçular çıxır. 1843-cü ildə Fridrix Bodenştedt də bu məntəqəyə qədəm basır.

   Yaşca Mirzə Şəfidən 25 il kiçik, təhsilcə isə müqayisəyəgəlməz dərəcədə (Almaniyanın üç məşhur universitetini bitirmişdi) üstün Bodenştedt Moskvadan Tiflisə gəlib xarici dilləri tədris edərkən Şərq dillərini də öyrənmək fikrinə düşür. Sən demə, taleyi onu poeziya oğruluğuna gətiribmiş. Lakin onun bu oğurluğu bizim bir sıra doğruluğumuzu da üzə çıxaracaqmış. Onun “Xatirələr”i bizim dilimizin, dilçilərimizin, şairlərimizin çox “dərəceyi-mərtəbə”lərindən, mətləb-məramlarından xəbər verir: “O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi”.

   Bu son cümlə bizim özümüz haqda yazdığımız poetik-patetik kitablardan, romanlardan daha yey deyilmi?

   Bəli, Bodenştedtin tanışları müəllim seçimində məhz Mirzə Şəfini - Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük və təkrarsız təcrübəsi olan şairi məsləhət görürlər. Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən öncə yazdığı “Xatirələr”ində belə heyrətlənirdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, dediklərinin, diktə etdiklərinin, sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!..

   Mirzə Şəfi çox zaman öz şeirlərini də ona diktə edər, hələ “məsum tələbə” dövrünü yaşayan, lakin həm də Tiflis ermənilərilə də bu dildə “xosunlaşıb” onların hal-xoyunu götürən Bodenştedt isə gələcək oğurluq işi üçün o şeirləri dəftərinə köçürərdi.

   Bu tədris üsulunun gücü ilə Bodenştedt Azərbaycan və fars poeziyasının gözəlliklərini incəliklərinə qədər mənimsəyir. Bundan çox məmnun olan sadədil Mirzə Şəfi isə - dədə-baba mentalitetimizə rəğmən - özünün “Hikmət açarı” kitabını (başqa sözlə desək, müəlliflik haqqını) ona bağışlayır.

   Mirzə Şəfinin həyat və yaradıcılığı uzun, maraqlı (lakin həm də sənədli) bir nağıla bənzədiyindən bu məqamda “nağılçı dili yüyrək olar” ifadəsini də işlədib, bir çox maraqlı fakt və olayların üstündən keçməli olur, obrazlı bir xitama qol qoyuram. Belə ki, Bodenştedt 1845-ci ildə - Adolf Hitlerin əli Bakının qara qızılından üzüldüyü tarixdən 100 il öncə ələ keçirdiyi qızıl poeziyamız ilə Almaniyaya qayıdır və “Şərqdə 1001 gün” adlı kitab yazır. Hələ “məsum”, sədaqətli Bodenştedt M.Ş.Vazehdən tərcümə etdiyi şeirləri də daxil etdiyi həmin kitabda belə bir ədəbi-bədii “vay-şivən” salırdı: “Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu. Sənin nəğmələrin bizim qız-gəlinlərin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi!”.

   Bodenştedtin bu anadək müəllifi olduğu heç bir tərcümə və ya digər əsəri ona bu “müəllifliyi” qədər şan-şöhrət gətirməmişdi. Bu kitab ona heç vaxt, heç zaman gözləmədiyi bir uğur qazandırdı. Kitab naşirin təklifi ilə “Mirzə Şəfi nəğmələri” adı altında təkrar nəşr olunur, fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə çap edilir. “Nəğmələr” 1868-ci ildə 6 dəfə, 1876-da 12, elə təkcə Almaniyada isə ümumilikdə 169 dəfə (1922-ci ilədək) nəşr edilir. Hətta Mirzə Şəfi haqqında operetta da yazılır və 1887-ci ildə Almaniyada premyerası olur.

   Bütün bu uğurlar isə sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək eşqinə salır. O, son nəşrdə özü-özünü “ifşa” edir. Guya bu şərqli obrazı onun canına-qanına o qədər hopubmuş ki, bir vaxtlar öz şeirlərini belə Mirzə Şəfi adı ilə imzalayıbmış!.. (Belə yerdə biz “pahatonnan!” deyiriksə, yəqin, incə-mincə avropalılar “pahanonnan!” hıçqırarlar...).

   Həqiqətdən xəbərsiz alman və digər Avropa şərqşünaslığı isə Bodenştedtin bu etiraf-bəyanatını qeyd-şərtsiz qəbul edir...

   Bütün yaradıcılıq ömrü qaranlıqlar, çətinliklər, gözlənilməzliklərlə müşahidə olunan bu şairlə bağlı anlaşılmazlıqlardan biri də budur ki, bir çox ölkələrdə “Mirzə Şəfinin nəğmələri” fars dilindən tərcümələr kimi qələmə verilir. Hətta məşhur Anton Rubinşteynin Mirzə Şəfinin sözlərinə bəstələdiyi 12 romansdan ibarət musiqi silsiləsi də “Fars nəğmələri” adlanırdı.

   

   Daha bir “bodenştedtlik”

   

   Buna yerli “bodenştedtlik” də demək olar.

   50-ci illərin “Ədəbiyyat müntəxəbatı”nda onun - bu ilk Mirzəmizin uzun (öz ləhcəmizdə “uzun-şüllək” ), şiş papaqlı şəklini görəndə bəzi şagirdlər kimi mən də gülərdim. Bizə elə gəlirdi ki, bu papaq sovetlərin bizlərdə nifrət oyatdığı mollaların motal papaqlarının ən gülməlilərindəndir.

   Sonralar ikinci böyük Mirzəmizin “Molla Nəsrəddin”indəki məlum aynaya baxmaq təklifini oxuduq, baxdıq və gördük ki, biz özümüzə gülürmüşük...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 13 iyun.- S. 13.