Bölgələrdə
mədəniyyət mərkəzləri
Lənkəran
və İsmayıllıda həyata keçirilən pilot
layihə müsbət nəticə verib
Ötən ilin noyabrında Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən “Şəhər (rayon) mədəniyyət
mərkəzlərinin yaradılması” pilot layihəsinin icrasına
başlanılıb. Layihə qeyri-maddi mədəni irsimizin
müasir standartlara cavab verə biləcək formada
qorunması, bərpası, istifadəsi və regionlarda klub
müəssisələrinin fəaliyyətinin yenidən
qurulmasını nəzərdə tutur.
Pilot layihənin gerçəkləşməsi
üçün Lənkəran şəhəri və
İsmayıllı rayonu seçilib. Layihəyə əsasən,
qeyri-maddi mədəni irsin infrastrukturunun yerlərdə optimal
şəkildə idarə edilməsini təmin etmək məqsədilə
əvvəlcə sözügedən bölgələrin mədəniyyət
və turizm şöbələrinin şəbəkəsində
olan klub müəssisələrinin mərkəzləşdirilməsi
həyata keçirilməli idi. Eyni zamanda Azərbaycan
qeyri-maddi mədəni irsinin diyarşünaslıq, folklor və
sənətkarlıq istiqamətlərinin inkişafı məqsədilə
mədəniyyət və turizm şöbələrinin şəbəkəsi
daxilində olan klub müəssisələrinin profilləşdirilməsi
planlaşdırılırdı.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar
Hüseynlinin sözlərinə görə, layihə
UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” konvensiyasının
tövsiyələrinə əsasən və qeyri-maddi mədəni
irs sahəsində beynəlxalq təcrübədən, beynəlxalq
layihələrdən istifadə olunmaqla hazırlanıb.
İcra müddəti 6 ay nəzərdə tutulan pilot layihənin
2011-ci il üçün “Azərbaycanın Folklor Paytaxtı”
elan olunmuş Lənkəran şəhərində və “Azərbaycanın
Sənətkarlıq Paytaxtı” İsmayıllıda həyata
keçirilməsi məqsədəuyğun hesab edildi: “Bununla
bağlı hər iki bölgədə işçi qrupu
yaradıldı, mədəniyyət mərkəzlərinin
filialları qismində fəaliyyət göstərən klub
müəssisələrinin profilləşdirilməsinə
dair təkliflərə baxıldı. Qəni Vəliyev
adına Lənkəran şəhər və Heydər Əliyev
adına İsmayıllı rayon mədəniyyət evlərinin
adları dəyişdirilərək müvafiq olaraq Qəni Vəliyev
adına Lənkəran şəhər və Heydər Əliyev
adına İsmayıllı rayon mədəniyyət mərkəzləri
adlandırıldı. Lənkəran şəhər və
İsmayıllı rayon mədəniyyət və turizm
şöbələrinin tabeliyində olan digər klub müəssisələri
- şəhər, rayon, kənd mədəniyyət evləri
mədəniyyət mərkəzlərinin müvafiq
filialları oldular”.
Lənkəranda
75 klub istiqamətlər üzrə profilləşib
Layihə çərçivəsində Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin 23 yanvar 2012-ci il tarixli qərarına əsasən fəaliyyətə başlayıb. Mərhələli şəkildə görülən işlər xalq sənəti ustaları, folklor ifaçıları, kollektivlər və tədqiqatçıların klub müəssisələrinə cəlb olunmasına, xalq yaradıcılığının diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətlərinin inkişafına təkan verib. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev layihəni uğurlu hesab edir: “Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırdıq. Görülən işlər nəticəsində 75 klub müəssisəsinin hamısının profilləşməsi həyata keçirildi. Onlardan 14-ü folklor, 15-i diyarşünaslıq, 13-ü yaradıcılıq, 33 filial isə sənətkarlıq profili üzrə fəaliyyət göstərəcək. Klub müəssisələrinin yeni profillərinə uyğun olaraq adlandırılmaları ilə bağlı təkliflər hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub və bununla bağlı müvafiq qərar qəbul edilib”.
İsmayıllıda qədim sənət
sahələrinə yeni nəfəs
Pilot layihə ilə bağlı İsmayıllı rayonunda da bir sıra işlər görülüb. Mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovun sözlərinə görə, layihənin icrası bölgədə uzun illərdən qalmış bir çox problemlərin həllində dönüş yaradıb, rayonun Kürdmaşı, Diyallı və Qubaxəlilli kənd mədəniyyət evlərində əsaslı və cari təmir işləri aparılıb: “Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində və filiallarında pilot layihənin strukturuna uyğun olaraq yeni dərnəklər, xüsusən də xalçaçılıq, toxuculuq, biçmə-tikmə, misgərlik və s. dərnəkləri yaradılıb, azsaylı xalqların folklor qrupları (lahıc, ləzgi, hapıt, malakan və s.) təşkil edilib”.
Şöbə müdiri deyir ki, vaxtilə rayonun bir neçə kəndində xalça sexi fəaliyyət göstərib və bu da əhalinin əsas dolanışıq yeri olub. İndi onların heç biri fəaliyyət göstərmir. Bunu nəzərə alaraq 8 kənd klubunda xalçaçılıq dərnəyi yaradılıb, dərnəklər müvafiq avadanlıqla təchiz olunub. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi İsmayıllıda qədim sənət sahələrinə yeni nəfəs gətirib. Bu tədbirlər həm qədim sənət növlərinin yaşamasına, həm də yeni iş yerlərinin açılmasına, gələcəkdə əhalinin güzəranının yaxşılaşdırılmasına imkan verir”.
Layihənin respublika
miqyasında tətbiqi planlaşdırılır
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektoru tərəfindən pilot layihə əsasında yaradılan mədəniyyət mərkəzləri və onların filiallarında monitorinqlər aparılaraq görülən işlər dəyərləndirilib. Sektorun müdiri Yaşar Hüseynlinin sözlərinə görə, mərkəzlərdə profillərinə uyğun yeni dərnək və kollektivlərin təşkili davam etməkdədir. Mərkəzlərin illik iş planları hazırlanaraq təsdiq olunub: “Görülən işlər çərçivəsində mədəniyyət mərkəzlərinin və filiallarının inzibati və yaradıcı istifadə üçün yararlı sahələri barədə sistemləşdirilmiş məlumat hazırlanıb. Bu məlumat əsasında təhlil işləri aparılmış, mədəniyyət mərkəzlərinə dərnəklər və kollektivlər üçün müvafiq şəraitin yaradılması, onların yerləşdirilməsi və s. barədə tövsiyələr verilmişdir. Bu gün biz deyə bilərik ki, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi islahatlar nəticəsində Lənkəran və İsmayıllının klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranıb. Pilot layihənin nəticələri uğurlu sayıldığından bu təcrübənin respublika üzrə tətbiq olunması planlaşdırılır”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 12.