Ölümsüz insan, əbədi
həyat və Muğanna
İyunun 12-də Xalq yazıçısı İsa
Muğannanın Yer üzünə gəlişinin 84 ili tamam
oldu.
Eşitdiyi qədim və doğma ün onun gələcək
taleyini büsbütün dəyişdi. Bağlarını
itirib dünyada sərgərdan gəzən insanlara, elə
özünə də yazığı gəldi. Axı bir
zamanlar bu dünyada ölümsüz insanlar yaşardı.
Sonuncu ölümsüz insan qeyb olanda, insan xoşbəxtliyini
həmişəlik itirdi. O zamandan çox minilliklər
keçib, lap çox... Ölümsüz insan, əbədi həyat,
həqiqət işığı insanların
yaddaşından silinib. Nə qədər çətin də
olsa, o bağları xatırlamağa və qələmə
almağa yazıçı İsa Hüseynovun -
Muğannanın qüdrəti çatdı.
84 yaşını tamamlayan mütəfəkkir
ədiblə söhbəti oxuculara təqdim edirik:
- Hərdən adama elə gəlir
ki, Muğannanın 500 yaşı var. Amma sizin 84 yaşınız tamam olur. Özünüzü
hansı yaşda hiss edirsiniz?
- 70-ə yaxın...
- Bəlkə bir az da azaldaq?
- (gülür)
- Dönüb
yaşadığınız ömrə baxanda ən çox nələri görürsünüz?
- Ən
çox özümü,
öz həyatımı
görürəm. Həyatda necə
yaşamışam, o həyatın
ən xırda anlarını da xatırlayıram.
- Əsərlərinizdə
yüzlərlə obraza
həyat, tale vermisiniz,
bu obrazlar nəsil-nəsil insanların
dostuna, sirdaşına,
idealına çevrilib.
O qəhrəmanlarla təkrar
qarşılaşmaq istərdinizmi?
- O qəhrəmanların
bəzilərini həyatdan
götürmüşəm. Onları tez-tez xatırlayıram.
Qılınc Qurban adlı qəhrəmanım
“Saz”, “Tütək səsi”, “Quru budaq” əsərlərimdə
və “İdeal” romanımda iştirak edir. Amma bu obraz oxucunu bezdirmir. Həyat dəyişdikcə bu obraz da dəyişir,
yeniləşir, özünə
tənqidi yanaşır.
Taleyi dəyişmək olmaz
- “Arx”
adlı hekayəniz sizi ədəbiyyata gətirdi. Sonra arx çaya, çay dənizə çevrildi...
- 1947-ci ildə,
19 yaşımda “Arx” adlı ilk hekayəm,
1949-cu ildə “Anadil ötən yerdə” oçerkim çap olundu. Atam haqqında oçerki
Yazıçılar İttifaqında
oxudum. Mehdi Hüseyn ayağa qalxıb dedi ki, ədəbiyyata gəlməyin münasibətilə
səni təbrik edirəm.
- Tibb İnstitutuna daxil olsanız da, təhsilinizi yarımçıq
qoyub kəndə qayıtdınız. Çünki Tanrı sizi başqa bir missiya üçün yaratmışdı. Yazıçı
olmalı idiniz və oldunuz da...
- Doğrudur. Tale söhbəti boş-boşuna deyil.
İnsanın taleyi, alın
yazısı həqiqətdir.
İnsan
ana bətnindən başlayaraq idarə olunur. Taleyi dəyişmək olmaz.
- “Yanar
ürək”, “Doğma
və yad adamlar”, “Tütək səsi”, “Məhşər”
əsərləriniz nəsrimizə
yeni təlatüm gətirdi. Tənqidçilər qeyd edirlər
ki, məhz bu əsərlər vasitəsilə Azərbaycan
nəsri 37-ci illərin
vahimələrindən xilas
olaraq cəsarətlə
yeni mərhələyə
qədəm qoydu.
Bu sizin daxili azadlığınızdan irəli
gəlirdi, yoxsa...
- Bunu daxili azadlıq adlandırmıram. Bu ünlə, mənim nəslimlə bağlıdır.
Muğanna nəslinin kökü
Süleyman peyğəmbərə
gedib çıxır.
Atəşpərəstlik yarananda Süleyman
peyğəmbər öz
adını və nəslinin adını Muğanna qoydu. Muğanna bizim muğlar, bizim bağlar, bizim Allahlar deməkdir.
Ünə tabe olmaq bir tərəfdən azadlığı itirmək
deməkdir. Amma ikinci
tərəfdən o qədər
kainatdan məlumat alırsan ki, o məlumatlar sənin özünü daxilən
azad edir. Sən özünü Odər bəşəriyyətində
hiss edirsən və o
dövrün - birinci sivilizasiyanın qayıtması
üçün çalışırsan.
Bu da mənim
yaradıcılığımın ikinci dövründə yazdığım əsərlərdə
öz əksini tapıb.
- Sizi
Azərbaycanın Folkneri
adlandırırlar. Dünya miqyasına
çıxmağınıza nə mane oldu?
- Mənim həddindən çox milli, Odər mədəniyyəti ilə
bağlı olmağım.
- İnsanda
ən çox hansı cəhəti qiymətləndirirsiniz?
- Bir var kamil, bir
də var cahil insan. Lap dünya gözəli olsun, cahilin nəyini xoşlayım? Ağlı, dərrakəsi, eşqi ilə vəhdətdə olan insan mənim
üçün insandır.
Qədim sivilizasiyanı dirildən gələcəyin
yazıçısı
- Ədəbiyyatımızla
yanaşı, milli kinomuzun inkişafında da böyük xidmətləriniz olub.
İstərdim, bu barədə
danışasınız.
- Bir zamanlar mənim əsərlərim çox
ciddi tənqidlərə
məruz qaldı. Yazıçılar İttifaqı Moskvaya,
Mərkəzi Komitəyə
yazdı. Oradan siyasi
şöbənin müdiri
gəlib növbədənkənar
plenum çağırdı, məni möhkəm tənbeh elədilər.
Özümə mənəvi ata
hesab etdiyim Mehdi Hüseyn bir gün məni
yanına çağırıb
tapşırdı ki,
26-lar haqqında ssenari
yazım. Sən demə,
Mərkəzi Komitədə
məni sovet yazıçısı kimi
qəbul etmirmişlər.
Ona görə də Mehdi Hüseyn ona həvalə edilən ssenarini mənə tapşırıb
ki, yersiz hücumlardan, təzyiqlərdən
məni qorusun. 1966-cı ildə üç şərikli müəllifin (İsa Hüseynov, Əjdər İbrahimov, Mark Maksimov -
red.) ssenarisi ilə
film çəkildi. O vaxt respublikaya rəhbərlik edən Vəli Axundov bizi qəbul etdi, filmi bəyəndiyini
dedi və Mərkəzi Komitənin adından tapşırdı
ki, Nəriman Nərimanov haqqında film
çəkək. 1971-ci ildə “Ulduzlar sönmür” filmi çəkildi və böyük mübahisələrə
səbəb oldu.
Məni Mərkəzi Komitəyə
çağırıb Hacı
Zeynalabdin Tağıyev
obrazına görə
danladılar, dedilər
ki, kapitalisti ideallaşdırmısan. Onu da deyim ki, o vaxt
respublikanın rəhbəri
olan Heydər Əliyev həmin iclasda iştirak etməmişdi. Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi iclasda mənə söz vermək istəmədi.
Mən ayağa qalxıb dedim ki, bu iclas
məndən ötrü
çağırılıbsa, sözümü deməliyəm.
Dedim ki, böyük zəhmət çəkilib, əsər
yazılıb, amma yalançı sosiologiya bizim hətta ən iri sənətkarlarımızı
da məhv edir.
İclasın ertəsi günü
Heydər Əliyev plenumun stenoqramına baxıb, birinci mənim çıxışımı
oxuyub və deyib ki, o haqlıdır.
Göstəriş verib ki, film
bütün kinoteatrlarda
nümayiş olunsun.
“Ulduzlar sönmür”
adlı bu film 40 gün bütün kinoteatrlarda göstərildi.
Ulu öndər Heydər
Əliyev ziyalılara,
Azərbaycanın dəyərlərinə
çox böyük qiymət verirdi. Günlərin birində məni Mərkəzi Komitəyə çağırıb
dedi ki, Nəsiminin yubileyi keçiriləcək, film çəkilməlidir,
ssenarisini sənə tapşırırıq. O ərəfədə
Rəsul Rza Hələbdən qayıtmışdı,
oradan Nəsiminin divanını və onun edamına aid çoxlu materiallar gətirmişdi, mən də roman yazmağa başlamışdım. Heydər
Əliyevə dedim ki, axı mən
Nəsiminin haqqında
az bilirəm.
Dedi ki, sənə əlavə materiallar verəcəyik. Dediyi kimi də oldu,
mənə çoxlu
əlavə materiallar
verdilər, bu da mənə kömək elədi.
“Nəsimi”nin ssenarisini yazdım, film çəkildi.
Sonra povestlərim əsasında
“Tütək səsi”
və ssenarim əsasında “Nizami” filmləri də çəkildi.
- Kinodan ədəbiyyata qayıdaq.
“Məhşər” romanından
sonra “İdeal”, “Qəbiristan”, “Gurün”, “Cəhənnəm” əsərləri
barədə qısaca
belə deyirsiniz - bu əsərlərin məğzində bəşəriyyətin
taleyi dayanır.
- Hər kəs bəşərin tarixindən yazır, bəşəriyyəti bir
addım irəli aparmağa xidmət edirsə, o yazıçıdır.
- Dünyaya, həyata, yaradılışa
öz baxışlarınız
var. Deyirlər, həyat
şirin şeydir. Sizcə, niyə belə deyirlər?
- Çünki
həyatın nemətləri
şirindir. Yeməklər
də şirindir, həyat da şirindir,
insanın bir-biri ilə ünsiyyəti, söhbəti də şirindir...
- Oxucularımız
adından sizə cansağlığı, uzun
ömür və əbədi həyat arzulayırıq.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 11.