Dədə Qorqud Fondu türkiyəli professoru “Qızıl ürək” mükafatı ilə təltif etdi

 

   İyunun 11-də Əməkdar rəssam Sakit Məmmədovun rəsm qalereyasında Dədə Qorqud Fondunun “Qızıl ürək” medalının türkiyəli professor, İstanbul Yeditepe Universitetinin qurucularından biri, hazırda universitetin stomatologiya fakültəsinin dekanı, Beynəlxalq Stomatoloqlar Assosiasiyasının prezidenti Türker Sandallıya təqdimetmə mərasimi keçirildi. Mükafat türk dünyasına xidmətlərə görə verilir.

   Mərasimdə çıxış edən Dədə Qorqud Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov Azərbaycan və Türkiyə xalqlarının oxşar mədəniyyətindən danışdı. Türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi. O, Azərbaycan tarixinin çətin günlərindən, qardaş Türkiyənin ölkəmizə yardımlarından söhbət açdı.

   Türker Sandallı ona təqdim edilən mükafata görə minnətdarlığını bildirdi. Bu mükafatı Azərbaycan xalqına təhsil və səhiyyə sahəsində göstərdiyi xidmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirdi: “Biz qan qardaşıyıq. Tariximiz, adətlərimiz eynidir. Bakıda gəzdiyim hər yer mənə doğmadır. Azərbaycan insanı mənə o qədər yaxındır ki, Türkiyədən çıxıb başqa bir ölkəyə gəldiyimi hiss etmirəm. Bizim kədərimiz də, sevincimiz də birdir”, - deyərək ikinci vətəni hesab etdiyi Azərbaycana sonsuz sevgilər bəslədiyini bildirdi.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 13 iyun.- S. 8.