Turizm İnstitutu üç yeni ixtisas üzrə tələbə qəbul edəcək
Eldar Aslanov: «Bu il 300-dək tələbənin
diplom almaq şansı var»
Bu il 3-cü məzun
buraxılışını keçirməyə hazırlaşan
Azərbaycan Turizm İnstitutu daima öz yenilikləri, layihələri, müxtəlif
proqramları ilə diqqəti cəlb edir.
Yekunlaşmaq üzrə olan tədris ili, əldə
edilən uğurlar, nəzərdə tutulan yeniliklər barədə məlumat almaq üçün ATİ-nin
prorektoru Eldar Aslanovla həmsöhbət
olduq. Müsahibimiz əvvəlcə peşə
ixtisaslı turizm kadrlarının hazırlanmasından
danışdı:
- Azərbaycan
Turizm İnstitutu öz fəaliyyətində
müntəzəm surətdə
yeni-yeni hədəfləri
müəyyənləşdirir və onlara doğru addımlar atır. Bura yeni ixtisasların
tədrisi, peşə
məktəbinin inkişafı
ilə bağlı məsələlər və
s. aiddir. Hazırda bir
neçə beynəlxalq
təşkilat peşə
məktəbinin inkişafı
ilə bağlı bizə müəyyən təkliflər edib. Onları əlaqələndirərək ümumi bir proqram hazırlamaq istəyirik. İndi gündəmdə
olan məsələlərdən
biri də distant təhsillə bağlıdır.
Bakıda və bölgələrdə
turizm üzrə peşə məktəblərinin
yaradılması burada
çalışacaq kadrlara
olan tələbatı
bir daha qabardır. Etiraf edirik ki, hələlik elmi kadr potensialımız azdır. Digər tərəfdən, bölgələrdə turizm
üzrə kadrların
hazırlanmasına böyük
ehtiyac var. Ona görə də texnologiyanın verdiyi imkanlardan istifadə etmək istəyirik.
Yəni
ATİ-də keçirilən
dərslər regionlarda
olan peşə məktəblərində və
filiallarda birbaşa dinləniləcək. Burada sadəcə
üç mərhələdə
bəzi fənlər üzrə tədris olacaq. Tələbələr böyük ekranda
canlı yayımda müəllimlərin mühazirələrini
dinləyəcəklər və
onlara öz suallarını verə biləcəklər. Amma bu o
demək deyil ki, tələbələrin
hamısı distant təhsil
alacaqlar. Bir çox
fənlər var ki, onların birbaşa dərs kimi keçirilməsini nəzərdə tuturuq.
- İnstitut
3-cü məzun buraxılışına
hazırlaşır. Bu
dəfə neçə
tələbəniz diplom
almağa şanslıdır?
- Bu il
ali məktəbi bitirən 280-ə yaxın
tələbəmiz diplom
ala biləcək. Bunlar müvafiq
kreditlərini tamamlayıblar
və ya tamamlamaq üzrədirlər.
Amma tam dəqiq rəqəmi imtahan sessiyasının sonunda deyə biləcəyik. Bu il məzun ola biləcək tələbələr arasında
əvvəlki semestrlərdən
bir kəsiri olan 20-dək tələbə
də var. Biz onlara şans vermişik ki, 6 həftə ərzində hazırlaşıb
kəsirlərini ödəsinlər.
Buna qaydalar da
imkan verir. Amma bu yalnız 1 kəsiri olan tələbələrə aiddir.
1-dən çox kəsiri
olan tələbələr
isə artıq bu il məzun olmaq şanslarını itiriblər.
Onlar sentyabrda və yaxud gələn
ilin aprelində məzun ola
bilərlər. Bundan başqa, əvvəlki illərdə yekun dövlət imtahanından
kəsilən tələbələr
də bu il yenidən
imtahan verəcəklər.
Tələbələrin yekun dövlət
attestasiyası 25-31 iyun
tarixlərində gerçəkləşəcək.
- Artıq hotellərə və turizm şirkətlərinə
lisenziya verilərkən
onlara əməkdaşlarının
ən azı 25 faizinin turizm təhsilli olması bir şərt kimi qoyulur. Bu
baxımdan mehmanxana və turizm şirkətlərində ATİ-nin tələbələrinin
işə qəbul göstəricisi qaneedicidirmi?
- Tam səmimiyyətlə
deyə bilərəm
ki, qaneedicidir. Hotellərlə əlaqələrimiz daha sıxdır. Hər həftənin 6-cı günləri
bizdə hotel təlimləri
keçilir. Bu təlimlər Bakıda fəaliyyət göstərən
hotellərin rəhbərləri
tərəfindən reallaşdırılır.
Adətən, tələbələr bu görüşlərə
CV-ləri ilə gəlirlər. Hotel nümayəndələri onları
qane edən CV-lərin sahiblərini müsahibəyə dəvət
edirlər. Bu gün yeni açılmış
əksər beşulduzlu
hotellərdə bizim tələbələrimiz işləyir.
Regionlarda fəaliyyət göstərən
hotellərdən də
bizə müraciətlər
var. Son bir ayda institutumuzun daxili informasiya bölmələrində
Masallıdakı «Viləş»
mehmanxana kompleksinin, Bakıdakı «Gəncəli»,
Gədəbəydəki «Eldorado» hotellərinin elanları yerləşdirilib. Əvvəllər tələbələrimizin təcrübəyə
aparılması ilə
bağlı çətinlik
çəkirdik. Amma indi
bizim təklif etdiyimizdən daha çox tələb var.
- Amma turizm şirkətləri bu işdə hotellər qədər maraqlı deyil. Bəlkə bu, ATİ-də turoperator ixtisasının
olmaması ilə bağlıdır?
- Bizdə turizm və hotelçilik ixtisası
var. Bu ixtisasda oxuyan tələbələr 6-cı semestrdə
təcrübədən döndükdən
sonra ixtisaslaşmaya gedirlər. Onlar 4 istiqamət üzrə ixtisaslaşırlar: turizm
işi, hotel işi, turoperator-turagent fəaliyyəti,
sanatoriya və kurort işinin təşkili. Hotellər bizimlə daima
əlaqədə olduqlarından
onlar ən yaxşı oxuyan və xarici dil bilən tələbələri daha
yüksək maaşla
işə dəvət
edirlər. Turizm şirkətlərindən
hələlik belə
maraq görmürük.
Mən onları əməkdaşlığa
dəvət edirəm.
Vaxtaşırı olaraq müxtəlif
toplantılarda bir yerdə oluruq. Orada öz irad və
təkliflərini səsləndirsinlər.
Biz də onları
nəzərə alaq.
- Ötən il ATİ-nin
19, ondan əvvəl isə 14 məzunu eyni zamanda Avstriyanın
Krems Universitetinin diplomunu aldı. Bu il neçə
tələbəniz bu
diplomu əldə edə biləcək?
- Məzuniyyət
mərasimini iyulun 12-də
keçirməyi planlaşdırırıq.
Burada həm də ikili diplom proqramımızın
məzunlarına diplomlar
verəcəyik. Bu dəfə onların sayı 30 nəfərə
yaxındır.
- Tələbələriniz
əksər hallarda yay-istehsalat təcrübəsini
xarici ölkələrdə
keçirlər. Bu il hansı ölkələrə tələbə
göndərəcəksiniz?
- Bu il
100-dən çox tələbəmiz
müxtəlif xarici ölkələrə yay təcrübə semestrlərini
keçməyə yollanıb.
Onlar əsasən Şimali Kipr, Türkiyə, Almaniya və İsraildədirlər. Amma tanışlıq
təcrübəsi ilə
bağlı işlər
hələ qabaqdadır.
Tələbələrimizdən bu məqsədlə
xarici ölkələrə
gedənlər də olacaq, ölkəmizdə qalanlar da. Ümumilikdə isə
1000-1200 tələbəmiz hər il
yay tətilində təcrübə müddətində
olur.
- Bu il
Turizm İnstitutunda ixtisaslarda artım olacaqmı?
- Üç istiqamət üzrə ixtisaslarda artım etmək fikrindəyik. Turizm və hotelçilik ixtisasında bu ildən 5-ci ixtisaslaşmaya
gedəcəyik. Həmçinin menecmentdə iki sahəni xüsusi ayıracağıq. Bunlardan biri
idman meneceri ixtisası olacaq. Ölkəmizdə çoxlu
idman yarışları
keçirilir, Azərbaycanda
100-dən çox idman
federasiyası, bölgələrimizdə
20-dən artıq müasir
standartlara cavab verən olimpiya-idman kompleksləri var. Apardığımız
tədqiqatların nəticələrinə
əsasən deyə bilərəm ki, bu istiqamətdə kadrlara ciddi tələbat var. Ona görə də biz menecment ixtisasında ayrıca bir ixtisaslaşmaya getməyə
hazırlaşırıq. İkinci ixtisas
mədəniyyət sahəsindədir.
Bu ildən mədəniyyət
sahəsində də
menecment ixtisaslaşmasına
gedəcəyik. Bununla bağlı
Avropa Şurasının
Mədəni İrs Departamenti ilə müzakirələrimiz olub.
Qurumun direktoru Robert Palmeri
ATİ-yə dəvət
edib burada məsləhətləşmələr də aparmışıq.
Muzeylərdə, mədəniyyət müəssisələrində, beynəlxalq mədəni tədbirlərin təşkilində
bu sahə üzrə mütəxəssislərə
böyük ehtiyac
var. Dünyada bu sahədə - art-menecment ixtisası üzrə kadrlar hazırlanır.
Üçüncü sahə isə
reklam işi ilə bağlıdır.
Bu ildən eyni
zamanda reklam ixtisası üzrə kadr hazırlığına
başlayacağıq. Bakalavr pilləsində bu ixtisas olmadığına
görə bunu magistratura mərhələsində
reallaşdıracağıq. Əsas məqsədimiz ondan ibarətdir ki, tədricən mədəniyyət, turizm,
idman və ümumilikdə xidmət sənayemiz üçün
kadr hazırlayan bir ali məktəbə çevrilək.
Builki yeniliklərdən biri də magistratura
pilləsinə aiddir.
Biz indiyə qədər
Krems Universiteti ilə ikili diplom proqramını yalnız bakalavr pilləsi üçün
həyata keçirirdik.
Ötən il
Avstriya Prezidentinin ölkəmizə səfəri
zamanı ATİ və
Krems Universiteti arasında magistratura pilləsində də ikili diplom proqramının
tətbiqi ilə bağlı müqavilə
imzalandı. Həmin müqaviləyə əsasən,
bu il ilk dəfə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
ilə əlaqəli şəkildə ATİ-də
həm milli, həm də beynəlxalq proqram üzrə qəbul həyata keçirəcəyik.
Milli proqram üzrə 40 nəfərlik, beynəlxalq
proqram üzrə isə 31 nəfərlik
plan yerimiz var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 7.