Donuq təbəssümün xatiratı

 

   Hər dəfə o insanı xatırlayanda nədənsə bu üç söz ilğım kimi keçir beynimdən. Əslində, daim hər kəsin üzünə gözyaşardan gülüş, şaqqanaqlı qəhqəhə bəxş edən bu insanın sanki üzündə illər əvvəl donub qalmış bir təbəssüm vardı. Ya da mənə elə gəlirdi. Hər halda, o mənə çox ciddi və hətta kədərli insan təsiri bağışlayırdı.

  

   Buna onunla ilk son müsahibəmdə bir daha əmin oldum. Sadəlövhcəsinə «Hacıbaba müəllim, mən sizi ekrandan tam başqa gördüyümdən fərqli təsəvvür edirdim. Əslində, olduqca ciddi adamsınız. Ya da məndən əvvəl kimsə sizi yaman əsəbiləşdirib»,- dedim. Üzünə xəfif təbəssüm qonan sənətkar «Yoox, sadəcə bu mənim əsl sifətimdi da. Hər dəfə gülsəm, bəs camaatı kim güldürər. Əşşi, həm daha yaş da gedib, artıq gülmək çətinləşib», - dedi. Çox maraqlı söhbət etdik. Musiqili Komediya Teatrındakı iri kabinetini bəmbəyaz mebel royalla bəzətmiş bəyaz geyimli aktyorun donuq təbəssümünü yaddaşıma yazaraq maraqlı söhbətinin sevinci ilə oradan uzaqlaşdım. ...

  

   O təbəssüm əbədi dondu

  

   Üzərindən az keçmiş, təxminən 2 aydan sonra o təbəssüm bizi ömürlük tərk etdi. Bu dəfə onunla vida mərasimini işıqlandırmaq üçün mən yenidən teatra, sənətkarın məbəd hesab etdiyi binaya, hər zaman tamaşaçı ilə dolu salona daxil oldum. Əbədi baş qəhrəmanla son vida üçün idi bu anşlaq. Təsirli idi. Səhnədə sükut, üzlərdə elegiya, gözlərdə nəm vardı. Hacıbaba Bağırov dünyada yoxdur. Deməli, onu xatırlayanda artıq gülməyəcək, əksinə, köks ötürüb ürəyimizdə «Allah sənə rəhmət eləsin» deyib keçəcəyik.

  

   Amma

  

   Bu, belə olmadı. Ölümündən illər keçməsinə baxmayaraq, hər kəs onu xatırlayarkən mütləq şəkildə bir təbəssüm qonur çöhrəsinə. O zaman xoş halına, böyük sənətkar, hikmət varmış sənin gülüşündə! yaxşı ki, illərin təbəssümü ilə ruha sığal çəkmək, düyün alınları açmaq, donuq sifətləri canlandırmaq məharətin varmış. Yoxsa gülüşümüz böyük sənətkar köçünün ardındakı yetimliklə çətin dirçələ, çətin qəhqəhələrlə silkələnərdi.

  

   O, sənətkar doğulmuşdu

  

   O hətta susduğu anlarda belə insanda mütləq şəkildə fərqli bir aura yaradırdı. Danışığı, baxışı, əl hərəkətləri, ümumən hər haləti ilə bir tamaşa, bir həyat-səhnə-oyun havasında idi. Deməli, o insanın dünyaya gəliş məqsədi elə bu idi. Əslində, bu, onun ən böyük xoşbəxtliyi idi, bəlkə . Çünki hər bir sənətkarın ən böyük səadəti arzusu nəinki sağlığında qiymətləndirilməsi, ölümündən sonra da adının hörmətlə anılması, sevgi ilə xatırlanmasıdır. Azərbaycan mədəniyyəti tarixinə gülüşlə daxil olan Hacıbaba Bağırov da belə sənətkarlardan idi. Teatr tariximizdə musiqili komediya janrının inkişafında onun məxsusi bir yeri var. Bu yeri o, sənətkar istedadının qüdrəti ilə fəth etmişdi.

  

   Həyata gəlmişdi ki...

  

   Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. Orada görkəmli sənətkarlardan dərslər alıb. 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb. 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

   1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Dövlət Musiqili Komediya Teatrına dəvət olunub o vaxtdan taleyini bu sənət ocağı ilə bağlayıb. Teatrın səhnəsində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməsinə, populyarlaşmasına böyük təsiri olub. "Arşın mal alan"da Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, "50 yaşında cavan"da Orduxan, "Hardasan, ay subaylıq"da Novruzəli, "Hicran"da Mitoş, "Nəğməli könül"də Fərzəli, "Toy kimindir?" Uzun, "On min dollarlıq kef"də Fərzəli s. geniş tamaşaçı rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

  

   Kinomuzun yaddaşından

  

   O, teatrla yanaşı, kino sahəsində uğurlu fəaliyyəti ilə yadda qalıb. Müxtəlif səpgili rolları ilə tamaşaçı qəlbinə yol tapa bilib. "Ulduz"da Möhsün, "Qanun naminə”də Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala s. rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

   İlk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin "Ulduz" musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə Möhsün surətini ustalıqla yaradıb. Bu filmdə obrazı, Möhsünün ustalıqla yaratmış olduğu xarakterik xüsusiyyətləri sözləri sonradan dillər əzbərinə, bir növ lətifəyə çevrildi. Kinoda ilk rolunun uğuru rejissorların da diqqətindən yayınmadı. Kinoda ikinci işi rejissor Muxtar Dadaşovun "Qanun naminə" bədii filmində (1968) Arif rolu oldu. M.Dadaşov xatirələrində yazır: “Hacıbaba çox istedadlı, zəhmətsevər işgüzardır. Onun üçün ayrıca ssenarilər yazılmalıdır. Həmişə onun oxumalarına, rəqslərinə baxanda fikirləşirsən ki, o, səhnə üçün doğulub. Heyif ki, rejissorlar onun istedadından lazımınca istifadə etməyiblər".

   1991-ci ildə rejissor Cəmil Quliyevin çəkdiyi "Şirbalanın məhəbbəti" kinokomediyasında Hacıbaba Bağırov kinoda son rolunu oynayır. Bu obrazla tamaşaçıların unudulmaz kino qəhrəmanlarından birinə çevrilir. Kimi Şirbalaya gülür, kimi hiddətlənir, kimi tənqidi yanaşır. Amma bütün bu keyfiyyətləri ilə yanaşı, hər kəs Şirbalanı sevir qəhqəhə ilə izləyir. Sənətkarın ifası, rəqsi, obrazın gecikmiş məhəbbəti tamaşaçını hər zaman təzə-tər duyğulara qərq edir.

  

   Xoşbəxt sənətkar

  

   Hacıbaba Bağırov sənətdə səadətə qovuşan sənətkarlardandır. İstər xalq, istərsə dövlət tərəfindən daim öz layiqli qiymətini alıb. 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru bədii rəhbəri vəzifələrində çalışan aktyor 1996-cı ildən Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

  

   Ölümsüzlük

   

   Səhnəmizin əvəzsiz gülüş payı Hacıbaba Bağırov 2006-cı ilin oktyabrında dünyasını dəyişdi. Qəlbi daim bahar təravətli, çöhrəsi sevinc ərməğanlı sənətkar milyonlarla tamaşaçısına sonuncu dəfə çıxdığı səhnədən əlvida deyib getdi. Amma o, sanki hələ bizimlədir, canlıdır, mövcuddur. Çünki elə bir adam tapılmaz ki, onun adı çəkiləndə gülümsəməsin, hər lent yazıları, tamaşalardan kinofilmlərdən obrazları ekranda canlandıqda qəhqəhələrə qərq olmasın. Deməli, o, var bütün zamanlarda Azərbaycan səhnəsinin böyük gülüş ustası kimi xalqımızın qəlbində, üzündə, gözündə ən əsası gülüşündə yaşayacaq.

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2012.- 13 iyun.- S. 6.