“Mirzə
Fətəli Axundzadə və Azərbaycan teatrı”
İyunun 8-də Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı
ilə böyük ədib və mütəfəkkir Mirzə
Fətəli Axundzadənin 200 illik yubileyinə həsr
olunmuş dəyirmi masa keçirildi.
“Mirzə Fətəli Axundzadə
və Azərbaycan teatrı” mövzusunda tədbiri mərkəzin
direktoru Vilayət İsmayılov açaraq
yazıçı-dramaturqun Azərbaycan ədəbiyyatında
böyük irs qoyub getdiyini vurğuladı: “O, Şərq
dramaturgiyasının banisidir. Ədibin filosof kimi nəzəriyyə
və tədqiqatları bu gün də öz
aktuallığını qoruyub saxlamaqdadır”.
Sənətşünaslıq
doktoru, professor İlham Rəhimli “M.F.Axundzadə və Azərbaycan
teatrı” mövzusunda çıxış edərək diqqəti
ədibin yaradıcılığı ilə bağlı
maraqlı məqamlara yönəltdi: “Axundzadə dramaturgiyası
teatr tariximizdə ən çox müraciət olunan
mövzulardan biridir. Zaman-zaman ədibin
yaradıcılığına münasibət müxtəlif
olub. Bu baxımdan da rejissorların onun əsərlərinə
yozum və baxışları da fərqlilik təşkil edib.
Dramaturgiya tariximizdə İlyas Əfəndiyev dövrünə
qədər bütün əsərlərdə bir “kod”,
“açar” verilib ki, müəlliflər bu “kod”la artıq nə
demək istədiklərini çatdıra biliblər. Amma nədənsə
rejissorlarımız bu gün Axundzadə əsərlərindəki
bu “kod”ların mahiyyətinə səthi yanaşırlar.
Müasir dövrümüzdə rejissorlar düşünərək
əsərin poetik səciyyəsini tuta bilməli, ona
müasir dövr prizmasından yanaşaraq
tamaşaçıya çatdırmağı
bacarmalıdırlar”.
Sənətşünaslıq namizədi
Aydın Talıbzadə “M.F.Axundzadə Avropaya bir pəncərə
kimi” mövzusundakı çıxışında qeyd etdi ki,
ədibin irsi yeni müstəvidə
araşdırılmalıdır: “Axundzadə ilə Şərq
və Azərbaycan orta əsrlər təfəkküründən
XIX əsrə adlayır. Onun irsinə qayıdış bu
gün ona görə lazımdır ki, əsərlərinin
güzgüsündə özümüzü
görürük. Axundzadə komediyalarının fəlsəfi
tərəflərinin hələ də geniş tədqiqata
ehtiyacı var”.
AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, Nizami adına Ədəbiyyat İnstitutunun dosenti Şahbaz Musayev, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, Musiqili Komediya Teatrının rejissoru Yusif Əkbərov, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidov və başqaları öz çıxışlarında M.F.Axundzadə və teatr mövzusunda danışdılar. Qeyd edildi ki. Axundzadə öz əsərlərinin dili ilə Azərbaycanı Qərbə deyil, Qərbi Azərbaycana gətirdi. Müasir təfəkkür tərzimizin banisi oldu.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 5.