“Kimyagər”in
möcüzəsi
Mirzə Fətəli Axundzadənin 162 il bundan əvvəl
qələmə aldığı və Azərbaycan
dramaturgiyasında ilk təcrübə olan “Hekayəti-Molla
İbrahimxəlil kimyagər” komediyası “Kimyagər” adı
ilə yenidən səhnəyə qayıtdı. “Kimyagər” cəmiyyətimizdə hələ də
misin gümüşə dönəcəyi
möcüzəsinə inan sadəlövh,
nadan və cahillərə növbəti dəfə
mesajını göndərdi.
Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı iyunun 8-dən Bakıda davam edir. Festival çərçivəsində Akademik Milli Dram Teatrının səhnəsində ilk olaraq Musiqili Komediya Teatrının ölməz dramaturqun «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyası əsasında hazırladığı tamaşa təqdim olundu.
Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı, Xalq artisti Siyavuş Kərimi, libretto müəllifi Əjdər Ol “Kimyagər”i XXI əsrin kimyəvi elementlərini əlavə edərək tamaşaçılara təqdim etdilər. Hadisələr Şəki şəhərində - dramaturqun doğulduğu yerdə, anasının yurdunda vaqe olur. Tamaşanın ilk dəqiqələrindən Mirzə Fətəli realizminin qüdrəti, sənətkarlığı Bəhram Osmanovun rejissor yozumunda diqqəti cəlb edir.
Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər “peyda” olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin «möcüzəsini»n “işığına” yığışırlar.
Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır.
Uzun illər səhnəyə həsrət qalan (sonuncu dəfə 50-ci illərdə tamaşaya qoyulub) “Kimyagər” bu dəfə nə ilə yadda qaldı? Ən əvvəl rejissor yozumu ilə. Bəhram Osmanov XIX əsrin ortalarında baş verən hadisəni XXI əsrin ilk onilliyinə gətirməklə avamlıq, nadanlıq, cahillik formasını dəyişsə də, məzmununu dəyişmədiyi gerçəkliyi ortaya qoydu. Rejissor Molla İbrahimxəlil rolunu Afaq Bəşirqızına həvalə etməklə “Kimyagər”də daha bir möcüzə etdi. Məlumdur ki, Axundzadənin «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyasında qadın obrazı yoxdur. Molla İbrahimxəlilin bütün əməlləri fırıldaqdır. Onun gerçəkdən kişi və ya qadın olması hələ də sual altındadır.
Xalq artisti Afaq Bəşirqızı öz növbəsində kimyagər rolunu özünəməxsus ustalıqla tamaşaçılara təqdim etdi. Kimyagərin tamaşanın sonundakı monoloqu “Ölülər”də İskəndərin son monoloqu qədər təsirli oldu. Afaq Bəşirqızı sanki çoxdan demək istədiklərini deməyə imkan tapdı.
Tamaşanın daha bir uğuru libretto müəllifi Əjdər Ol və tamaşanın musiqisini yazan Səyavuş Kəriminin birgə yaradıcılıq işi oldu. Söz, musiqi və rəqsin sintezində tamaşa daha dinamik və baxımlı oldu. “Kimyagər” yorucu yox, axıcı tamaşa kimi yadda qaldı.
Tamaşada Əməkdar artist Əkbər Əlizadə (Həmid), Əzizağa Əzizov (Hacı Kərim), Ələkbər Əliyev (Ağa Zaman), Ziyadxan Cəbrayılov (Molla Salman), Novruz Əliyev (Məşədi Cabbar), Əliməmməd Novruzov (Dərviş), Səmədzadə Xasıyev (Səfər bəy), Ağaxan Şərifov (Şeyx Salah), Emil Heydərov (Hacı Nuru) rollarını yüksək məharətlə oynadılar. Gənc rəssam Sevinc Həsənovanın bədii tərtibatı da diqqətdən kənarda qalmadı.
Sonda Bakı Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri, Xalq artisti Amaliya Pənahova çıxış edərək Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı keçirilən festival çərçivəsində bir-birindən maraqlı səhnə əsərlərinin təqdim olunduğunu dedi: “Bu gün biz Musiqili Komediya Teatrının gözəl bir tamaşasına baxdıq”. O, Mədəniyyət və Turizm Nazirliyinin diplomunu Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə, xatirə hədiyyəsini tamaşanın bəstəkarı, Xalq artisti Siyavuş Kərimiyə təqdim etdi.
Tanınmış yazıçı-dramaturq Əli Əmirli çıxış edərək tamaşanı, rejissor yozumunu yüksək qiymətləndirdi: “Hekayəti-Molla İbrahimxəlil kimyagər” çox az tamaşaya qoyulan əsərdir. Bəlkə ona görə ki, bu əsərdə qadın obrazı yoxdur, amma Bəhram Osmanov yenə bizi heyrətləndirdi. Molla İbrahimxəlil rolunda böyük sənətkarımız Afaq Bəşirqızını gördük”.
Xalq artisti Afaq Bəşirqızı çox xoşbəxt olduğunu dilə gətirdi: “Bu tamaşa imkan yaratdı ki, bir insan, vətəndaş kimi məni narahat edən, düşündürən mətləbləri səhnədən deyə bilim”.
T.Vahid
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 5.