“Müsyö Jordan və dərviş
Məstəli şah” yeni
yozumda
İyunun 9-da “Sərgüzəşti-Mirzə
Fətəli Axundzadə” Milli Teatr Festivalı çərçivəsində
Sumqayıt Dövlət Musiqili Dram Teatrı dramaturqun
“Müsyö Jordan və dərviş Məstəl şah” əsərini
maraqlı rejissor həlli ilə tamaşaçılara təqdim
etdi.
Tamaşanın quruluşçu
rejissoru, Əməkdar artist Firudin Məhərrəmov,
rejissoru, Əməkdar artist İzaməddin Bağırov,
quruluşçu rəssamı Nabat Səmədova, geyim
üzrə rəssamı Rövşən İmanov, musiqi tərtibatçısı
Telman Qəniyevdir.
Quruluşçu rejissor tamaşa
barədə təəssüratlarını bizimlə
bölüşdü:
- Tamaşanın teatrımız
üçün bir önəmli cəhəti də ondan ibarətdir
ki, teatrımız 1969-cu ildə ilk dəfə pərdələrini
məhz bu əsərlə açıb. Ona görə də
böyük dramaturqun 200 illiyinə həsr olunmuş festivalda
“Müsyö Jordan və dərviş Məstəli şah”
tamaşası ilə çıxış etməyi qərara
aldıq. Tamaşada klassik yolu tutmadıq, əsərə
eksperimental nöqteyi-nəzərindən yanaşdıq, əlavə
personajlar daxil etdik. O personajlar Axundzadənin öz
ideyalarından irəli gəlirdi. Tamaşada üç əcinnə
hər personajın daxili məni kimi çıxış
edir.
Bundan əlavə, tamaşa Novruz əhval-ruhiyyəsi
ilə başlayır. Çünki əsərdə hadisələr
Qarabağda Novruz bayramında baş verir və bu əhval-ruhiyyə
tamaşanın sonuna kimi davam edir. Odur ki, oynaq,
bayramsayağı bir tamaşa oldu, anşlaqla keçdi və
tamaşaçılar tərəfindən qəbul olundu.
Səhnə əsərində
müsyö Jordanı Oqtay Mehdiyev, Şəhrəbanu
xanımı Əməkdar artist Təranə Musayeva, Hatəmxan
ağanı Akif Mirzəyev, dərviş Məstəli
şahı İlham Səfərli, Qulaməlini Ceyhun Məhərrəmov,
Şərəfnisə xanımı Vəfa Qurbanova, əcinnələri
isə İlahə Səfərova, Əsmər Qurbanova, Adil
Xanlarov oynayırlar.
Təranə
Mədəniyyət.-
2012.-13 iyun.- S. 5.