“Mədəniyyət
abidələrimiz”
Respublika fotomüsabiqəsinə yekun vuruldu
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə mayın 16-dan 25-dək “Mədəniyyət abidələrimiz”
adlı respublika fotomüsabiqəsi keçirilib. Müsabiqəyə
təqdim olunan işlər içərisindən
seçilmiş fotolardan ibarət sərgi və qaliblərin
mükafatlandırılması mərasimi iyunun 8-də “LN Art
Centre” qalereyasında gerçəkləşdi.
Tədbiri Mədəniyyət və
Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz
İsgəndərli açaraq bildirdi ki, “Mədəniyyət
abidələrimiz” adlı respublika fotomüsabiqəsinin
keçirilməsi Azərbaycan xalqının zəngin mədəni
irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin
təbliği, gənclərin foto sənətinə
marağının artırılması məqsədi
daşıyır: “Müsabiqədə respublikanın müxtəlif
regionlarından 16 yaşdan yuxarı həvəskar və
peşəkar fotoqraflar iştirak ediblər. Fotolar rəngli və
ağ-qara olmaqla yalnız elektron formatda qəbul olunub.
Müsabiqəyə respublikanın müxtəlif bölgələrindən
72 müəllif tərəfindən 598 fotoşəkil
göndərilib. Münsiflər heyəti tərəfindən
onların arasından 60-a qədər foto seçilib.
İnanıram ki, həmin əsərlərdən ibarət sərgi
maraqla qarşılanacaq”.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni irs şöbəsinin Abidələrin
mühafizəsi sektorunun müdiri Arif Əliyev bildirdi ki,
iştirakçılar müsabiqəyə zəngin mədəni
irs nümunələrinin yer aldığı maraqlı foto
nümunələri təqdim ediblər: “Azərbaycanın mədəni
irsi çox zəngindir. Tarixi abidələrimiz, maddi-mədəniyyət
nümunələri bu fotolarda əksini tapıb. Müsabiqə
iştirakçıları çəkdikləri fotolarla bu zənginliyi
insanlara çatdırmağa çalışıblar”.
Münsiflər heyətinin sədri,
Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar
rəssam Ədhəm Yusifov iştirakçıları təbrik
edərək, onlara uğurlar arzuladı. Qeyd olundu ki, Mədəniyyət
və Turizm Nazirliyinin bu layihəsi yeniyetmə və gənclərin
foto sənətinə marağının
artırılmasına xidmət edir. Belə müsabiqələr
xalqımızın zəngin mədəni irsinin təbliğinə
imkan verir.
Sonra qaliblərə Mədəniyyət
və Turizm Nazirliyinin diplom və qiymətli hədiyyələri
təqdim olundu. I yerə Gədəbəy rayonunun
Söyüdlü kəndində VI əsr Qız qalası abidəsini
əks etdirən fotoya görə Fərman Süleymanov (Gədəbəy)
layiq görüldü. II yerə “Modern Baku” adlı fotonun
müəllifi Vüqar İbadov (Bakı), III yerə
müsabiqəyə Qax rayonunun Ləkit kəndindəki VI-VII əsrlərə
aid məbəd kompleksinin fotosunu təqdim edən Əfəndi
Mahir (Qax) layiq görüldü.
Qeyd edək ki, sərgidə
nümayiş olunan əsərlərin kataloqunun nəşri də
nəzərdə tutulur.
C.Zərbəliyev
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 4.