“Sənətkarlıq
Paytaxtı”nın təqdimatı
Mədəniyyət
və Turizm Nazirliyinin «Azərbaycanın Xalq
Yaradıcılığı Paytaxtları» proqramına əsasən,
2012-ci il üçün «Azərbaycanın Sənətkarlıq
Paytaxtı» elan edilən Qubada mədəniyyət tədbirlərinə
start verilib.
Bəşir
Səfəroğlu adına Mədəniyyət Evində təşkil
olunan “Sənətkarlıq Paytaxtı”nın təqdimat mərasimində
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev bildirib ki, bu proqramın məqsədi
bölgələrin sənətkarlıq potensialını
geniş ictimaiyyətə tanıtmaq, regionun turizm
potensialını təbliğ etməkdir. Şöbə
müdiri qeyd edib ki, Qubanın “Sənətkarlıq
Paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq ilboyu
rayonda müxtəlif mədəniyyət tədbirləri təşkil
ediləcək, el sənətkarları geniş ictimaiyyətə
tanıdılacaq: “Quba rayonunda xalq sənətkarlığının
bütün nümunələri hələ qədim dövrdən
təşəkkül taparaq geniş yayılıb. Belə
bir layihənin gerçəkləşməsi isə Qubada sənətkarlığın
yenidən dirçəldilməsi ilə yanaşı, turizmin
inkişafına da müsbət təsirini göstərəcək.
Bu il Quba sənətkarları öz əl işlərini daha
geniş çərçivədə ictimaiyyətə təqdim
edə biləcəklər”.
Quba Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Ağayev bölgənin mədəni
irsindən söz açaraq rayonda
xalçaçılığın daha zəngin tarixə malik
olduğunu deyib. Bildirib ki, qədim təcrübəyə əsaslanan
sənətkarlığı bərpa etmək məqsədilə
son illərdə bir sıra tədbirlər görülür.
Qubanın 2012-ci ildə respublikanın “Sənətkarlıq
Paytaxtı” elan edilməsi də məhz mədəni irsin
qorunmasına, sənətkarlığın daha da
inkişafına və təbliğinə yönəlib.
Tədbirdə yerli sənətkarların
əl işlərindən ibarət sərgi nümayiş
olunub, mədəniyyət evinin “Atəşgah”
ansamblının ifasında musiqi nömrələri səsləndirilib.
Mərasimdə Ombudsman Elmira Süleymanova, millət vəkilləri
Vahid Əhmədov və Yevda Abramov iştirak ediblər.
Ceyhun
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 4.