Gənc
bəstəkarların yaradıcılıq hesabatı
Azərbaycan
Bəstəkarlar İttifaqında gənc bəstəkarların
15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş
plenumu keçirilir.
İyunun 12-də plenumun
açılışı ilə əlaqədar təşkil
olunan mətbuat konfransında çıxış edən Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
qurumun prioritet fəaliyyət istiqamətlərindən birinin
gənclərin yaradıcılığı ilə
bağlı olduğunu dedi. Qeyd olundu ki, Bəstəkarlar
İttifaqı gənc bəstəkarlara daim qayğı
göstərir və onların fəaliyyətini əlaqələndirir.
Bu məqsədlə Əməkdar incəsənət xadimi Azər
Dadaşov və Cəlal Abbasovun rəhbərliyi ilə gənclərlə
iş bölməsi yaradılıb: “Burada gənc bəstəkarların,
hətta ittifaqın üzvü olmayan tələbə-bəstəkarların
da əsərlərinin dinlənilməsi həyata
keçirilir, müzakirələr aparılır”.
F.Əlizadə gənc bəstəkarların
2007-ci ildə keçirilmiş plenumundan sonra görülən
işlər barədə də məlumat verdi. Bildirdi ki, bu
dövr ərzində bir sıra böyük tədbirlər,
o cümlədən baxışlar, konsertlər, Bəstəkarlar
İttifaqının yaradılmasının 75-ci
ildönümünə həsr olunmuş Beynəlxalq Musiqi
Festivalı, II Beynəlxalq Muğam Festivalı və digər
tədbirlər keçirilib. Ötən beş ildə
ittifaqa üzv qəbul edilmiş bəstəkarlar
sırasında gənclər üstünlük təşkil
edir. Prezident İlham Əliyevin sərəncamı ilə 10 gənc
bəstəkar Prezident təqaüdü alır, İtaliya,
Almaniya və ABŞ-da təhsilini davam etdirir.
2011-ci ildə Bəstəkarlar
İttifaqının təqdimatı ilə iki gənc bəstəkar
- Səid Qəni və Firudin Allahverdiyev Davosda keçirilən
beynəlxalq festivala dəvət alıblar. Onların bu
festival üçün yazdıqları əsərlər bir
neçə dəfə İsveçrə musiqiçiləri
tərəfindən ifa olunub.
İttifaq sədri gənc bəstəkarların
fəaliyyəti ilə bağlı irad və tövsiyələrini
də bildirdi: “Gənclərə muğamla bağlı əsərlər
yazmalarını tövsiyə etmişik. Amma bu işdə
bir o qədər də maraqlı görünmürlər.
Onların marağını cəlb etmək üçün
yeniliklər axtarmağa davam edirik. Beş il ərzində
ölkə başçısının sərəncamı
ilə 50 bəstəkara Prezident təqaüdü
ayrılıb”.
F.Əlizadə
iştirakçıları plenumun proqramı ilə
tanış etdi. Bildirdi ki, iyunun 16-dək davam edəcək
plenum çərçivəsində “Col Tempo”
ansamblının, Qara Qarayev adına Azərbaycan Dövlət
Kamera Orkestrinin konserti olacaq. Konsertdə gənc Azərbaycan bəstəkarlarının
əsərləri səslənəcək.
Qeyd edək ki, dünən Bəstəkarlar
İttifaqında daha bir tədbir keçirildi.
İttifaqın Üzeyir Hacıbəyli adına konsert
salonunda Azərbaycan Televiziyasının Cahangir Cahangirov
adına Xorunun yeni diski təqdim edildi.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 4.