Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu

 

Kulturoloqların II Beynəlxalq Bakı Forumu

İyunun 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu mövzusunda kulturoloqların II Beynəlxalq Bakı Forumu işə başladı. Forumda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistan nümayəndələri iştirak edirlər.

Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev forumda müzakirə ediləcək məsələlər barədə məlumat verdi. Qeyd olundu ki, mədəniyyət siyasəti sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakının təmin edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlarla sıx əməkdaşlıq əlaqələrinin yaradılması, kulturologiya elminin populyarlaşması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi forumun müzakirə mövzularındandır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında tədbirin aktuallığını diqqətə çatdırdı: Artıq bu sahədə ikinci forumun keçirilməsi və onun daha geniş coğrafiyası sübut edir ki, mövzu özlüyündə olduqca vacibdir. O, təkcə bizim deyil, dünya miqyasında gedən mədəni proseslərlə bilavasitə məşğul olan insanların maraq dairəsindədir. Bizə bu düşüncələri gətirən əsas amil müasir dünyadır. Müasir dövr dəyişən mühit, dəyişən təfəkkür, daxili və mənəvi hüdudlardan kənara çıxan anlayışlarımız, texnoloji hücumların mövcudluğu, mədəniyyətin tamamilə başqa bir müstəviyə keçməsi üçün mövcud olan modellərdir. Bu gün biz ənənəvi mədəniyyət haqqında danışırıqsa, bu sırada ilk öncə zəngin tariximiz, adət-ənənələrimiz dayanır və onların vacibliyini heç kəs inkar edə bilməz. Eyni zamanda ortaya bəzi suallar çıxır: onları necə qoruyub saxlayaq, müasir qloballaşan dünyada buna nail ola biləcəyik, yoxsa yox? Bu barədə yalnız elmi toplantılarda, mədəniyyətşünaslıq institutu, bir nazirlik, parlament, dövlət səviyyəsində deyil, geniş beynəlxalq aləmdə danışmaq lazımdır.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyasına toxunan nazir bildirdi ki, son 10 ildə bütün bəşəriyyət qeyri-maddi mədəni irsin qorunması mövzusunu önə çəkib: Bu ondan xəbər verir ki, bütün dünya öz mədəni irsini qoruyub-saxlamağabuna nail olmağa çalışır. Mənə elə gəlir ki, bu ayrıca bir mövzudurkulturologiya elminin ayrıca bir istiqaməti olaraq heç vaxt öz aktuallığını itirmir.

Son illər mədəniyyət sahəsində genişlənən əlaqələrdən, qarşılıqlı mübadilədən də danışan nazir bu sahədə yaradılan beynəlxalq təşkilatların fəaliyyətinə də diqqət çəkdi: Biz dəyişən siyasi dünyada yaşayırıq. Cəmi 20 il bundan öncə burada iştirak edən ölkələrin çoxu yeni müstəqil yola qədəm qoymağa başladı. Biz nəyə nail olduq, başqa ölkələrin təcrübəsi bizə nə verdi, biz onlara nə verə bildik? 20 il öncə keçmiş SSRİ məkanında yaşayan xalqların hamısının mədəniyyəti qapalı bir cəmiyyətdə formalaşmışdı. Pərdənin o tərəfində nə var idi, bunu bilmək bizə qadağan idi. Bu gün biz müstəqil ölkə olaraq yeni beynəlxalq təşkilatların üzvüyük. Bu təşkilatların hər birinin məqsədi mədəniyyətlərin qarşılıqlı anlaşması, hörmət mühitinin formalaşdırılması və bunun nəticəsində mədəni mübadilənin təşkilidir. Əgər bu qədər mötəbər beynəlxalq qurum bu işlərlə məşğuldursa və bu gün həmin təşkilatların üzvləriyiksə, deməli, gedən qlobal proseslər də marağımızı artırmaya bilməz. Öz mədəniyyətimizi beynəlxalq aləmə düzgün təqdim etməyə nail olmalıyıq, digər tərəfdən də orda bizə mane olmayan yeni fikirləri, yeni istiqamətləri rasional şəkildə mədəniyyətimizə əlavə etməyə yollar axtarmalıyıq.

Əbülfəs Qarayev tədbirin əhəmiyyətindən də danışdı və bildirdi ki, forum ölkəmizin mədəni həyatında mühüm hadisədir. Qeyd olundu ki, Prezident İlham Əliyevin mədəniyyətimizə diqqət və qayğısının nəticəsi olaraq, son dövrlər respublikamızda mədəniyyət siyasətinin aktuallığı xeyli artırılıb. Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də mədəniyyətlərarası dialoq siyasəti aparır. Nazir Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği, inkişafı istiqamətində görülmüş işləri də yüksək qiymətləndirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov son dövrlər Bakıda keçirilən bütün tədbirlərin mədəniyyətlə başladığını və mədəniyyətlə qurtardığını bildirdi: Dünyanı mədəniyyətlər idarə etməyəcəksə, əks halda hərbçilər, terrorçular idarə edəcək. İnsanlar torpağa əkinçi kimi münasibət bəsləsələr, o da mədəniyyətdir. Millət vəkili bildirdi ki, forumun nəticələri parlamentin müzakirəsində olan Mədəniyyət haqqında yeni qanunda da öz əksini tapacaq.

Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov çıxışında qloballaşma dövründə elmin səviyyəsindən, nüfuzundan, ölkəmizdə bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan söz açdı, kulturologiyanın digər ictimai elmlərlə əlaqəsinin vacibliyini vurğuladı.

Forumda Rusiya Federasiyası Prezidenti yanında Kənd Təsərrüfatı və Dövlət Qulluğu üzrə Akademiyanın professoru Olqa Astafyeva, Gürcüstan Siyasi Tədqiqatlar İnstitutunun əməkdaşı Malxas Matsabiridze, Macarıstanın Eötvöş Lorand Universitetinin təmsilçisi Cudit Bartoli və başqaları çıxış edərək tədbirin böyük əhəmiyyət daşıdığını vurğuladılar. Qeyd edildi ki, Azərbaycan son illər humanitar sahədə mühüm tədbirlərə ev sahibliyi etməklə mədəni sivilizasiyaların qovuşduğu bir məkana çevrilib.

Tədbirdə mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətinə görə bir qrup forum iştirakçısına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomlar təqdim edildi. Alimlər milli mədəniyyətin təşviqinə, səfirliklər mədəniyyətlərarası dialoq sahəsində göstərdikləri səylərinə, ali məktəblər isə tədris prosesində milli mədəniyyətin tədrisinə böyük diqqət ayırdıqlarına görə təltif edildilər.

Tədbirin ikinci hissəsi Qazaxıstan Milli Pedaqoji Universitetinin nümayəndəsi Durenbek Kusainov, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Nataliya Lazareviç, Qırğız Milli Konservatoriyasının təmsilçisi Radiy Nurmametov və digərlərinin mədəniyyətlə bağlı məruzələri ilə davam etdirildi.

Kulturoloqların II Beynəlxalq Bakı Forumu bu gün (13 iyun) işini başa vuracaq.

 

M.Sultanova

 

Mədəniyyət.- 2012.- 13 iyun.- S. 3.