Lerikli rəssamın sərgisi

 

   Lerik Dövlət Rəsm Qalereyası rəssam Nəcəf Məmmədovun ilk fərdi sərgisini keçirib. Rayon tarix-diyarşünaslıq muzeyinin qarşısındakı parkda rəssamın 126 əsəri nümayiş etdirilib.

  

   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümünə həsr olunmuş sərgini Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov açaraq nümayiş olunan rəsmləri yüksək qiymətləndirib, rəssama yaradıcılıq uğurları arzulayıb.

   Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov sərginin təşkilindən söhbət açıb. Rəssamın həyat və yaradıcılığı haqqında danışaraq qeyd edib ki, Nəcəf Məmmədov boyakarlığın bütün janrlarında əsərlər yaradıb. Rəngkarlıqla yanaşı, heykəltəraşlıqla da məşğul olan sənətkar, eyni zamanda, gözəl şairdir: “Belə bir ziyalını hamı tanımalı, nümunə götürməli və hörmət etməlidir. O öz əməlləri və yaradıcılığı ilə xalqa, dövlətə və gələcəyimizə xidmət edir”.

   Lerik Rayon Peşə Liseyinin direktoru Hüseynbala Əliyev rəssamın xüsusi ustalıqla yaratdığı əsərlər, sənətkarın yaradıcılığında vətənpərvərlik ruhunun motivləri haqqında söhbət açıb.

   Sonda çıxış edən rəssam Nəcəf Məmmədov həyat və yaradıcılığını xalqına həsr etdiyini vurğulayıb. Sərginin təşkilinə görə Lerik Rayon İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Şöbəsinə, Rəsm Qalereyasına təşəkkürünü bildirib.

   Nəcəf Məmmədəli oğlu Məmmədov 1950-ci ildə Lerikdə anadan olub. Şamaxı Kənd Təsərrüfatı Texnikumunu, Gəncə Kənd Təsərrüfatı İnstitutunu, Moskva İncəsənət Universitetinin monumental incəsənət fakültəsini bitirib. Rəssamın emalatxanasında 300-dən çox əsər var. Rəsmlərinin əksəriyyəti vətənə, doğma yurd yerlərinə həsr olunub. “Savalan”, “Kömürgöy”, “Qızyurdu” və s. işləri buna sübutdur.

  

   Elşad Yaqublu,

   Lerik

 

  Mədəniyyət.- 2012.- 15 iyun.- S. 15.